İqtisadi inkişaf tempinə görə dünyanın lider dövləti

 

Böyük Britaniyanın nüfuzlu "Ekonomist" jurnalı böhranla müşayiət olunan 2009-cu ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövləti kimi xarakterizə edir

 

2009-cu il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olunsa da, respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempinin qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə rəğmən, Azərbaycanda ümumi daxili məhsulun 9 faizlik artımı, həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir. Qlobal böhran ötən illərdən başlanmış dinamik inkişaf tempinin sürətini bir qədər azalda bildi, bu da təbiidir: dünyaya açıq ölkə olan, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycan qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərindən tamamilə yayına bilməzdi. Əsas nəticə odur ki, qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunubbunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər.

Uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirmədi, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da yaxşı imkanlar yaratdı.

Dünya miqyasında böhranla mübarizə məqsədilə həyata keçirilən tədbirlərin təhlili göstərir ki, xaricidaxili borcu az olan, eyni zamanda yüksək maliyyə-valyuta ehtiyatlarına malik ölkələr böhrana daha hazırlıqlı və dayanıqlıdırlar. Bu baxımdan hələ ilin əvvəllərində həm Beynəlxalq Valyuta Fondu, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart&Poors" öz hesabatlarında Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olduğunu və dayanıqlılığını, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyini bildirmişdilər.

Ötən illərdən əsası qoyulmuş dinamik iqtisadi inkişaf tempinin 2009-cu ildə də qorunub saxlanıldığını demək üçün kifayət qədər əsaslar var. Bu müsbət dinamika ümumən əldə olunan makroiqtisadi göstəricilərdən qaynaqlanır. Ötən dövrün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb. Məlumat üçün bildirək ki, MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 8 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşaiyət olunub. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olub, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötüb. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə dövlət büdcəsinin 10 milyardı manatı ötməsinin özü də yüksək göstəricidir.

Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 5 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artırsın. Azərbaycan isə bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını uğurla icra edib. Həyata keçirilən sosial infrastruktur layihələri sayəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni yerlərinin açılması naminə sistemli addımlar atılıb.

Regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər sayəsində paxtaxtla bölgələrin inkişafı arasında fərq azalıb, rayonların siması dəyişib. İnsanların sosial rifah halı yüksəlib, mədəni-intellektual və mənəvi intibahın əsası qoyulub. Nəticədə 2003-2008-ci illərdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manat olub, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artıb. ÜDM-nin adambaşına düşən nominal həcmi 5 dəfə, ölkə üzrə qeyri-neft sektoru 1,8 dəfə artıb.

2008-2009-cu illəri əhatə edən qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına digər dövlətlərlə müqayisədə ciddi təsir göstərmədiyini bank sektorunun normal və ahəngdar fəaliyyəti bir daha təsdiqləyir. Həyata keçirilən tədbirlər nəticəsində cari il respublika bankları likvidlik problemi ilə bağlı istehlakbiznes kreditlərinin verilməsi prosesini dayandırmayıb, perspektivli biznes layihələri maliyyələşdirilib, hətta ipoteka kreditləşməsi yenidən bərpa olunub. 2009-cu ildə əhalinin banklardakı əmanətlərinin 11 faiz çoxalması da bank sisteminə inamın artmasını, habelə əmanət bazasının, xüsusilə xırda əmanətçilərin depozitlərinin dayanıqlı olduğunu göstərir. Qlobal likvidlik böhranına baxmayaraq, həyata keçirilmiş preventiv tədbirlər sayəsində bank sistemində maliyyə sabitliyi qorunub, banklar yüksək maliyyə dayanıqlığı nümayiş etdirib. Azərbaycan manatı məzənnəsini qoruyub saxlayıb, hökumət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devolvasiyasına imkan verməyib.

Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən birimilli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycan üçün səciyyəvi olan bu mütərəqqi inkişaf modelinin uğurları ölkə hüdudlarından kənarda diqqətlə izlənilir, maraqla qarşılanır. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu (Davos forumu), Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi və digər qurumlar ilin yekunlarını Azərbaycan üçün kifayət qədər uğurlu sayırlar. Eyni zamanda bu il üçün verilən proqnozlarda respublikamız üçün 7-8 faizlik iqtisadi artım proqnozlaşdırılır.

Bu günlərdə Böyük Britaniyanın nüfuzlu "Ekonomist" jurnalında dərc olunmuş hesabatda Azərbaycanın iqtisadi artım üzrə liderliyi bir daha vurğulanıb. Hesabatda göstərilir ki, bəzi inkişaf etmiş ölkələrin qlobal maliyyə böhranından əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan bu il dünyada iqtisadi artım üzrə lider olub. Jurnalın tədqiqatlar şöbəsi respublikamızda ÜDM-in gələn ilin yekunlarına görə də yüksək olacağını proqnozlaşdırıb.

Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da qlobal böhran şəraitində respublikamızın qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyən dövlətlər sırasında olduğunu təsdiqləyir. Maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, Azərbaycanda artım meyillərinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır. Respublikamızın iqtisadisosial inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan yeni büdcə layihəsində dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər də nəzərə alınıb.

2010-cu ilin dövlət büdcəsinin təhlili göstərir ki, Azərbaycan bu il də qarşıya qoyduğu bütün strateji planları, vəzifə və məqsədləri uğurla gerçəkləşdirəcək. Ən əsası, qlobal böhranın mənfi təsirlərindən uğurla sığortalanan respublikamız inkişaf və tərəqqiyə hesablanan proqramların gerçəkləşdirilməsinə daha çox diqqət ayırmaq imkanında olacaq.

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 5.