Böyük azərbaycançı ədib

 

Məlum olduğu kimi, görkəmli yazıçı, böyük demokrat ədib Cəlil Məmmədquluzadə Azərbaycanın milli istiqlalına şərəflə xidmət etmiş qüdrətli sənətkardır. Onun adı dünya ədəbiyyatının klassikləri sırasında da iftixarla çəkilir. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun nəzərində Cəlil Məmmədquluzadə onun "nuri-çeşmi, ümidi, yavəri və köməyi" idi.

Müasirlərinə görə isə, o, əsərləri yoldaşları arasında "danışığa" səbəb olmuş istedadlı cavan yazıçı, "möhtərəm Molla Nəsrəddin" baba kimi qəbul olunurdu. Adlı-sanlı publisist və böyük ictimai xadim Məhəmməd ağa Şahtaxtlı 1904-cü ildə "Şərqi-Rus" qəzetində Cəlil Məmmədquluzadədən bəhs edərək yazmışdı: "Qələm şərikimiz Mirzə Cəlil ağanın ədəbi məharətini axır nömrələrimizdə basdığımız əsərləri, əz cümlə "Poçt qutusu" hamı oxuyanlarımızı sabit etmişdir. Rusi olsun, müsəlman olsun, məmləkətimizin maarifməndanının ən mümtazlarındandır. Hekayə və roman təsnifində ki ədəbiyyatın bu şöbəsinə belletristika deyirlər, əhli-qələm içində məşhurdur.

 

Dövrünün fərqli düşüncəsini təmsil edən ziyalılar da Cəlil Məmmədquluzadənin ədəbi məharətini yüksək qiymətləndirmişlər. Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin 1910-cu ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalı redaksiyasındakı görüş zamanı dediyi "yaxşı yazırsınız, ...açıq yazmağı da bacarmaq lazımdır" - sözləri ciddi bir etirafın ifadəsi idi. Yaxud Əhməd bəy Ağayevin Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalını nəzərdə tutaraq yazdığı aşağıdakı mülahizələr böyük ədibin fəaliyyətinin cəmiyyətin bütün qütblərində aydın şəkildə dərk olunduğunu göstərirdi: "Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edərlər".

Sovet dövründə Cəlil Məmmədquluzadədən yanlış olaraq bolşevik hərəkatına və proletar düşüncəsinə yaxın olan yazıçı, böyük ateist və beynəlmiləlçi kimi bəhs olunurdu. O dövrdə Cəlil Məmmədquluzadənin zəhmətkeş xalqa, sadə, sıravi adamların taleyinə və fanatizmin tənqidinə həsr edilmiş əsərləri elmi-ictimai fikirdə fəhlə-kəndlidən söz açan, yaxud din əleyhinə yazılmış ədəbi nümunələr kimi dəyərləndirilirdi. Bir sözlə, sovet dövləti Cəlil Məmmədquluzadə irsini öz məqsədlərinə yönəltməklə özünün təbliğatını təmin etmək yolunu tutmuşdu. Təhriflərdən yoğrulmuş bu işin yeganə faydası onda idi ki, Mirzə Cəlilin əsərləri çap olunub yayılırdı.

Müstəqillik dövründə Cəlil Məmmədquluzadəyə münasibəti iki istiqamətə ayırmaq olar: birinci qütbü təmsil edən azsaylı təftişçilər Cəlil Məmmədquluzadəni bir sənətkar kimi inkarçılıq yolu tutaraq onun Azərbaycan xalqını Novruzəli tipində göstərməklə millətimizi təhqir etdiyini, hətta bir az da ifrata vararaq Çar Rusiyasına xidmət göstərdiyini bəyan edirlər. İkinci əsas qisim isə haqlı olaraq Cəlil Məmmədquluzadədən Azərbaycanın milli istiqlalına şərəflə xidmət edən qüdrətli yazıçı və böyük ictimai xadim kimi bəhs edir. Həqiqətən də Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının görkəmli klassiki və Azərbaycan milli istiqlalının Məcnunu və mücahidi olan qüdrətli sənətkardır. Böyük ədibin əsərləri və idealları XX əsr boyu Azərbaycan xalqının milli istiqlala hazırlanmasında, müstəqil dövlətçilik şüurunun dərinləşməsində və möhkəmləndirilməsində əvəzsiz rol oynamışdır. Bu mənada, Cəlil Məmmədquluzadənin Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərinə ən böyük qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. Ölkəmizdə müstəqillik dövründə, 1994-cü ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyini keçirən böyük öndər yubiley mərasimindəki tarixi nitqində demişdir: "Cəlil Məmmədquluzadə tariximizə böyük demokrat kimi daxil olmuşdur. O öz yaradıcılığı ilə Azərbaycanın müstəqilliyi üçün çalışırdı. O, xalqımızı oyatmağa çalışaraq, milli şüuru formalaşdıraraq, milli oyanışı gücləndirərək xalqı milli azadlığı uğrunda mübarizəyə dəvət edirdi. O, xalqımızın müstəqil olması üçün yol açırdı, bu yolda isə yalnız və yalnız demokratik prinsipləri əsas götürürdü. Təsadüfi deyildir ki, onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə bir səsləşir".

Bu həqiqəti təsdiq edən Cəlil Məmmədquluzadənin "Cümhuriyyət" məqaləsi milli-demokratik dövlət quruculuğunun nizamnaməsidir. Bu məqalə Mirzə Cəlilin cəmiyyətşünaslıq baxışlarının yekunu və zirvəsidir, "cümhuriyyətin vacib əsasları"ndan yoğrulmuş proqramıdır: "Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni millət vəkilləridir. Məmləkətin rəisinə prezident deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir.

Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərti var... Bu şərtlərdən əvvəlincisi ümumilikdir. Yəni, məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir... Şərtlərin ikincisi seçkinin müsavi olmasıdır, yəni, səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Üçüncü şərt seçkinin düzbədüzlüyüdür... Dördüncü şərt seçkinin gizli qalmasıdır".

Bütün bunlara görə Cəlil Məmmədquluzadənin 140 illiyinin keçirilməsi haqqında təşəbbüsün göstərilməsi həm klassik irsə, konkret olaraq Mirzə Cəlilin yaradıcılığına münasibətdə böyük öndər Heydər Əliyev yolunun uğurla davam etdirilməsinə, həm də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə, milli şüurun dərinləşdirilməsinə xidmətin ifadəsidir. Möhtərəm Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 140 illiyinin qeyd olunması haqqındakı 6 fevral 2009-cu il tarixli sərəncamı Mirzə Cəlil irsinə münasibətdəki böyük yolun uğurlu və parlaq davamı kimi mühüm əhəmiyyət kəsb edir. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun bu tarixi sərəncamın işığında təsdiq etdiyi 11 fevral 2009-cu il tarixli tədbirlər planı ilə Naxçıvan Muxtar Respublikası ölməz sənətkar Cəlil Məmmədquluzadənin 140 illik yubiley tədbirlərinin əsas mərkəzinə çevrilmişdir. Ötən müddət ərzində Naxçıvanda keçirilən simpoziumlar, Naxçıvan Dövlət Universitetinin tələbə teatr studiyasının hazırladığı "Ölülər" tamaşasının yeni səhnə həlli, ədibin Naxçıvan şəhərindəki və Nehrəm kəndindəki muzeylərinin yenidən qurulması, kütləvi informasiya vasitələrində aparılan geniş təbliğat işi Cəlil Məmmədquluzadənin timsalında azərbaycançılığa xidmətin böyük nümunəsidir.

Xüsusən yubiley münasibətilə çap olunan çox dəyərli kitablar - Cəlil Məmmədquluzadənin 2 cildliyi, professor Əziz Şərifin "Molla Nəsrəddin" necə yarandı" monoqrafiyası, fədakar salnaməçi Qulam Məmmədlinin "Molla Nəsrəddin" salnaməsi, ilk dəfə oxuculara təqdim edilən Məmməd Cəfər Cəfərovun "İnsanlar və talelər" kinodramı, böyük ədib haqqında Azərbaycan, ingilis, rus, fransız dillərində təqdim edilən tanıtma kitabı müstəqillik dövrü Azərbaycan mollanəsrəddinşünaslığına qiymətli və əvəzsiz töhfələrdir.

 

* * *

 

Cəlil Məmmədquluzadə mənalı, şərəfli və keşməkeşli ömür yolu keçmişdir. 1869-cu ildə Naxçıvan şəhərində dünyaya gələn Cəlil Məmmədquluzadə burada mədrəsə və ibtidai məktəb təhsili almış, məktəbli ikən ərəb, fars və rus dillərini öyrənmiş, Şərq tarixi və ədəbiyyatına, rus dili və rus ədəbiyyatına bələd olmuşdur. Qori Müəllimlər Seminariyasında aldığı təhsil onu təkcə pedaqoji fəaliyyətə deyil, həm də gələcək həyata hazırlamışdır.

İrəvan Quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen və Nehrəm kənd məktəblərindəki müəllimlik fəaliyyəti, bu məktəblərdə həyata keçirdiyi tədbirlər xalqımızın milli-mənəvi inkişafına əvəzsiz xidmət nümunəsidir. Xüsusən Cəlil Məmmədquluzadənin 1889-cu ildə Baş Noraşen məktəbində hazırladığı tamaşa, 1893-cü ildə Nehrəm məktəbində qızları təhsilə cəlb etməsi və 22 noyabr 1893-cü ildə Naxçıvanda keçirilmiş Müəllimlər qurultayındakı çıxışları, 1898-ci ildə Azərbaycanda ilk tarix-diyarşünaslıq muzeyi təşkil etməsi, Tiflisdən Nehrəmə birinci dəfə dəmir kotan gətirtməsi müasiri Kərim bəy İsmayılovun vaxtilə yazdığı kimi, həqiqətən də "qaranlıq kütlə içərisində sağlam ideyaların həyata keçirilməsinin müvəffəqiyyətli addımları idi".

Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində polismeysterin köməkçisi, İrəvan Dairə Məhkəməsində tərcüməçi kimi çalışması, vəkillik imtahanlarına hazırlaşması onun ölkənin və xalqın həyatına və taleyinə dərindən bələd olmasına şərait yaratmışdır.

Məhəmməd ağa Şahtaxtlının redaktorluğu ilə nəşr edilən "Şərqi-Rus" qəzetindəki fəaliyyəti Mirzə Cəlil üçün mətbuat dünyasına çıxışın baş məşqi funksiyasını yerinə yetirmişdir.

Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə, Təbrizdə və Bakıda nəşr edilən məşhur "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli istiqlal kitabıdır. Böyük ədib "Molla Nəsrəddin" ədəbi məktəbinin banisidir. "Molla Nəsrəddin" jurnalı mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildlik külliyyatıdır.

Mirzə Cəlil Məmmədquluzadənin Yeni Əlifba Komitəsinin üzvü kimi ictimai həyatda və "Yeni yol" qəzetindəki səmərəli fəaliyyəti ölkəmizdə latın əlifbaçılığının möhkəm bünövrəsini təşkil edir.

Ədibin əsərlərinin XX əsrin əvvəllərində ardıcıl olaraq tamaşaya qoyulması hələ öz sağlığında Mirzə Cəlil teatrının formalaşması ilə nəticələnmişdir.

Cəlil Məmmədquluzadə yeganə yazıçı idi ki, Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmişdi.

Bununla belə, həyatının son illəri ağır keçmiş, böyük ədib müxtəlif təqiblərə və təzyiqlərə məruz qalmışdır. Görkəmli yazıçı Mübariz Allahsızlar Cəmiyyətinin orqanına çevrilməsinə etiraz əlaməti olaraq "Molla Nəsrəddin" jurnalının baş redaktorluğundan imtina etmişdir. Ömrünün sonlarında əlyazmalarını sobaya atıb yandırması mövcud cəmiyyətə etirazın ifadəsi idi.

4 yanvar 1932-ci ildə dünyasını dəyişən ədibin adı ölkəmizdə əbədiləşdirilmişdir.

 

* * *

 

Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri vardır. O, Azərbaycanda kiçik hekayənin böyük ustadı kimi şöhrət qazanmışdır. Yazıçının "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət" "Qurbanəli bəy", "Nigarançılıq", "Zırrama", "Yan tütəyi" və sair kimi hekayələri Azərbaycan hekayəçiliyinin şah əsərləridir. "Danabaş kəndinin əhvalatları" povesti milli realist nəsrin klassik nümunəsidir.

Məhz Mirzə Cəlilin yaradıcılığı sayəsində Novruzəli, Məhəmmədhəsən əmi, Zeynəb, Usta Zeynal, Kərbəlayı Qasım kimi kiçik adamlar böyük ədəbiyyatın qəhrəmanlarına çevrilmişlər. O, cəmiyyətin mütləq əksəriyyətini təşkil edən aşağıların, kiçik adamın ideoloqu idi. "Kiçik adam" isə haqları tapdanmış, əsarətdə yaşamağa məcbur edilmiş xalq demək idi. Tarix Cəlil Məmmədquluzadənin apardığı mübarizədə haqlı olduğunu təsdiq etdi.

Cəlil Məmmədquluzadənin dram yaradıcılığı Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil edir. Mirzə Fətəli Axundovun məşhur komediyaları xarakterinə görə drama yaxın idi. Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan tragikomediyasının banisidir. "Ölülər" Azərbaycan tragikomediyasının zirvəsidir. Bu dahiyanə əsər, böyük Üzeyir Hacıbəyovun sözləri ilə desək, "Molla Nəsrəddin" kimi baltanı dibindən vuran əsərdir. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi Heydər Əliyev "Ölülər" tragikomediyasını nəzərdə tutaraq deyirdi: "Dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir... "Ölülər" əsəri ölməz əsərdir".

Azərbaycanda satirik publisistikanı da Cəlil Məmmədquluzadə yaratmışdır. Felyeton, lüğət, poçt qutusu, teleqraf və sair kimi janrlar da satirik publisistikaya C.Məmmədquluzadə tərəfindən gətirilmişdir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edən tənqidi realizmin də əsasını qoymuşdur. Realizmin bu mərhələsi Mirzə Cəlil, yaxud Molla Nəsrəddin realizmi də adlandırıla bilər.

Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunmuşdur. Yaşadığı dövrdə, XX əsrin əvvəllərindəki ədəbi-ictimai mühitdə turançılığın, islamçılığın və Rusiyameyilliyin çox aktual olduğu şəraitdə o, bu istiqamətlərdən heç birini qəbul etməmişdi. İctimai düşüncə və mübarizə forması kimi azərbaycançılıq Cəlil Məmmədquluzadənin seçimi və kəşfi idi. O, ədəbiyyatda azərbaycançılıq ideyasının dahi yaradıcısıdır. Mirzə Cəlil həyatını böyük risk və təhlükə qarşısında qoymaqdan çəkinməyərək 1909-cu ildə "Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır" demişdi. Ədibin əsərləri canlı xalq dilinin Azərbaycan danışıq dilinin təbii hadisəsidir. "Anamın kitabı" dramı azərbaycançılığın ədəbi manifestidir. "Azərbaycan" məqaləsində Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini böyük məharətlə qələmi ilə cızmışdır. Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün vətən, millət və ana dilindən başqa özgə nicat yolu olmadığını var gücü ilə car çəkmişdir. Vətən, millət və dil məsələləri Cəlil Məmmədquluzadə yaradıcılığının əsas sütunlarıdır.

Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli istiqlalı yolunda böyük şərəflə xidmət göstərmişdir. Böyük ədib bədii yaradıcılığa avamdan, cəhalətdən giley etməklə başlamışdı. "Danabaş kəndinin əhvalatları"nda Qəzetçi Xəlilin dilindən deyilən aşağıdakı sözlər cavan yazıçının məramını başa düşməyə imkan verir: "Dünyada hədsiz şəxslər avamdan gileyli qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə". Cəlil Məmmədquluzadənin yaradıcılığında tədricən avamdan gileyli qalmaqdan ictimai tənqidə, satiraya keçid baş vermişdir. Bu həm də onun maarifçi realizmdən tənqidi realizmə keçidi demək idi. 1903-cü ildə yazdığı məşhur "Poçt qutusu" hekayəsində artıq münaqişə, indiyədək yazdığı kimi, Vəli xanla Novruzəli müstəvisində yox, "qulluq adamı" olan rus poçt məmuru ilə azərbaycanlı Novruzəli arasında cərəyan edir. İctimai quruluşun şərtləndirdiyi tipik Azərbaycan kəndlisi olan Novruzəli "qulluqçunu bihörmət etmək" üstündə cəzaya məhkum edilir. Sədaqətli, mənəvi cəhətdən saf, halal, zəhmətkeş Novruzəlinin "günahını boynuna almaması" divanxanadan poçtxanaya qədər keçilən yolun ən mühüm nəticəsidir. Bu kiçik detal ölkədə milli-mənəvi özünüdərkin, milli oyanışın başlanmasından xəbər verir. Bu mənada "Poçt qutusu" hekayəsi milli oyanışın Azərbaycan ədəbiyyatındakı ilk paroludur. Yazıçının əsərlərində tədricən istiqlal düşüncəsi dərinləşir. 1906-cı ildə yazdığı "İranda hürriyyət" hekayəsi ilə ədəbiyyatda hürriyyət mövzusunda söhbətlər başlanır. Kiçik bir hekayədə Cəlil Məmmədquluzadə XX əsrin başlanğıc illərində vilayətin şuluq vaxtında hürriyyət düşüncəsinin əks-sədasını bütün təbiiliyi ilə canlandırmışdır. Cəlbedici hadisələrin fonunda ədib artıq "hürriyyət alış-verişi" etməyin zamanının çatdığından söz açmışdır. Yazıçının gəldiyi qənaət bundan ibarət idi ki, hər kəs "hürriyyət payını öz vətənində almalıdır". Yəni, azadlıq ixrac yolu ilə hazır şəkildə gələ bilməz. Artıq 1911-ci ildə qələmə aldığı "Nigarançılıq" hekayəsində Cəlil Məmmədquluzadə millətin ziyalılarının "politika və milli söhbətlər" üstündə köklənməsinin vacibliyini xüsusi olaraq vurğulamışdır. Cəlil Məmmədquluzadənin əsərlərində nəzərə çarpdırılan "rus böyüyü", "ruhani boyunduruğu" kimi ifadələr milli istiqlal mübarizəsinin konturlarının müəyyən olunmasına xidmət edirdi. Fikrimizcə, "Anamın kitabı" dramı ilə Cəlil Məmmədquluzadənin milli istiqlal idealı kamala çatır. "Anamın kitabı" əsəri Azərbaycan milli istiqlalının dramatik uvertürasıdır. Əsərdə senzorun fərqli məsləklərə xidmət edən üç qardaşa irəli sürdüyü ittihamnamə əslində Cəlil Məmmədquluzadənin arzularının ifadəsi idi: "Hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-Vətən və Ədəmi-mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını ...bir-birinə ilhaq edib müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Və salisən, bu fikirdən də uzaq deyilsiniz ki, musavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar".

Cəlil Məmmədquluzadə bu fikirdə idi ki, "yer, göy, aylar və ulduzlar... gündən qopub ayrılmış parçalar" olduğu kimi, ölkədəki müxtəlif yönlü siyasi düşüncələr də vahid Ananın - Azərbaycanın ətrafında birləşməlidir. Bu mənada əgər Kefli İskəndərin monoloqu milli-mənəvi özünüdərkin ittihamnaməsidirsə, Gülbaharın monoloqu milli siyasi birliyin təsdiqnaməsidir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq".

Sovet hökumətinin qurulması ərəfəsində Cəlil Məmmədquluzadənin siyasi baxışları bunlardan ibarət idi. Təkcə ölkədə yaranan qarışıqlığa görə deyil, arzu etdiklərini bolşeviklərin məramnaməsində tapa bilmədiyi üçün Cəlil Məmmədquluzadə vətəni tərk etməyə məcbur olmuşdu. Böyük vətənpərvər ədibin siyasi qənaətləri Arazın o tayında Azadistan dövləti qurmuş Şeyx Məhəmməd Xiyabaninin istiqlal mübarizəsi ilə üst-üstə düşürdü. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının Səttarxanıdır. Bununla belə, Xiyabani hərəkatının faciəli süqutu və başlanğıc mərhələdə bolşeviklərin zəhmətkeş xalq haqqındakı işartılı vədləri yazıçını yenidən vətənə dönüb Sovet Azərbaycanında xidmət etməyə ruhlandırmışdı. Cəlil Məmmədquluzadə "O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzacına hər babətdən müvafiqdir, onun adı Şuradır" deyərək özünü fəhlə-kəndli hökuməti elan edən Şura Azərbaycanına xidmətə həsr edəcəyini bəyan etmişdi. Çünki kiçik adamın böyük müdafiəçisi olan Cəlil Məmmədquluzadə fəhlə-kəndli hökuməti vasitəsilə zəhmətkeş xalqın, sadə, sıravi insanların azadlıq əldə edəcəyinə ümid bəsləyirdi. Lakin ümid və inam dövrü o qədər də çox çəkmədi. Az sonra Cəlil Məmmədquluzadə sovet gerçəkliyinin daxili çürüklüyünü hiss etdiyi üçün həyatını sosialist idealına deyil, millətə və vətənə xidmətə həsr etmişdir. Yazıçının sovet dövrü əsərlərində yeni cəmiyyətin yaratdığı çaşqınlıq və xaos, siyasi-mənəvi puçluq, hərc-mərclik öz əksini tapmışdır. Artıq Cəlil Məmmədquluzadə keçən əsrin iyirminci illərinin ikinci yarısından başlayaraq mövcud cəmiyyətdəki proseslərlə barışmaz mövqedə dayandığını büruzə verirdi. Zahirən gənc sovet dövlətinin müdafiəsinə həsr olunmuş kimi görünən "Bəlkə də qaytardılar" adlı hekayəsində Mirzə Cəlil özünəməxsus üsullarla "Moskvanın özündə çox böyük və pünhan daxili qarışıqlıqların olduğunu", Azneftin müdiri Serebrovskinin Bakı neft mədənlərini xarici ölkələrin milyonçularına satmasını ictimaiyyətin diqqət mərkəzinə çəkirdi. Hekayədə, həmçinin, keçmiş Bakı milyonçularına münasibət də tənqid olunmuşdu: "İnsaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr. Ya Musa Nağıyevin iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən ki, ... o biçarə ...camaat içində xəcalət çəkməsin".

"Danabaş kəndinin müəllimi" pyesində müstəmləkə şəraitində yaşayan xalqın milli maarifinin olması imkansızlığı konkret hadisələrin timsalında əks etdirilmişdir. "Taxıl həkimi", "Hamballar", "Oğru inək" hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri nəzərə çarpdırılmışdır. "Dəli yığıncağı" isə birbaşa sovet cəmiyyətinin obrazı idi. Əsərdə həm də ölkənin xalqının dilini bilməyən, özgə millətlərin nümayəndələri tərəfindən idarə edilməsinə etiraz notları vardır. "Ər" pyesində isə Mirzə Cəlilə xas olan bədii vasitələrlə azad cəmiyyətdə xalqın öz içindən çıxmış ər, başçı, rəhbər seçmək hüququnun zəruriliyi diqqət mərkəzinə çəkilmişdir: "Azad bir əsrdə, azad millət arasında hər bir şəxsin, zənn edirəm, ixtiyarı gərək olsun ki, özü üçün evlənməyə qərar verdiyi surətdə öz xoşladığı qadını evlənməyə dəvət etsin. Baş doktor kimi azad və mədəni bir vücud zəmani ki evlənmək istədi, ta qədim kişilər kimi bəyəndiyi qızın yanına xala nisbəti, ya bibisini elçi göndərməyəcək".

Beləliklə, ailə müstəvisində təqdim edilən hadisələr və ideyalar vasitəsilə cəmiyyətə aid siyasi məsələlər gündəmə gətirilmişdir. Asanlıqla görmək mümkündür ki, əsərin cövhərini təşkil edən "ər axtarışı" motivi əslində ailə başçısından çox dövlət başçısı mənasını ifadə edir. Cəlil Məmmədquluzadə "Ər" pyesində deyildiyi kimi, "bu sözdən qan qoxusu" gəldiyini yaxşı bildiyi üçün hadisələri ailə-məişət mühitində baş verən "vəlvələ" şəklində təqdim etmişdir. 1929-1930-cu illərdə yazılmasına baxmayaraq, ədibin sağlığında çap olunmaması da əsərdə ciddi ictimai-siyasi mətləblərin ifadə olunması ilə əlaqədar idi.

Cəlil Məmmədquluzadənin milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşmişdir. Böyük demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir və xalqımızın gələcək inkişaf yoluna işıq salır.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət

Universitetinin rektoru, Milli

Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 6.