Azərbaycanda enerji təhlükəsizliyinin etibarlı təminatı daim güclənir

 

Sosial-iqtisadi sahədə sürətlə irəliləyən, həyata keçirdiyi demokratik islahatlar, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işlərlə seçilənlər sırasında yer alan Azərbaycanı xarakterizə edən mühüm xüsusiyyətlərdən biri də qısa zaman kəsiyində enerji təhlükəsizliyinin təmininə nail olmasıdır. Real həqiqətdir ki, bu gün dünyanın bir çox dövlətləri Azərbaycandan daha çox enerji ehtiyatlarına malik olsalar da, bu sahə üzrə hələ də daxili imkanlar hesabına etibarlı təminatlarını həyata keçirməkdə çətinlik çəkirlər. Təkcə postsovet məkanına nəzər yetirməklə buna xeyli misallar tapmaq olar.

Ancaq Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edib, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olub. Digər tərəfdən o da mühüm faktdır ki, enerji ehtiyatları hələ uzun illər ərzində Azərbaycana külli miqdarda xarici kapital axınını təmin edəcək. Bununla əlaqədar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev bildirmişdir: "2009-cu ildə Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edilibdir. Gələn il bu rəqəmlər daha da artacaq və beləliklə, ölkəmizə əlavə maliyyə resursları gələcək, eyni zamanda, ixrac imkanlarımız genişlənəcəkdir. Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artmaqdadır".

Cari ildə daha böyük enerji hasilatı və onun ixrac həcminin artırılması əlbəttə ki, ölkəmizin daha çox gəlir əldə etməsi deməkdir. Yeri gəlmişkən qeyd edək ki, dünyanın ən böyük neft təşkilatı sayılan OPEK də Azərbaycanda neft hasilatının artacağını bildirir. Təşkilatın hesablamalarına görə, bu il Azərbaycan gündəlik neft hasilatını 0,13 milyon barel artıraraq 1,12 milyon barelə çatdıracaq.

Bununla yanaşı, ötən il Azərbaycanda təbii qaz hasilatında olan artım və onun bu il bir qədər də çoxalması ölkənin "mavi yanacağın" əsas ixracatçılarından birinə çevrilməsini şərtləndirir. Artıq Azərbaycan təbii qazın satış istiqamətlərinin çoxaldılması yönümündə həyata keçirdiyi siyasətə uyğun olaraq Rusiyaya "mavi yanacağ"ın satışına başlayıb. İran da ölkəmizdən qaz idxal edən dövlətlər sırasındadır. Bu da Azərbaycanın "mavi yanacaq" bazarını əhəmiyyətli dərəcədə genişləndirməsindən xəbər verir.

Bundan sonra da Azərbaycanın enerji sektoruna əvvəlki kimi milyardlarla dollar həcmində investisiya yatırılacaq. Belə ki, böyük qaz ehtiyatlarına malik "Şahdəniz" yatağının istismarının ikinci mərhələsinin başlanması ilə bağlı konkret tədbirlər görülür. Dünya miqyasında bu böyük, nəhəng layihənin icrası sayəsində təkcə "Şahdəniz" qaz yatağına 20 milyard dollara yaxın vəsait qoyulacaq. Bununla Azərbaycanın iqtisadi qüdrəti daha da genişlənərək onun təkcə mövcud olduğu regionda yox, artıq daha böyük coğrafi məkanda qəbul edilmiş lider statusunu bir qədər də gücləndirəcək.

Lakin Azərbaycanın enerji sferasında qazandığı nailiyyətlər təkcə neft-qaz sektorunu əhatə etmir. Elektrik enerjisinin istehsalı sahəsində də Azərbaycan dünyanın bir çox dövlətlərinin qibtə edə biləcəyi böyük uğurlara imza ata bilib və bu sahədə həyata keçirilən siyasət daha intensiv şəkildə davam etdirilməkdədir. Ən mühüm cəhətlərdən biri də budur ki, zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması istiqamətində də mühüm işlər görülməkdədir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Elektrik stansiyalarının tikintisi uğurla davam edir. Bunu etməklə Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və biz gələcək illərdə diqqətimizi daha çox bərpa olunan enerji növlərinin yaradılmasına yönəldəcəyik".

Ümumiyyətlə, araşdırmalar göstərir ki, son illər Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb. Təkcə 2006-2009-cu illər ərzində ölkədə on yeni elektrik stansiyası tikilib və ümumi stansiyaların sayı on doqquza çatdırılıb. Həmin stansiyalardan onu son dörd ildə tikilərək istifadəyə verilib. Sözügedən on stansiyanın enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi enerji potensialının 6400 meqavat olduğu nəzərə alınarsa, bu son dörd il ərzində ölkənin enerji potensialının 40 faizə qədər artırılması deməkdir və həmin proses indi də müvəffəqiyyətlə davam edir.

Mühüm amillərdən biri də ondan ibarətdir ki, yeni elektrik stansiyalarının tikintisi zamanı müasirliyə və ekologiya məsələlərinə xüsusi diqqət yetirilir. Həmçinin elektrik stansiyalarının tikintisində həmişə ən müasir texnologiyalardan istifadə olunmasına, etibarlılıq və ekoloji cəhətdən təmizlik prinsiplərinə üstünlük verilir. Məsələn, yeni texnologiyalar əsasında inşa edilən və ötən ilin noyabrında istifadəyə verilən Sumqayıt Elektrik Stansiyasının işə salınması nəticəsində parnik effekti yaradan karbon qazlarının havaya tullantısı ildə 700 min ton azalacaq.

Qeyd olunduğu kimi, enerji sferasında diqqət yetirilən mühüm məsələlərdən biri də alternativ mənbələr hesabına bu sahə üzrə yaranan tələbatın ödənilməsidir. Ənənəvi enerji mənbələrinin tükənməz olmadığı və zaman keçdikcə onların azalması prosesinin baş verməsi fonunda dünya dövlətlərinin qarşısında duran əsas vəzifələrdən biri də təmiz enerji mənbələrindən (günəş, külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) daha geniş istifadə olunmasıdır. Hazırda dünya üzrə istehsal edilən elektrik enerjisinin 15%-ə yaxını alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sayəsində əldə edilir.

Ölkəmizdə də alternativ üsullarla enerji alınması üçün kifayət qədər əlverişli mühit var. Belə ki, yerləşdiyi əlverişli coğrafi mövqeyi və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Belə mənbələrdən istifadə olunması istilik enerji stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməsi və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması deməkdir. Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi alternativ enerji mənbələrinin yaradılması istiqamətində konkret addımlar atmaqdadır. Azərbaycanın ənənəvi enerji növləri sahəsində malik olduğu zəngin potensial ölkəmizin tələbatına tam cavab versə də, perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident İlham Əliyev qarşıya konkret vəzifələr qoyub və müvafiq göstərişlər verib. Bu mənada onun alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üçün müvafiq agentliyin yaradılması məqsədilə imzaladığı fərman böyük əhəmiyyətə malikdir. Həmin fərmana əsasən, Sənaye və Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Həmin proqrama uyğun olaraq müvafiq dövlət agentliyinin yaradılması ölkəmizdə tezliklə alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə enerji resurslarından istifadədə səmərəliliyin daha da yüksəlməsi ilə nəticələnəcək. Bu, həm də Azərbaycanın daha böyük həcmdə enerji istehsal etməsini və beləliklə, daha böyük miqdarda elektrik enerjisi ixracını şərtləndirir. Aparılan hesablamalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə yaxın perspektivdə Azərbaycanda istehsal olunan elektrik enerjisinin 5-7 faizini, istilik enerjisinin isə 10 faizə qədərini bu mənbələr hesabına ödəmək mümkündür. Artıq bununla bağlı xarici şirkətlərin yaxından cəlb edilməsi ilə konkret işlər görülməkdədir.

Bir cəhəti də xüsusi qeyd etməliyik ki, artıq Azərbaycan elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlayıb. Son illər elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirib və bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır. Özü də Azərbaycanın ixrac etdiyi elektrik enerjisi idxalı həm fiziki, həm də maliyyə göstəriciləri baxımından dəfələrlə üstələyir. Bu da yekun nəticədə elektrik enerjisinin ixracından Azərbaycanın böyük həcmdə gəlir əldə etməsi ilə nəticələnir. Ölkəmizdə hasil olunan elektrik enerjisinin əsas idxalçıları isə hazırda Rusiya, İran, Gürcüstan və Türkiyədir.

Beləliklə, enerji təhlükəsizliyini təmin edən Azərbaycan bu sahədə ildən-ilə malik olduğu imkanları genişləndirməkdədir.

 

 

Azərbaycan.- 2010.-13 yanvar.- S. 1.