Xəzər neftinin yorulmaz tədqiqatçısı

 

Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə görkəmli alim, neftçi-geoloq, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadənin 80 illik yubileyi geniş qeyd olunur.

Xoşbəxt Yusifzadə Abşeron yarımadasının ən gözəl guşələrindən biri olan Pirşağıda anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirib Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə institutu bitirmiş gənc mütəxəssis neftçi-geoloq kimi əmək fəaliyyətinə Neft Daşlarının dəniz buruqlarında başlayır. Sonralar o, baş geoloq, elmi-tədqiqat və istehsalat sexinin rəisi və artıq 60-cı illər ərəfəsində "Kürgənneft" Neftçıxarma İdarəsinin rəis müavini - baş geoloq vəzifəsində çalışır.

Məhz bu illər onun dəniz neft və qaz yataqlarının mənimsənilməsinə həsr edilmiş gələcək taleyini həll edir. 1963-1970-ci illərdə o, istedadlı və bacarıqlı mütəxəssis, neft axtarışı və kəşfiyyatı təşkilatçısı kimi "Başdənizneft" İdarəsi və "Dənizneft" İstehsalat Birliyinin rəis müavini - baş geoloqu olmaqla, Xəzərin neft və qaz yataqlarının kəşf və işlənilməsilə əlaqədar geoloji problemləri uğurla həll edir. Bu illərdə "Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla adası" (1964), "Bahar" (1968) və s. kimi dəniz neft və qaz yataqlarının kəşf edilməsində X.Yusifzadənin xidmətləri misilsizdir.

İstehsalatda böyük məşğulluğuna, gərgin iş rejiminə baxmayaraq, elmi-tədqiqatlara ciddi diqqət yetirir, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib daim nəinki praktikada, həmçinin elm aləmində də öz peşəkarlığını təkmilləşdirirdi. 1960-cı ildə o, istehsalatdan ayrılmadan müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə nail olur və sonradan ona məxsus əməksevərlik, məqsədyönlülük, sevdiyi işə məftunluq və möhkəm iradəsi sayəsində Xəzərdə əmək fəaliyyətini davam etdirir.

1970-ci ildə neft sənayesinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin tövsiyəsilə X.Yusifzadə Neft Sənayesi Nazirliyinin bazasında yaradılmış "Xəzərdənizneft" İstehsalat Birliyində rəhbər vəzifəyə - direktor müavini-baş geoloq təyin edilir. 20 ildən artıq bir müddətdə X.Yusifzadə əvvəllər "Xəzərdənizneft", sonra Ümumittifaq Sənaye Birliyi "Xəzərdənizneftsənaye" İB və yenidən "Xəzərdənizneft" İB-də geoloji istiqamətli işlərə rəhbərlik etmişdir. X.Yusifzadənin bu illərdəki fəaliyyəti Xəzər dənizində 15-ə yaxın neft-qaz strukturunun kəşfilə səciyyələnir ki, onlardan beşi Türkmənistanda, ikisi Rusiyada, biri isə Xəzərin Qazaxıstan sektorundadır. Azərbaycan sektorunda isə bu dövrdə X.Yusifzadənin başçılığı altında "Günəşli", "Azəri", "Çıraq" və bir sıra başqa zəngin yataqlar açılmışdır ki, onlar Azərbaycanın neft sənayesinin gələcək inkişafında yeni neft strategiyasının reallaşmasına zəmin yaratmışlar.

Burada bütün həyatını Azərbaycanın neft sənayesinin inkişafına həsr etmiş alim, neftçi-geoloqun çoxillik gərgin əmək fəaliyyətini qiymətləndirərkən, ümummilli lider Heydər Əliyevin sözlərini yada salmaq yerinə düşər: "Xoşbəxt Yusifzadə kimi Xəzər dənizini bilən ikinci bir adam yoxdur". Bununla da neft geologiyası sahəsində çalışan məşhur mütəxəssis haqqında hər şey deyilmişdir. Neftçıxarmada onun əmək xarüqələri nəinki ölkəmizdə, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da məlumdur.

1992-ci ildə Xoşbəxt Yusifzadə "Azneft" Dövlət Konserninin birinci vitse-prezidenti təyin edilir. 1994-cü ildə "Əsrin kontraktı" adlanan və ölkəmizdə yeni neft erasının başlanmasını bərqərar edən nəhəng saziş imzalanandan 2004-cü ilə kimi ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışırdı. 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə X.Yusifzadə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənilməsi üzrə birinci vitse-prezidenti təyin edilir.

Qeyd etmək lazımdır ki, Xoşbəxt müəllim harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə elmi-tədqiqat fəaliyyətini istehsalat işlərilə bacarıqla uzlaşdırır. Bütün bu illər ərzində onun elmi yaradıcılığı sahənin elmi-tədqiqat, layihə təşkilatları, Azərbaycan Milli Elmlər Akademiyasının institutları və ilk növbədə, AMEA-nın Geologiya İnstitutu, "Neft ekspedisiyası", Neft-qaz yataqlarının Dərinlik Problemləri İnstitutu ilə sıx əlaqədar olmuşdur.

1987-ci ildə Moskvada SSRİ EA Yanar şistlərin geologiyası və işlənilməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətli tətbiqinin prinsipləri və metodu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 170 elmi məqalənin, o cümlədən 15 monoqrafiyanın, bir sıra kəşf və qiymətli ixtiraların müəllifidir. X.Yusifzadənin dərc edilmiş elmi əsər və fundamental monoqrafiyaları bu gün də neftçi-geoloqların, müəllimlərin və ali məktəb tələbələrinin masaüstü kitablarıdır. Alim-praktikin elmi yaradıcılığını qısaca səciyyələndirərkən qeyd etmək lazımdır ki, X.Yusifzadə tərəfindən dəniz neft və qaz yataqlarının sürətli kəşfiyyatının işlənilməsi, onun tətbiqinin metodikası və üsulları hərtərəfli öyrənilmişdir. Onun rəhbərliyi altında dəniz neft və qaz yataqlarının ehtiyatları hesablanmış, onların işlənilmə layihələri hazırlanmış və reallaşmış, Azərbaycanın neft-qazlılığı üzrə xəritələr və atlaslar nəşr olunmuşdur. 2007-ci ildə "Azərbaycanın geoloji xəritəsi" (dəniz və quru, 1:500000 miqyasında, Azərbaycan, rus və ingilis dillərində) işıq üzü gördü.

X.Yusifzadə xarici şirkətlərlə müştərək geoloji-geofiziki elmi-tədqiqat işləri aparmış, geoloji-kəşfiyyat işlərinin proqramları, həmçinin kontrakt sahələrinin işlənilmə layihələri hazırlanmışdır. Əlamətdardır ki, "Azəri-Çıraq-Günəşli" neft və "Şahdəniz" qaz-kondensat yataqlarının axtarış-kəşfiyyat işləri zamanı xarici kompaniyalar tərəfindən tətbiq edilmiş metod X.Yusifzadənin bir çox illər bundan əvvəl işləyib və tətbiq etdiyi Xəzər dənizinin neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin metoduna uyğun gəlmişdir.

Neft-qaz geologiyası sahəsində elmə böyük töhfələrinə görə X.Yusifzadənin yaradıcılığı yüksək qiymətləndirilmiş və o, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Şübhəsiz, bir məqalədə Xəzər dənizinin neft və qaz yataqlarının yorulmaz tədqiqatçısının çoxçalarlı elmi və əmək fəaliyyətini səciyyələndirmək çətindir. Lakin bunu qeyd etmək kifayətdir ki, Xəzərdə onun məhsuldar fəaliyyəti dövründə 20 neft və qaz yatağı kəşf edilmişdir ki, onların arasında Azərbaycan sektorunda "Bahar", "Səngəçal-dəniz-Duvannı-dəniz", "Xərə adası-Zirə", "Xərə-Zirə-dəniz", "Çıraq", "Azəri", "Günəşli", "Kəpəz", "Şahdəniz", Rusiyada "İnçxe-dəniz", Qazaxıstanda "Rakuşeçnaya", Türkmənistan sektorunda LAM, "Qubkin", "Livanov", "Barinov" və başqaları məlumdur. Keçən əsrin 90-cı illərində isə ölkəmizdə "Əşrəfi" və "Qarabağ", 1999-cu ildə isə "Şahdəniz" iri qaz-kondensat yatağı açılmışdır. Bütün bu illər ərzində elmi fəaliyyət və istehsalat sahəsində son dərəcə gərgin işinə baxmayaraq Xoşbəxt müəllim elmi-istehsalat məsələlərilə əlaqədar müxtəlif təşkilati tədbirlərdə iştirak etməyə və neft-qaz geologiyası sahəsində gənc mütəxəssislərin hazırlanmasına vaxt tapırdı. 20 il ərzində (1975-1994-cü illər) Azneftkimyanın "Neft və qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı" ixtisası üzrə dövlət komissiyasının sədri, sonra Amerikanın neftçi-geoloqlar assosiasiyasının üzvü, Avropanın alim-geoloqları və mühəndisləri assosiasiyasının üzvu, Beynəlxalq Şərq Neft Akademiyasının birinci vitse-prezidenti, CP "Kaspian Drillinq kompani" direktorlar şurasının sədri (1977-2007-ci illər), 2003-cü ildən isə Azərbaycan Prezidenti yanında AAK Rəyasət Heyətinin üzvü olmuşdur.

Akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin bütün yaradıcılıq yolu Azərbaycanda neft-qaz hasilatının inkişafı ilə qırılmaz surətdə bağlıdır. Alimin elmi və təşkilati fəaliyyəti qarşısına qoyduğu məqsədə çatmağın müstəsnalıq nümunəsi olub, öhdəsinə düşən problemin böyük məharətlə həll edilməsində öz əksini tapır. Məhsuldar yaradıcılığının bütün dövründə Xoşbəxt müəllim öz ixtisasına vurğunluğu, məhəbbəti sayəsində inadla Xəzər dənizinin neft və qaz yataqlarının mənimsənilməsinin elmi və istehsalat məsələlərini həll etməyə çalışır, bu da dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə "Qırmızı Əmək bayrağı" (1963 və 1976-cı illər) "Şərəf Nişanı" (1971-ci il) ordenləri ilə, medal və fəxri fərmanlarla təltif edilmiş, "SSRİ-nin fəxri neftçisi" (1971-ci il), "SSRİ-nin fəxri kəşfiyyatçısı" (1985-ci il), iki dəfə "Azərbaycanın əməkdar mühəndisi" (1964 və 2005-ci illər), iki dəfə "Azərbaycanın Dövlət mükafatı laureatı" (1982 və 1991-ci illər) adına layiq görülmüşdür. 2000-ci ildə ümummilli lider Heydər Əliyev X.Yusifzadəni "İstiqlal" ordeni, 2004-cü ilin noyabr ayının 22-də isə Prezident İlham Əliyev "Əsrin kontraktı"nın 10 illiyi münasibətilə ona "Şöhrət" ordeni təqdim etmiş, 2009-cu il dekabr ayının 14-də onu yüksək mükafatla - "Şərəf" ordeni ilə təltif etmişdir.

Xoşbəxt Yusifzadə görkəmli alim, istedadlı və mahir istehsalat təşkilatçısı, Azərbaycan neftçilərinin ağsaqqalı, geniş dünyagörüşünə, heyranedici əmək qabiliyyətinə və tükənməz enerjiyə malik insandır. Bununla bərabər, o, xeyirxah, qayğıkeş, istiqanlı, incə yumorlu, həmkarları, dostları və ətrafındakılarla münasibətdə diqqətli şəxsiyyətdir. Bu gün də neft sahəsinin korifeyi X.Yusifzadə öz peşəkarlığı, dərin biliyi, zəngin iş təcrübəsilə insanlara xidmət edir.

Şanlı yubiley günündə həmkarımız və dostumuz Xoşbəxt Yusifzadəyə möhkəm cansağlığı, ailə səadəti və Xəzər dənizinin neft-qaz zənginliklərinin gələcək mənimsənilməsində yeni nailiyyətlər arzu edirik.

 

 

Akif ƏLİZADƏ,

AMEA-nın vitse-prezidenti,

Geologiya İnstitutunun

direktoru, akademik

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 7.