Bakıda Sinqapurun "T'ang" simli kvartetinin konserti ilə Beynəlxalq musiqi festivalı başa çatmışdır

 

Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Sinqapurun "T'ang" simli kvartetinin konserti ilə "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalına yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, dahi Azərbaycan bəstəkarının 125 illik yubileyinə həsr olunmuş festivalın sonuncu konsertində L.Bethovenin, S.Barberin və F.Əlizadənin əsərləri səslənmişdir.

Dörd ifaçı ilə təmsil olunan "T'ang" kvarteti Sinqapurun ilk simli kvartetidir. 1992-ci ildə yaradılmış kvartet 1999-cu ildən geniş konsert fəaliyyətinə başlamışdır. İfaçıların soyadlarının əksi olan "T'ang" adı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkəsində uğurla çıxış edən kvartet bir sıra beynəlxalq müsabiqələr laureatıdır.

Festivalın sonuncu konsertinin proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 6.