Son ad günü

 

1987-ci ilin noyabr ayının 18-də iqtisadçı akademik Aqanbekyanın Fransa mətbuatında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən qoparılıb Ermənistan SSR ərazisinə qatılması haqqında Mixail Qorbaçovun razılığının alınması barədə fikir söyləməsinə cürət etməsinin yalnız bir səbəbi var idi ki, o da dünyanın siyasi aləmində nüfuz qazanmış ümummilli lider Heydər Əliyevin tutduğu yüksək vəzifədən istefa verməsindən ibarət idi. Nə qədər ki ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və siyasi büronun üzvü vəzifəsini yerinə yetirirdi, ermənilər cürət edib separatçılıq siyasətlərini açıq-aşkar həyata keçirə bilmirdilər. Onların ehtiyatlandıqları yeganə şəxsiyyət dünya siyasətçiləri sırasında ön cərgələrdə olan nüfuzlu dövlət xadimi Heydər Əlirza oğlu Əliyev idi.

Belə bir məqamdan istifadə edən ermənilər 1988-ci ilin fevral ayının 13-də Xankəndidə "miatsum" şüarı altında ilk sınaq mitinqi keçirərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddialarını gerçəkləşdirmək üçün addımlar atdılar. Təəssüf ki, o zamankı respublika rəhbərliyi səriştəsizlik göstərərək bunun qarşısını almadı və ermənilər daha da dərinə getdilər. 1988-ci ilin fevral ayında Əskəranda iki azərbaycanlı gənc vəhşicəsinə öldürüldü. Ermənistanın Qukar rayonunda və digər bölgələrində yüz minlərlə azərbaycanlı təhqirə, işgəncəyə məruz qaldı, evləri talan edildi, yurdlarından didərgin salındı. Sonra mənfur ermənilər Sumqayıt hadisəsini törədərək ona başqa don geydirməyə çalışdılar. Araşdırmalar göstərdi ki, erməni Qriqoryan təxribatçılıq məqsədilə öz millətindən olan ailələrə hücum etmiş, təkcə özü 4 ermənini qətlə yetirmişdir.

Ermənilər həyata keçirdikləri planlarının birinci mərhələsində azərbaycanlıları tamamən deportasiyaya uğratdıqdan sonra ikinci mərhələyə keçdilər. Dağlıq Qarabağda yaşayan azərbaycanlıları eyni üsullarla deportasiya etməyə, müqavimət göstərənləri isə qətlə yetirməyə başladılar. Bu prosesi tezləşdirmək üçün onlar M.Qorbaçovdan istifadə edirdilər. Erməni-rus birləşmələri Xocalı soyqırımına gedən yolda 20 Yanvar qırğınını törətdilər. Bu hadisələr sübut edirdi ki, onların əsas məqsədlərindən biri qırğının miqyasını artırmaq, azərbaycanlıların gözünü qorxutmaq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi prosesini sürətləndirməkdən ibarət olmuşdur.

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ Silahı Qüvvələrinin qəddarcasına Azərbaycanda törətdikləri faciənin səhəri günü Moskvada yaşayan ulu öndər Heydər Əliyev dərhal Azərbaycanın Moskvadakı səfirliyinə gəlmiş, törədilən qırğına qarşı qəti etirazını bildirmiş, ona siyasi qiymət verilməsini tələb etmiş, buna görə M.Qorbaçovun birbaşa məsuliyyət daşıdığını və günahkar olduğunu açıq söyləmişdir. Yalnız bundan sonra 20 Yanvar qırğını haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır.

1990-cı il fevral ayının 9-na olan məlumata görə, yanvar qırğınında 171 nəfər həlak olmuş, 370 nəfər ağır yaralanmış, 321 nəfər itkin düşmüş, Azərbaycanın tibb müəssisələrinə dispanser yardımı üçün 706 nəfər müraciət etmişdir. Faciəli aksiya zamanı yaralılara yardım göstərməyə tələsən həkimlər öldürülmüş, təcili yardım maşınları, uşaq xəstəxanaları, yaşayış evləri gülləbaran edilmiş, günahsız insanlar, o cümlədən qadınlar, uşaqlar, qocalar tankların tırtılları altında qalmışdır. Həmin gecə şəhid olanlar arasında Azərbaycan Tibb Universitetinin 2 nəfər tələbəsi olmuşdur. 6 tələbəmiz isə ondan bir qədər sonra Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş, 1 nəfər itkin düşmüşdür. ATU-nin inzibati binasının həyətində şəhid tələbələrin xatirəsinə həsr olunmuş memorial kompleks yaradılmışdır. Universitet rəhbərliyi hər il professor-müəllim heyəti və tələbələrlə birlikdə onların əziz xatirəsini yad edir, gənclərin vətənpərvər ruhda böyümələrinə təkan verən mərasimlər keçirir.

ATU-nun 20 Yanvar qırğınında və Qarabağ müharibəsində həlak olmuş şəhid tələbələrinin - İmanov Elçin Beydulla oğlu (1967-1990) stomatologiya fakültəsinin IV kurs tələbəsi, Alməmmədov Teymur Yəhya oğlu (1972-1990) əczaçılıq fakültəsinin I kurs tələbəsi, Məmmədov İlqar Qabil oğlu (1974-1992) I müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi, İsmayılov Sərxan Dayandur oğlu (1970-1992) stomatologiya fakültəsinin IV kurs tələbəsi, Alıyev Hafiz İbrahim oğlu (1971-1993) əczaçılıq fakültəsinin V kurs tələbəsi, Babayev Pərviz Rasim oğlu (1972-1993) pediatriya fakültəsinin IV kurs tələbəsi, Yusibov Ehtiraf Hidayət oğlu (1967-1993) əczaçılıq fakültəsinin V kurs tələbəsi, Abdullayev Natiq Yaqub oğlu (1966-1993) I müalicə-profilaktika fakültəsini bitirmiş interna, Hüseynov Ağası Rauf oğlu (1968-1992) itkin düşüb, I müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi - xatirələri bütün tədbirlərdə ehtiramla anılır.

20 Yanvar qırğınında şəhid olmuş ATU-nun stomatologiya fakültəsinin IV kurs tələbəsi İmanov Elçin Beydulla oğlu 1967-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1984-cü ildə Əli Bayramlı şəhər 10 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdi. 1984-cü ildə sənədlərini ATU-nun stomatologiya fakültəsinə vermişdi və tələbə adını qazanmışdı. 1986-cı ildə ordu sıralarına hərbi xidmətə çağırılmışdı. Tərxis olunduqdan sonra 1988-ci ildə o, stomatologiya fakültəsinin III kursunda təhsilini davam etdirmişdi. Ali məktəbdə də çalışqanlığı ilə seçilən Elçin IV kursu müvəffəq qiymətlərlə bitirmişdi.

1988-1989-cu illərdə milli azadlıq hərəkatı ilə bağlı mitinqlər ara vermirdi. ATU-nun stomatologiya fakültəsinin dekanı dosent Rizvan Məmmədovun dediklərindən: "Mən o vaxtlar fakültənin dekan müavini vəzifəsində çalışırdım. Elçin çox savadlı, eyni zamanda vətənpərvər bir gənc idi. Ermənilərin torpaq iddiasına dözə bilmirdi. 1989-cu ilin avqust ayının 12-də ailə üzvləri ilə keçirdiyi ad günü tədbirinin lent yazısında Elçin Vətənin darda olmasından danışır və qeyd edirdi ki, bu ad günü mənim sonuncu ad günüm olacaq. Mən hiss edirəm ki, Vətən uğrunda öləcəyəm. Həmin gün Elçinin şəhidlik zirvəsinə qovuşacağına 5 ay 8 gün qalırdı".

Elçin 1990-cı ilin əvvəllərində qış imtahan sessiyasına hazırlaşırdı və sessiya başlayanda artıq imtahanların bir neçəsini müvəffəq qiymətlərlə başa vurmuşdu. Ən böyük arzusu Vətən torpağını azad görmək idi. Ona görə dərsdənkənar vaxtlarda milli azadlıq hərəkatına qoşulanlarla bir cərgədə olurdu. Arzuları böyük idi. Lakin arzuların həqiqətə çevrilməsini görmək ona qismət olmadı. 1990-cı ilin yanvar ayının 20-də Mixail Qarbaçovun göstərişi və Yazovun əmri ilə Bakıya yeridilmiş ordu günahsız Vətən övladlarını qanına qəltan etdi.

Onların sırasında Azərbaycan Tibb Universitetinin daha bir tələbəsi - əczaçılıq fakültəsinin I kurs tələbəsi Alməmmədov Teymur Yəhya oğlu da (1972-1990) şəhid oldu. Teymur Alməmmədov 1972-ci ildə Naxçıvanın Şahbuz rayonunun Keçili kəndində dünyaya göz açmışdı. 1989-cu ildə həmin kənddə orta məktəbi bitirib, Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsinə daxil olmuşdu. İlk semestrin imtahan sessiyasını başa vurmamış 1990-cı ilin yanvar ayının 20-də silahlı təcavüzkarların gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı.

Qədirbilən xalqımız Vətən uğrunda şəhid olanları heç vaxt unutmur və gün gələcək ki, 20 Yanvar qırğınını, Qukar dəhşətini, Xocalı soyqırımını törədənlər Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verəcəklər.

 

 

Mübariz ALLAHVERDİYEV,

tibb elmləri doktoru

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 3.