Küveytin "Kuwait-1" dövlət peyk kanalında Azərbaycana həsr olunmuş film nümayiş etdirilmişdir

 

Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, yanvarın 9-da bu ölkənin "Kuwait-1" dövlət peyk kanalında Azərbaycan Respublikasına həsr olunmuş iyirmi dəqiqəlik film mümayiş etdirilmişdir.

Səfirliyin Küveytin İnformasiya Nazirliyinə təqdim etdiyi materiallar əsasında hazırlanmış filmdə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi, əldə olunmuş ictimai-siyasi sabitlik, ardıcıl həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, turizm imkanları, münasib investisiya mühiti, neft strategiyası geniş şəkildə işıqlandırılmışdır.

Filmdə xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılmışdır. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, tarixi abidələrimizin məhv edilməsi, yandırılması, məktəblərin, muzeylərin, xəstəxanaların dağıdılması, xalqımıza dəyən maddi və mənəvi ziyan, o cümlədən Xocalı soyqırımı barədə tamaşaçılara rəqəmlər və videomateriallar əsasında ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 yanvar.- S. 1.