Yeni filmlərdə nədən danışılır

 

Yüzillikdən uzaq bir məsafəni qət etmiş Azərbaycan kinosunun bu gün inkişaf etmiş dövlətlərin ekran və efirlərində geniş şəkildə işıqlandırılması, təbii ki, qürur doğurur. Çünki həmin ekran əsərlərində xalqımızın tarixindən, mədəniyyətinin zənginliyindən söhbət açılır.

Tarixi və şərəfli yol keçmiş Azərbaycan kinosunun bünövrəsi yazıçı İbrahim bəy Musabəyovun eyniadlı pyesi əsasında ekranlaşdırılmış, H.Ərəblinskinin, Məmməd Əlilinin, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun çəkildiyi ikiseriyalı 8 hissəli, səssiz "Neftmilyonlar səltənətində" filmi ilə qoyulub. Ondan sonrakı müddətdə 339 tam və qısametrajlı kinosüjet və 100-dən artıq cizgi, 150-dən çox xronikal-sənədli, elmi-kütləvi, sifarişli, televiziya, bədii və tədris filmləri istehsal edilib. Bu ekran əsərlərinin hər birində xalqımızın ictimai həyatının müəyyən anları yaşandığından, onlar milli-mənəvi sərvətlərimizdən biri kimi qorunub saxlanılır və gələcək nəsillərin ixtiyarına verilir.

Azərbaycan xalqının yaddaş salnaməsi sayılan, 112 illik bir zamanı əhatə edən milli kinomuz çoxsaylı uğurlar qazanıb. 1900-cu ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirilən filmlərdən biri də 1898-ci ildə Bakıda lentə alınan (xatırladaq ki, bununla da Azərbaycanda kino sənətinin əsasının qoyulduğu qəbul edilib) "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları idi...

Maraqlıdır, görəsən, film istehsalı sahəsindəki yeniliklər nədən ibarətdir? Dünyanı dolaşan kinofilmlərimizin sıraları daha hansı yeni ekran əsərləri ilə zənginləşdirilir?

Qafqaz Ordusunun Azərbaycana gəlişi və buradakı uğurlu missiyasına - Bakını erməni-daşnak qüvvələrindən azad etməsinə həsr olunmuş bədii-sənədli film geniş tamaşaçı auditoriyasına çıxmağa hazırdır. "Oskar"ın istehsalı olan, TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, "Xəzər" TV-nin və Cənub Regional Televiziyasının texnikiinformasiya dəstəyi ilə hazırlanan, 1918-ci il may ayının 25-dən sentyabrın 15-dək olan dövrü əhatə edən "Qəzan mübarək, paşam" filmində Türkiyə Hərbi Qüvvələrinin Əsgəri Arxivinin, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyinin, Azərbaycan Milli Arxiv Fondunun, Britaniya Xarici İşlər Nazirliyinin internet saytının materiallarından götürülmüş faktlar ilk dəfə nümayiş etdiriləcək.

Film respublikamızın Şamaxı, Kürdəmir, Lənkəran, Gəncə və Qazax bölgələrində lentə alınıb. Filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutundakı ən gərgin döyüşlər, onların xəritələri, hərbi məlumatlar yer alır. Bakının xilaskarı kimi yaddaşlara yazılan Nuru Paşanın və general Əliağa Şıxlınskinin bədii obrazlarını kinosevərlərə çatdıran filmdə döyüş yolunun fraqmentləri ilə yanaşı, Qazax və Gəncədə ordunun qarşılanma mərasimləri də epizodlarla lentə alınıb.

Ssenari müəllifləri Ramin Vəkilov və İlham Rüstəmov, rejissorları Yaşar Əhmədovla Sain Qəhrəmanoğlu olan filmin təqdimat mərasiminin sentyabr ayına nəzərdə tutulması heç də təsadüfi deyil. Məhz həmin tarixi gün Bakı daşnak-bolşevik qüvvələrindən azad olunub.

Bu ilin əvvəllərindən istehsalına başlananson tamamlama işləri gedən ekran əsərlərinin də tələbkar tamaşaçıların zövqünü oxşayacağına şübhə etməyən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya söbəsinin müdir müavini Müşfiq Hətəmovun mətbuata veridyi məlumatda göstərilir ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan və artıq tamaşaçıların ixtiyarına verilən "Tərsinə çevrilmiş dünya" (rejissoru Ənvər Əbluc), "Qisas almadan ölmə" (rejissoru Oqtay Mirqasımov) və "Qardaşdan yaxşısı yox imiş" filmlərinin uzunömürlü olacağına şübhə yoxdur. Bu qəbildən olan və "Salnamə" kinostudiyasında ekranlaşdırılan "Onun ürəyi", "Mən evimə qayıdıram" kinofilmlərinin də tamaşaçıların zövqünü oxşayacaq ekran əsərləri sırasına daxil olacağı bildirilir.

Əlbəttə, ekran ömrü yaşayacaq əsərlərin sırası yuxarıdakılarla məhdudlaşmır. Bir məşhur fotoqrafın öz mistik uşaqlıq dövrünə səyahətindən bəhs edən, Gürcüstan kinematoqrafçıları ilə müştərək hazırlanan "Sahə" bədii tammetrajlı film kimi ekran əsərlərinin də sayı az deyil. Sankt-Peterburqun "Lennauçfilm"lə "Salnamə"nin birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmində İkinci Dünya müharibəsinin qəhrəmanlarından biri kimi tanıdığımız Hüseynbala Əliyevin ömürdöyüş yolundan danışılır.

Ötən əsrin 80-ci illərində Bakıda peyda olan "canlı kuklalar"dan bəhs edən "Kuklalar" və "Ölüm növbəsi" filmləri də tezliklə geniş ekran ömrünü yaşamağa başlayacaqlar.

Üzərində son tamamlama işləri aparılan, bir vəkilin başına gələnlərdən danışılan "Vəkil hekayətləri"nin rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Səidə Vəliyeva ilə Ramiz Fətəliyev, bəstəkarı isə Rəşad Həşimovdur.

Tamaşaçı zövqünü oxşayacaq filmlərdən biri də çəkilişləri respublikamızın dilbər guşələrindən olan Qubanın Xınalıq, Qalaxudat kəndlərində və Yardımlı rayonunda aparılan (Qafqaz dağlarında heyvan saxlayan çoban ailəsindən bəhs edən) "İlahi heyvan"dır. Yavər Rzayevin müəllifliyi və rejissorluğu ilə ekran həyatı yaşayacaq bu filmlə yanaşı, "Buta" və "Bəşəriyyətin xilası"nda da tamaşaçıların marağına səbəb müxtəlif epizodlar var. "Buta"nın mövzusu kənd həyatından götürülüb.

Ümumiyyətlə, bədii salnamə tarixində yeniliklərin bir-birini əvəzləməsi mədəniyyətimizin çiçəklənməsi, sərhədləri aşan incəsənətimizin təbliğində uğurların artması, ölkəmizin nailiyyətlərinin genişlənməsidir.

 

 

Məhəmməd NƏRİMANQĞLU

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 8.