Xalqın güvənc yeri

 

"Azərbaycan Ordusu çox sürətlə inkişaf edir. Azərbaycanda ordu quruculuğu çox sürətlə gedir. Biz həm hərbi potensialımızı gücləndiririk, həm də orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə, ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir".

 

İlham ƏLİYEV

 

Tarixə çevrilən 2009-cu ildə Azərbaycan Ordusunun qüdrətlənməsi istiqamətində mühüm tədbirlər görüldü. Əvvəllər olduğu kimi, yenə də Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üstünlük təşkil etdi. Hərbi xərclərin daha da çoxalması ordumuzun döyüş qabiliyyətinin artırılması və modernləşməsi üçün həyata keçirilən işlərin davamlı olmasına imkan verdi.

İnanırıq ki, 2010-cu ildə də dövlətimiz və xalqımız üçün düşərli olacaq, bütün sahələrdə, o cümlədən ordu quruculuğunda, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsində növbəti uğurlar qazanılacaq.

Məlumdur ki, Azərbaycan Ordusunun yaradılması ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndər hakimiyyətə o zaman gəldi ki, cəbhə xəttində ermənilər hərbi əməliyyatları genişləndirir, yaşayış məskənlərimizi işğal edir, azərbaycanlılar məcburi köçkün vəziyyətinə düşürdülər. Hərb elminin bütün incəliklərini dərindən bilən böyük sərkərdənin ölkəyə rəhbərliyə başlamasından sonra atdığı ən böyük addımlardan biri dövlətimizin milli maraqlarına cavab verən təhlükəsizlik siyasətinin və strategiyasının müəyyən olunması və həyata keçirilməsi, o cümlədən vahid komandanlığa əsaslanan nizami ordunun yaradılması oldu. Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətindən sonra hərbi nizamnamələr çərçivəsində və mərkəzdən idarə edilən nizami hərbi hissələr formalaşdırıldı. Azərbaycan Ordusunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda uğurlu əməliyyatlar həyata keçirdilər. İşğal olunmuş bir çox yaşayış məskənləri, strateji yüksəkliklər düşməndən azad edildi.

Azərbaycanda ordu quruculuğu yeni mərhələdə indi də uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən təhlükəsizlik sektorunun səmərəli fəaliyyətinin təşkili üçün mühüm işlər görür, ordunun gücləndirilməsini prioritet məsələ kimi diqqətdə saxlayır. Fərəhli haldır ki, respublikamızın ildən-ilə artan iqtisadi gücü Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayır. 2007-ci ildən etibarən dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı 1 milyard dolları ötmüşdür. Son illərdə dövlət büdcəsindən orduya ayrılan xərclər milyardlarla dollarla ölçülür. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat, texnika daha müasirləri ilə əvəz olunur. Prezident İlham Əliyev bu barədə deyib: "Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq".

Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların - generalların, zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbdə qulluq edənlərin sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması deməkdir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi orduda xidmət edənlərdir. Cəbhə xəttində xidmət edən zabitlərin, çavuşların və əsgərlərin məvacibi daha çoxdur. Bu da öz evindən, ailəsindən uzaqda olan, əlində silah səngərdə, postda vətənin müdafiəsində dayanan oğullarımıza dövlətimizin həssas diqqət və qayğısından xəbər verir.

Bu gün də əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya verilməsidir. Elə buna görə də əksər qabaqcıl ölkələr kimi, Azərbaycan da öz Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını təmin etmək üçün NATO standartlarına üstünlük verir. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən Azərbaycanın NATO-nun müxtəlif proqramlarında iştirak etməsi ordumuzun müasir döyüş metodlarına yiyələnməsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti isə Azərbaycan-NATO əlaqələrini yeni fazaya daxil edib. Bu da nəticə etibarilə Silahlı Qüvvələrimizdə aparılan modernləşmə islahatlarının yüksək səviyyədə həyata keçirilməsinə mühüm təsir göstərib. Hərbçi kadrların yetişdirilməsində də artıq neçə ildir ki, NATO standartları əsas götürülməkdədir. Ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri ordumuzda aparılan islahatlardan razılıqlarını bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2004-cü ilin may ayında Brüsselə səfəri zamanı Azərbaycanın "Fərdi tərəfdaşlığın əməliyyat planı"nın təqdimat sənədini NATO-nun Baş katibinə təqdim edib. Silahlı Qvvələrimizin yenidən qurulması, modernləşməsi və islahatların aparılması istiqamətində 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Fərdi tərəfdaşlığın əməliyyat planı" çərçivəsində praktik tədbirlərin icrasına başlanıb.

Aparılan islahatlar nəticəsində quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələrimizin döyüş qabiliyyəti ən müasir standartlara uyğunlaşdırılıb. Bu da ordumuzun çevik və operativ idarə edilməsində müsbət rol oynayır.

Yeri gəlmişkən, 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən möhtəşəm parad ordumuzun həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu parad həm də xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

Beynəlxalq maliyyə və iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2009-cu ili də sosial-iqtisadi yüksəlişlə başa vuran ölkəmizdə ordunun, ayrı-ayrı qoşun növlərinin döyüş qabiliyyətinin artırılması, modernləşməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi ilə də bağlı mühüm işlər görüldü. Bu mənada ötən il Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində növbəti mühüm mərhələ kimi tarixə yazıldı. Beynəlxalq maliyyə və iqtisadi böhranın tüğyan etməsinə baxmayaraq, Azərbaycan Ordusunun qüdrətlənməsinə hesablanmış işlərin ardıcıl və davamlı olacağı hələ 2009-cu ilin dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə olunarkən məlum idi. Xatırladaq ki, ötən ilin dövlət büdcəsinin layihəsi tərtib edilərkən dünya iqtisadiyyatının tənəzzül dövrünə qədəm qoyması, beynəlxalq maliyyə bazarlarında böhranla əlaqədar yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması dərindən təhlil edilmiş, dünya iqtisadiyyatında böhranlı vəziyyət nəzərə alınmaqla büdcə xərclərinin artım sürətinə mühafizəkar yanaşılmışdı. Amma 2009-cu ildə büdcə xərclərinin 2007 və 2008-ci illər üçün büdcə xərclərinin artım sürətinə nisbətən az olmasına baxmayaraq, hərbi xərclər yüksək səviyyədə saxlanılmışdı. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2009-cu ildə müdafiə xərclərinə tələb olunan məbləğdə - 2 milyard dollar vəsait yönəldildi. Hərbi xərclərin artımı Silahlı Qüvvələrimizin döyüş hazırlığının, kadr potensialının, maddi-texniki təminatının qabaqcıl dünya ölkələrinin səviyyəsinə qaldırılması istiqamətində görülən tədbirlərin uğurla davam etdirilməsini təmin etdi.

2009-cu il iyunun 24-də - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü ərəfəsində keçirilən irimiqyaslı birgə əməliyyat - taktiki təlim Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin, modernləşdiyinin növbəti nümayişi olmaqla yanaşı, dövlətimizin beynəlxalq böhran şəraitində də ordu məsələlərinə diqqətlə yanaşdığını göstərdi. Təlimi izləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev "Təlimlər bizim ordumuzun döyüş potensialını göstərir. Bizim döyüş potensialımız həqiqətən çox yüksək səviyyədədir. Orduda ruh yüksəkliyi lazımi səviyyədədir, peşəkarlıq artır və belə təlimlərin keçirilməsi mütəmadi qaydada aparılmalıdır. Bizim əsgərlərimiz, hərbçilərimiz döyüş əməliyyatının aparılması üçün daim hazır olmalıdırlar", - deyə bildirib.

Təlimdə 4 min nəfərdən çox şəxsi heyət, 99 tank, 55 zirehli döyüş maşını, 123 artilleriya sistemi, 12 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 5 nəqliyyat döyüş vertolyotu iştirak etdi. Təlimin əsas mərhələsində birləşmə və hissələrin döyüş tətbiqi və silah sistemlərinin real atışları həyata keçirildi, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqə təşkil edildi. Bu təlim bir daha göstərdi ki, Azərbaycan Ordusunun döyüş hazırlığı həqiqətən yüksək səviyyədədir, istənilən ekstremal şəraitdə düşməni məhv etməyə qadirdir.

Ötən il həm də Azərbaycanın hərbi sənaye kompleksinin sürətli inkişafı, yeni silah növlərinin təqdimatı ilə əlamətdar oldu. Artıq ölkəmizdə atıcı silahlar və onların sursatları, eyni zamanda hərbi texnika istehsal olunur. Ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məhsulların həcmi 2008-ci illə müqayisədə 4 dəfə artıb, çeşid sayı isə 350-yə çatdırılıb. Cənubi Afrika Respublikasının "Paramaund Group" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalına başlanıb. Eləcə də NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların yaradılması başa çatdırılıb, onların seriya ilə istehsalına hazırlıq işləri aparılır.

Fərəhli haldır ki, Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan məhsullara xarici ölkələrdən sifarişlər də gəlməyə başlayıb. Xatırladaq ki, 2009-cu ilin aprelində İstanbulda keçirilən IX Beynəlxalq müdafiə sənayesi sərgisində ölkəmizdə istehsal olunan 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkə nümayəndələrində böyük maraq doğurub.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, bütövlükdə Silahlı Qüvvələrimizin gücləndirilməsi ilə bağlı işlər 2010-cu ildə də ardıcıl davam etdiriləcək. Çünki bu il də dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə tədbirlərinə yönəldiləcək. Bir qədər də konkret desək, bu il müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 0,9 faiz çox vəsait nəzərdə tutulur.

Bu gün respublikamızın üzləşdiyi ən böyük problem torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə susur, Ermənistanın beynəlxalq hüququn normalarını kobudcasına pozmasına, Azərbaycan torpaqlarının işğalı faktına ikili münasibət bildirirlər. Hələlik sülh danışıqları gedir və Azərbaycan tərəfi bu prosesin beynəlxalq hüquq normaları çərçivəsində başa çatmasına səy göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. Dekabrın 30-da Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının açılışından sonra Binəqədi rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb söhbət edən Prezident İlham Əliyev bu barədə deyib: "Biz çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ ancaq bizim istədiyimiz kimi, yəni, ədalətli, beynəlxalq hüquq normalarına tam uyğun şəkildə öz həllini tapmalıdır. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Yəni bu, birmənalıdır. Biz haqlıyıq və bu haqq-ədaləti gec, ya tez bərpa edəcəyik. Mən çalışıram ki, bu, sülh yolu ilə və tez həll olunsun. Amma bununla bərabər biz güclənirik. Bu da heç kimə sirr deyildir ki, indi Azərbaycan bütün məsələləri həll etməyə qadirdir".

Bəli, Azərbaycan güclənir və sülh danışıqları torpaqlarımızın azad edilməsi üçün yeganə yol deyil. Bu mənada ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə ölkəmizin üstünlüyünü artırır. Ermənistan işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu qüdrətini göstərəcəkdir. Güclənən və modernləşən Azərbaycan Silahlı Qüvvələri bu missiyanı layiqincə yerinə yetirməyə qadir və hazırdır.

 

 

Azərbaycan.- 2010.- 8 yanvar.- S. 1.