Qubadlım

 

Yadıma dağların, düzlərin düşür,

Kül altda uyuyan közlərin düşür,

Yoluma dikilən gözlərin düşür,

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

üzlə qoynuna qayıdacağıq?!

 

Qızıldaş əzəldən sinə dağlıdı,

Çayzəmiyə gedən yollar bağlıdı,

Bu miskin görkəmin məni ağrıdır,

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

üzlə qoynuna qayıdacağıq?!

 

Qoca Sak hirslənib Xocamsaxlıda,

Dönüb Ballıqaya qara buluda.

Unuda bilmərik, səni unuda,

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

üzlə qoynuna qayıdacağıq?!

 

Çardaxlı dağları kövrəlib, dinib,

Əyinin, Göyyalın işığı sönüb,

Başarat - həşarat yurduna dönüb,

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

üzlə qoynuna qayıdacağıq?!

 

Zəhərə çevrilib ömrün şəkəri,

Hönkürür Bərgüşad, dinir Həkəri

Söndümü bəxtimin tale ülkəri?

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Darıxma qoynuna qayıdacağıq!

 

 

Ömür kitabı

 

Dağları görməyə gözüm tələsir,

Zirvələr üzünü niyə yaşmayıb?

Yol dağa dirənib, dizlərim əsir,

Ya qismət, o üzə aşım, aşmayım?!

 

Gərək dağ övladı dağa sığına,

Ürəyim hönkürsə, çətin kiriyər.

Girib xatirələr alaçığına,

Tək-tənha dönürəm üzü geriyə.

Söz almaq istəyir sozalan ömrüm,

İtən gəncliyimi soraqlayıram.

Taleyin əliylə yazılan ömrün

Qalın kitabını vərəqləyirəm.

 

Yaxşı ki, getməyib ömrüm havayı,

Qəlbimi isidir doğma yurd, ocaq.

Ömür kitabımı məndən savayı

Heç kəs vərəqləyib oxumayacaq.

 

* * *

 

Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı şeirlər:

 

Sənə soyuq dəyəcək

 

- Sənə soyuq dəyəcək,

Əynində yoxdu pencək.

- Yox, soyuq köynəyimə

Dəyib, yerə düşəcək...

 

 

Dəniz niyə duzludur?

 

- Dəniz niyə duzludur,

Fikirləş yaxşı-yaxşı.

- Sularına qarışıb,

Balıqların göz yaşı.

 

 

Tez-tez yuxu görürəm

 

Tez-tez yuxuma girir

Kəndimizin dağları.

Ətirli yamacları,

Nəğməkar bulaqları.

 

Görürəm bağçamızda

Əriklər çiçəkləyib.

Köpəyimiz qapıda

Qulağını şəkləyib.

 

Yenə ətirli yazdı

Balaca kəndimizdə.

Görən, görürmü bizi

Yuxuda kəndimiz ?

 

- Bizdən ayrı düşəndən

Yola dikilib gözü.

Kəndimiz yatıbmı ki,

Yuxuda görsün bizi?

 

 

Azərbaycan.- 2010.- 9 yanvar.- S.6.