Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlamışdır

 

Yanvarın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlamışdır.

Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş nüfuzlu Rusiya nümayəndə heyətinin tərkibinə RF mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri, alimlər, mədəniyyət və incəsənət xadimləri, Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri daxildir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV forumun açılışında qonaqları salamlayaraq demişdir:

- Hörmətli xanımlar və cənablar!

Dostlar!

Mən Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun bütün iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən salamlamaq istərdim. Bu cür gündəliyi olan forum ilk dəfədir ki, keçirilir. Əminəm ki, onun uğurlu işi xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə sanballı töhfə verəcəkdir.

Forumun keçirilməsi faktının özü ölkələrimizin ali rəhbərlərinin - İlham Heydər oğlu Əliyevin və Dmitri Anatolyeviç Medvedevin müdrikliyinin və uzaqgörənliyinin təzahürüdür.

Bu forumun hazırlanmasında fəal iştirak etmiş bütün təşkilatlara və strukturlara dərin minnətdarlığımı bildirmək istərdim. Mən Rusiya Federasiyası Prezidentinin Administrasiyasının ünvanına xüsusi təşəkkürümü çatdırmaq istərdim. Administrasiyanın rəhbəri Sergey Yevgenyeviç Narışkin bu gün Bakıya gəlir və bizim forumun işinə qoşulacaqdır. Nə gizlədim, çox xoşagələn və yaxşı haldır ki, forumun işində Rusiyada tanınmış insanlar, ölkənin ictimai-siyasi ab-havasını formalaşdıran, bu gün Rusiyada elmi, ədəbiyyatı, incəsənəti, kütləvi informasiya vasitələrini, idman hərəkatını təmsil edən insanlar iştirak edir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun açılışında bu cür nüfuzlu, deyərdim ki, mötəbər nümayəndə heyətinin iştirak etməsi çox rəmzi haldır.

Forumda həm Dövlət Dumasından, həm də Federasiya Şurasından olan rusiyalı qanunvericilərin böyük bir qrupu təmsil olunmuşdur. Biz ölkələrimizin parlament üzvləri arasında təcrübə mübadiləsi sahəsində yaxşı ənənəyə malikik. Ümidvaram ki, onların Azərbaycan parlamentində indiki görüşləri, seksiyalar çərçivəsində diskussiyalar, Azərbaycan torpağında müxtəlif görüşlər dövlətlərimizin qanunvericiləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu gün bu zalda Rusiyanın mədəniyyət naziri cənab Aleksandr Alekseyeviç Avdeyev başda olmaqla mədəniyyət xadimlərinin böyük bir qrupu iştirak edir. Sevindirici haldır, bu qrupa adlı-sanlı Böyük Teatrın direktoru başda olmaqla bu teatrın artistləri, Rusiyanın tanınmış mədəniyyət xadimləri daxildir.

Forumun işində elm və təhsil nümayəndələrinin iştirak etməsi faktını biz çox yüksək qiymətləndiririk. Əminəm ki, elm və təhsil sahəsində XX əsrdə formalaşmış çoxşaxəli əlaqələr, bizim Milli Elmlər Akademiyasının və Rusiya alimlərinin əlaqələri dövlətlərimizin möhkəmlənməsində və inkişafında elmin rolunun daha da güclənməsi üçün yeni impuls alacaqdır.

Mən Bakıya gəlmiş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Vasilyeviç Torkunovu və Rusiya Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Konstantinoviç Yeqorovu salamlamaq istərdim.

Forumda Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim İosifoviç Pivovar başda olmaqla Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də geniş təmsil olunmuşdur. Fürsətdən istifadə edərək, mən onların hamısına xalqlarımız arasında dostluğun möhkəmlənməsinə verdikləri töhfəyə görə təşəkkürümüzü bildirmək istəyirəm.

Forumun işində Ümumrusiya Azərbaycanlılar Konqresinin sədri, Rusiya Tibb Elmləri Akademiyasının üzvü Məmməd Cavadoviç Əliyev başda olmaqla ÜAK üzvləri də iştirak edirlər. Konqresin bioqrafiyası o qədər də geniş deyil, lakin o, necə deyərlər, formalaşmışdır və Rusiya Prezidenti Administrasiyası ilə əlaqəli fəaliyyət göstərərək ümumi işimizin xeyrinə xidmət edir.

Mən forumun işində səhiyyə xadimlərinin böyük bir qrupunun iştirak etməsini xüsusi vurğulamaq və onları salamlamaq istərdim. Bunu qeyd etmək xoşdur ki, bu gün bu salonda bizimlə bərabər Azərbaycanda yaxşı tanınan və ehtiram göstərilən akademik Renat Süleymanoviç Akçurin də vardır.

Bizim forumun iştirakçılarının ən çoxsaylı qrupu postsovet məkanında tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləridir. Sağlam ictimai fikrin, insanların xoş ovqatının formalaşması onlardan asılıdır. Zənnimcə, belə desəm səhv etmərəm ki, məhz onlar insanları obyektiv informasiya və doğru sözlə təmin etməklə xalqlarımız arasında dostluğun inkişafına və möhkəmlənməsinə xidmət etməlidirlər. Mən Rusiyanın kütləvi informasiya vasitələrinin forumumuzda iştirak edən bütün rəhbərlərini ürəkdən salamlayıram. Ümid etmək olar ki, bu cür nüfuzlu jurnalist korpusunun Azərbaycana səfəri izsiz qalmayacaq, ölkəmiz haqqında həqiqət televiziya və radio kanallarında, qəzet və jurnal səhifələrində daha geniş işıqlandırılacaqdır.

Bu xadimlər qrupunda İTAR-TASS Agentliyinin Baş direktoru, bizim forumun təşkilatçılarından biri olan Vitali Nikitiç İqnatenkonun adını xüsusi qeyd etmək istərdim. 2003-cü ildə biz Bakıda rus mətbuatı qurultayını birlikdə keçirəndə əməkdaşlığımızın bu cür miqyas alacağını və belə formalar kəsb edəcəyini təsəvvür etmək çətin idi.

Bu gün mən bu salondakı qonaqlarımız arasında xeyli tanış şəxsləri görürəm. Onlarla bizi çoxillik səmərəli əməkdaşlıq münasibətləri bağlayır. Mən məhz şəxsi təcrübəyə əsaslanaraq demək istəyirəm ki, bu forum, əlbəttə, rəsmi görüşlər çərçivəsi ilə məhdudlaşmır. Əlbəttə, bu forum parlamentlər səviyyəsində, mədəni və elmi sahələrdə mübadilələrin, şəxsi əlaqələrin hərtərəfli genişlənməsinə və dərinləşməsinə xidmət etməlidir. Lakin mənə belə gəlir ki, bizim əməkdaşlığın bugünkü səviyyəsini nəzərə alsaq, bunlar azdır. Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır. Əminəm ki, bu forum XXI əsrdə bizim əməkdaşlığın vektorunu təyin edəcək bir sıra perspektivli layihələrə start verəcəkdir.

Azərbaycan-Rusiya münasibətlərinin tarixinə humanitar əməkdaşlıq baxımından nəzər salmağa cəhd göstərsək, bu münasibətlərə hətta qısa ekskurs belə çoxillik tədqiqatlar aparılmasını tələb edərdi. Burada biz Rusiya maarifçilərini, Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mirzə Kazımbəyin fəaliyyətini, Lermontovun Azərbaycan dastanının motivləri əsasında yaratdığı gözəl "Aşıq Qərib" əsərini, Yeseninin Bakı haqqında ürəkdən gələn sətirlərini və ümumi tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar hadisələri və təzahürləri xatırlaya bilərik.

Dostluq ongünlükləri və həftələri mənim nəslimin yaddaşından hələ silinməmişdir. Onda Azərbaycan mədəniyyəti öz nailiyyətlərini Moskvada nümayiş etdirir, bizim isə Bakıda Moskva teatrlarının tamaşalarına baxmaq imkanımız yaranırdı. "Koroğlu" operasının Moskvadakı uğurlu nümayişi və Rusiya mədəniyyətinin Dmitri Dmitriyeviç Şostakoviç kimi korifeylərinin Bakıya gəlişi də ümumi tariximizin ayrılmaz hissəsinə çevrilmişdir.

Bu gün bizi tariximizin sovet dönəmi adlandırdığımız dövründən təxminən 20 il ayırır. Əslində Azərbaycan düz 20 il əvvəl, 1990-cı il yanvarın 20-də sovet totalitarizminə qəti "yox" demişdi. O faciəli gecədə Qorbaçovun əmri ilə hökumət fövqəladə vəziyyət elan etmədən Azərbaycana qoşun yeritmişdi. Bu qoşunun tərkibində Şimali Qafqazdan ehtiyatda olan erməni hərbçiləri də var idi. Bu əməliyyat dinc əhaliyə qarşı görünməmiş qəddarlıqla müşayiət olunmuşdur.

Lakin Qorbaçov 1988-1990-cı illərdə təcavüzkar əhval-ruhiyyəli ermənilərdən ibarət qruplar azərbaycanlıları əzəli torpaqlarından qovanda, evləri yandıranda və bütün bunlar çoxsaylı insanların, o cümlədən qocaların, qadınların və uşaqların qəddarcasına qətlə yetirilməsi ilə müşayiət ediləndə, vəhşiləşmiş kütlə hamilə qadınların qarnını yaranda, döşlərini kəsəndə və s. nə üçünsə Yerevana qoşun yeritmədi. Təəssüf ki, ittifaqın kütləvi informasiya vasitələri susurdu, hətta onların bəziləri Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını açıq-aydın dəstəkləyirdi.

Bu aksiya nəticəsində 147 dinc sakin, o cümlədən uşaqlar və təcili yardım həkimləri həlak olmuş, 700-dən çox adam yaralanmışdı. Bu qanlı faciə sovet ordusunun ölkəmizin dinc əhalisinə qarşı cinayəti idi. Bu insanların günahı təkcə o idi ki, onlar Mixail Qorbaçov başda olmaqla ölkənin siyasi rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycandan ayrılması planına qarşı etirazlarını bildirməyə cürət etmişdilər.

Bu il yanvarın 20-də, Yanvar hadisələrinin 20-ci ildönümü günü Azərbaycan Prezidenti İlham Əliyev bu qəhrəmanların şərəfinə ucaldılmış abidənin açılışında iştirak etmişdir. Bu abidə həm amansızcasına əzmə maşınının məhv etdiyi həmvətənlərimizə görə kədərimizin, həm də totalitarizmə qarşı çıxış etmək üçün özümüzdə qüvvə və cəsarət tapmağımıza görə iftixar hissinin təzahürüdür.

SSRİ-nin süqutunu müşayiət edən sistemli böhran bütün postsovet məkanını bürümüş silsilə siyasi, iqtisadi və sosial böhranlara transformasiya etmişdi. Bu illər ərzində biz bir çox aktual məsələləri həll etməyə çalışırdıq, gələcək inkişafımızın yeni paradiqmasını qururduq.

Bütün XX əsr boyu biz Sovet İttifaqında kommunist cəmiyyətinin qurulması yollarını tez-tez müzakirə etmişik. Lakin heç zaman postkommunizm dövrü necə olmalıdır və ya olacaqdır barədə düşünməmişdik. Yəqin ki, indi biz sizinlə həmişəkindən daha yaxşı anlayırıq ki, postkommunizmin demokratiyaya keçiddən daha böyük olması nəticəsinə gəlmiş alimlər nə qədər doğru düşünürlər. Mahiyyət etibarilə bu, həm siyasi, həm iqtisadi, həm də şəxsi və ictimai həyatın bütün cəhətlərini əhatə edən fundamental dəyişikliklər dövrüdür.

Totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar münasibətlərinə, nəhəng imperiyanın bir hissəsindən milli dövlətə tranzit bütün postsovet ölkələri üçün çox çətin olmuşdur. Azərbaycanda da bu proseslər asanlıqla cərəyan etməmişdir. Biz keçid dövrünün mürəkkəb şəraitində həm siyasi, həm iqtisadi, həm də sosial böhranları dəf etməli olmuşuq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş siyasəti sayəsində Azərbaycan XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoymuşdur.

SSRİ dağılandan və ölkələrimiz müstəqillik əldə edəndən sonra münasibətlərimizin yeni mərhələsi Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Məhz o vaxt Prezident Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aşağıdakı konseptual fikri söyləmişdi: "Bizim məqsədimiz - qaliblər və məğlublar olmadan sülhün bərqərar olmasına kömək etməkdir". Bu fikir öz aktuallığını bu gün də saxlayır. Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli bizim müxtəlif səviyyələrdə münasibətlərimizə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir.

2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı əməkdaşlığımızın tamamilə yeni müstəviyə keçməsinin əlaməti olmuşdur. Bu, əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının başlanğıcı idi.

Heydər Əliyev bu mərhələni bizim bəyanatlardan və sazişlərdən niyyətlərimizin konkret reallaşdırılması dövrünə keçid mərhələsi adlandırmışdır. Onun Sankt-Peterburqda söylədiyi nitqində Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir bizim xarici siyasətdə Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir.

Heydər Əliyev böyük rus mədəniyyətinin mənəvi qaynaqlarından danışarkən xüsusi vurğulamışdır ki, onun üçün rus ruhunun həqiqi böyüklüyünün rəmzi Leninqradın mühasirəsi dövründə Ermitajın soyuq zallarında dahi Nizaminin anadan olmasının 800 illiyinin bayram edilməsidir.

Bütün XX əsr ərzində Azərbaycan rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və elə bir mədəni məkan formalaşdırmaq imkanına malik olmuşdur ki, bizim forum da müəyyən mənada həmin məkanın qorunub saxlanmasına və genişləndirilməsinə xidmət edir. Bu gün humanitar əməkdaşlığımız bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir. Bu əməkdaşlığın həcmini və sürətini səciyyələndirmək üçün Rusiya artistlərinin Bakıya qastrol səfərlərinin afişalarına nəzər salmaq kifayətdir.

İTAR-TASS və RİA-Novosti kimi informasiya agentliklərinin Azərbaycanda müstəqil ofislər səviyyəsində fəaliyyəti göstərir ki, biz informasiya mübadiləsi sahəsində rus dilinə diqqəti azaltmırıq.

Biz haqlı olaraq fəxr edirik ki, təhsil sistemimizdə nəinki rus dilinin öyrənilməsini, hətta rus dilində təlimi də qoruyub saxlaya bilmişik. Rus dili ölkəmizdə həm rus dilində orta və ali təhsil almaq, həm də rus dilinin xarici dil kimi öyrənilməsi səviyyəsində təmsil olunmuşdur. Cəmi bir, lakin kifayət qədər sanballı rəqəm göstərmək istəyirəm: Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır.

Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması əyani şəkildə göstərir ki, bizim uğurlu əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır.

Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı uğurla fəaliyyət göstərir. Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının və mədəni məkanın formalaşmasına fəal kömək edir.

Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümədə ümumi tirajı milyon yarım nüsxə olmaqla nəşr edilmişdir. Bu humanitar layihələrin həyata keçirilməsi bizim iqtisadiyyatın dinamik inkişafı sayəsində mümkün olmuşdur. Bu Beynəlxalq Muğam Mərkəzinin salonu bu gün təhsil və mədəniyyətdə həyata keçirilən dəyişikliklərin miqyasını çox gözəl nümayiş etdirir.

Ümumiyyətlə, son illərdə ölkəmizdə modernləşdirmə ruhlu qərarların bütöv bir kompleksi həyata keçirilmiş, bu qərarlar Azərbaycanı Cənubi Qafqazda özünün iqtisadi liderliyini təmin etməyə qabil olan, sabit siyasi sistemə malik bir dövlətə çevirməyə imkan vermişdir. Məsələ təkcə bununla bitmir. Milli tranzit sahəsində bizim təcrübəmizin iki əsas tərkib hissəsi - iqtisadi və siyasi komponentlər dünya maliyyə və iqtisadi böhranı dövründə özünün fəaliyyət qabiliyyətini xüsusilə parlaq şəkildə nümayiş etdirmişdir.

2009-cu ilin yekunları göstərir ki, başa çatmış ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 9,3 faiz artmışdır. Üstəlik, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar reallaşdırılmışdır. Dünya iqtisadiyyatının ürək açmayan xarakteristikaları fonunda artım göstəricisinin 9,3 faiz olması faktının özü 2009-cu ilin bizim üçün nə qədər uğurlu olmasını aydın göstərir. Azərbaycan iqtisadiyyatı hələ 2008-ci ildə bütün Cənubi Qafqaz iqtisadiyyatının üçdə iki hissəsini təşkil edirdi.

Onu da vurğulamaq zəruridir ki, başa çatmış ildə inflyasiya səviyyəsi cəmi 1,5 faiz olmuş, il ərzində Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar sərmayə qoyulmuşdur.

Biz hətta bu mürəkkəb vaxtda belə bir sıra yeni müəssisələr, o cümlədən Sumqayıt texnoparkını istifadəyə vermişik. Bu gün ölkənin valyuta ehtiyatlarının həcmi 20,4 milyard dollar təşkil edir. 2003-2008-ci illərdə ölkədə işsizliklə bağlı əsas problemlər həll edilmişdir. Keçən il daha 74 min yeni iş yeri açılmışdır.

Ölkəmizin inkişafının humanitar tərkib hissəsini səciyyələndirmək üçün xüsusi qeyd etmək istərdim ki, 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmiş, 59 səhiyyə müəssisəsi təmir edilmiş, 5 iri olimpiya kompleksi istifadəyə verilmişdir. Ölkədə ünvanlı sosial yardım proqramının həyata keçirilməsi davam etmişdir.

2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdur. Bütünlükdə bizdə ekoloji vəziyyət yaxşıdır. Lakin neft və qaz sənayesinin inkişafı nəticəsində neft və neft tullantıları ilə çirklənmiş Abşeron yarımadasının sağlamlaşdırılmasına ehtiyac vardır. Bu il çərçivəsində biz Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini başa çatdırmaq, bir milyon təzə ağac əkmək, tullantıların təkrar emalının həcmini genişləndirmək və bir sıra digər layihələr həyata keçirmək niyyətindəyik.

Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa çatdıra bilmişdir. Hazırda bu, liberal, müstəqil, davamlı, öz ehtiyatlarına əsaslanan iqtisadiyyatdır. Bu nəticəyə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin tam şəkildə nümayiş etdirdiyi böyük siyasi iradə, uzaqgörənlik lazım idi. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi məhz onun xidmətləridir.

İlham Əliyevin öz ehtiyatlarımızdan istifadə edilməsinə, Azərbaycanın milli maraqlarının müdafiəsinə yönəlmiş ölçülüb-biçilmiş siyasəti sayəsində biz bu çətin yolu keçə və MDB məkanında ən sürətlə inkişaf edən ölkə ola bilmişik. İlham Heydər oğlundan soruşanda ki, "mürəkkəb böhran dövründə Azərbaycan siyasətinin uğurunun sirri nədədir?" o, adətən siyasətinin bir neçə istiqamətini qeyd edir. Bu, əlbəttə ki:

- istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət;

- milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət;

- təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi;

- sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət;

- sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi;

- ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sairdir.

Bax, belə bir şərhi asan, həyata keçirilməsi çətin mexanizm. Lakin 2009-cu ilin yekunları Prezidentin atdığı addımların səmərəliliyini nümayiş etdirdi.

2009-cu ildə Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olmağı davam etdirmişdir. Bizim üçün olduqca vacib sahədə Azərbaycanın mövqeyini forum iştirakçılarının diqqətinə çatdırmaq istərdim. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınmış, onun bərpa edilməsinin zəruriliyi müvafiq qətnamələrlə təsdiq edilmişdir. Şübhəsiz ki, o, bərpa edilməlidir.

Ötən ilin sonunda ATƏT-in xarici işlər nazirləri səviyyəsində Afinada keçirilən iclasında bu münaqişənin məhz ərazi bütövlüyü çərçivəsində həllinə dair sənəd qəbul edilmişdir. Münaqişə dövrü ərzində ilk dəfə Ermənistan bu sənədə qoşulmuş və etiraf etmişdir ki, problemin həlli yalnız ərazi bütövlüyü çərçivəsində mümkündür. Beləliklə, ərazi bütövlüyü prinsipinin xalqın öz müqəddəratını təyin etməsi problemi ilə qarşı-qarşıya qoyulduğu uzun dövr başa çatmışdır. Nəticə sadədir: öz müqəddəratını təyinetmə məsələsi ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.

Mən Rusiyanın ziyalı elitasının burada iştirak etməsindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin tarixindən daha ətraflı danışmaq istərdim. Əlbəttə, bu gün Rusiyada bu münaqişə barədə çox yazılır. Şübhəsiz ki, yazılar müxtəlifdir. Onların bir hissəsi, həqiqətən, məsələnin mahiyyətini anlamağa və münaqişədən çıxış yollarını axtarmağa kömək edir. Digər hissəsi isə yalnız bir tərəfin mövqeyini bilərəkdən qərəzli şəkildə ifadə edir.

Bütün bu hadisələrin bilavasitə şahidi kimi mən jurnalistləri hadisələri daha peşəkarcasına işıqlandırmağa çağırmaq istərdim. Bəzən elə təəssürat yaranır ki, bu mövzuda yazanlar Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə məşhur məktubunu oxumamış, XIX əsrin əvvəllərində Qafqazın real etnik xəritəsi barədə heç bir məlumata malik deyillər. Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra təkcə İrandan Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına 40 mindən çox erməni köçürülmüş, İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin ümumi sayı isə təxminən 200 min nəfər təşkil etmişdir. Təsadüfi deyildir ki, Aleksandr Qriboyedov yazırdı ki, azərbaycanlılar köçkün ermənilərin həmişəlik Qarabağda qalacağından qorxurlar.

1978-ci ildə Dağlıq Qarabağda ermənilərin buraya köçməsinin 150-ci ildönümünə həsr olunmuş abidənin təntənəli açılışı olmuşdur. Bütün bunlara baxmayaraq, mətbuatda bəzən indi də Dağlıq Qarabağın Azərbaycana İosif Stalin tərəfindən hədiyyə edilməsi barədə cəfəng bəyanatlar səslənir.

Stalin "hədiyyələri" barədə yalnız belə arayış verə bilərəm. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ərazisi 114 min kvadratkilometrə bərabər idi. İndi bu rəqəm 86,6 min kvadratkilometrdir. 1937-ci il şəraitində sərhədlər elə cızılmışdı ki, 300 min azərbaycanlının yaşadığı böyük bir ərazi Ermənistan SSR-in, 500 min azərbaycanlının yaşadığı digər bir ərazi Gürcüstan SSR-in tərkibinə verilmişdi. 1948-ci ildə Stalinin bədnam fərmanları guya vətənlərinə qayıdan ermənilər üçün torpaqların boşaldılması məqsədi ilə Azərbaycan əhalisinin böyük hissəsinin Ermənistandan Azərbaycana köçməsini nəzərdə tuturdu. Bu, yəqin ki, Stalinin Azərbaycan xalqına "hədiyyələrinin" tam siyahısı deyildir.

1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarananda Ermənistanın ərazisi təxminən 10 min kvadratkilometr idi. 1918-ci il mayın 19-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti bəzi dövlətlər arasında razılığa əsasən, İrəvan şəhərini paytaxt kimi Ermənistana verməyə məcbur oldu. Bununla bağlı müvafiq sənədlər vardır. Ermənistan əvvəlcədən bəyan edirdi ki, İrəvan ona verilərsə, bir də heç zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəkdir. Sovet hakimiyyəti illərində Ermənistan ərazisi Azərbaycan ərazisi hesabına daha 19 min kvadratkilometr genişləndi və bu gün artıq 29 min kvadratkilometr təşkil edir.

Mən hələ onu demirəm ki, 1918-ci ilin martında Stepan Şaumyan silahlı daşnak dəstələri ilə birlikdə Bakıda talanlar törədərək yüzlərlə dinc sakini qətlə yetirib Bakı şəhərini yatıb yuxusunda gördüyü Ermənistan dövlətinin paytaxtına çevirmək istəyirdi.

Lakin Azərbaycan xalqı bütün bu ağır sınaqlara davam gətirdi. Bu gün Azərbaycan sabit və çiçəklənən dövlətdir. Burada onlarca xalqın nümayəndələri tam milli sülh və həmrəylik şəraitində yaşayır. Yeri gəlmişkən, bu gün Azərbaycanda 20 min erməni yaşayır, halbuki 1979-cu ildə ümumittifaq siyahıyaalmaya görə Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlıdan orada biri də qalmamışdır.

Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi həmişə mədəniyyətlərin daimi dialoqunu təmin etməyə qabil olan ən yüksək tolerantlıq diyarı kimi məşhur olmuşdur. Ölkəmizin tarixində heç vaxt ksenofobiyaya və düşmənçiliyə yer olmamışdır. 1988-ci ilin əvvəlində - süni şəkildə yaradılmış bu münaqişənin başlanğıc mərhələsində erməni ekstremistləri Əsgəranda 2 nəfər gənc azərbaycanlını qətlə yetirmiş, bununla da kədərli statistikanın başlanğıcı qoyulmuşdur: bu qarşıdurmada 20 min Azərbaycan vətəndaşı həlak olmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

XX əsrin sonunda Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət nədənsə jurnalistlərin diqqətindən kənarda qalır, hərçənd bu rəqəmlərin hər birinin arxasında böyük bir insan faciəsi gizlənir.

Bu gün ölkə ərazisində bir dənə də olsun çadır düşərgəsi qalmamışdır. Lakin buna nail olmaq o qədər də asan deyildi. Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin ağır sosial vəziyyətini heç olmasa bir qədər yaxşılaşdırmaq üçün nə mümkündürsə edir. Lakin beynəlxalq hüququn bütün tələbləri və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla bu münaqişə əsaslı şəkildə həll edilmədən məcburi köçkünlərin və qaçqınların doğma yerlərinə qayıtması qeyri-mümkündür. Hərçənd, etiraf etmək lazımdır ki, bütün bu dəhşətlərin, erməni silahlı dəstələri tərəfindən törədilmiş təcavüzün və torpaqlarımızın işğal edilməsinin şahidi olmuş insanların qəlbində onilliklər boyu rahatlıq olmayacaqdır. Axı bu gün ermənilər təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı əhalisi sırf azərbaycanlılar olan yeddi rayonu da guya təhlükəsizlik zolağı yaratmaq məqsədilə işğal etmişlər.

Mən bu məsələlərə toxunaraq xüsusi vurğulamaq istərdim ki, münaqişə mövzusuna müraciət edilməsi bu hadisələri işıqlandırmaq məsuliyyətini öz üzərinə götürən insandan ən yüksək peşəkarlıq və hazırlıq səviyyəsi tələb edir. Əminəm ki, münaqişənin işıqlandırılması ilə əlaqədar vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər və yaxşılaşdırılmalıdır.

Yalnız bu münaqişə öz ədalətli həllini tapandan sonra biz regionda hərtərəfli əməkdaşlığa hazırıq.

Bizim forumun bayram əhvali-ruhiyyəsində bu mürəkkəb məsələyə bəlkə də toxunmamaq olardı. Lakin bu, Azərbaycan üçün o qədər ümdə məsələdir ki, onun barəsində susmaq, sadəcə olaraq, düz olmazdı.

Bir neçə gün bundan əvvəl bizim və elə Rusiyanın da bütün agentliklərinin informasiya lentlərində belə bir xəbər yayılmışdır ki, biz, nəhayət, əhalisinin sayı 9 milyon olan ölkəyə çevrilmişik. Bu, dolayı şəkildə də olsa nə qədər dinamik inkişaf etməyimizin, bizim vətəndaşların maddi rifahının artmasının göstəricisidir. Keçən il Azərbaycanda doğulmuş 152 min uşaq arasında valideynləri qaçqınlar və məcburi köçkünlər olanlar da vardır. Mən çox istərdim ki, həmin uşaqlar ən yaxın vaxtda öz atalarının və babalarının yurdlarını görə bilsinlər.

2009-cu il göstərdi ki, biz böhran ilində də uğurla inkişaf edə bilirik, iqtisadiyyatımız MDB məkanında ən rəqabətədavamlı iqtisadiyyatdır. Humanitar sahədə Azərbaycanda yeni il bizim forumun işi ilə başlanır. Bu, əlamətdar faktdır. 2009-cu ilin sonunda baş vermiş hadisələr də bundan az əlamətdar olmamışdır. Xatırladım ki, noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev birlikdə Ulyanovsk şəhərində Heydər Əliyevin abidəsinin və onun adını daşıyan meydanın açılış mərasimində iştirak etmişlər. Elə həmin gün ölkələrimizin prezidentləri Heydər Əliyevin hələ 1984-cü ildə planlaşdırdığı Volqa çayı üzərindən salınan yeni körpünü açmışlar.

Dərin rəmzi məna daşıyan bu hadisə göstərir ki, ölkələrimizin tarixi və bu günün reallıqları minlərlə görünən və görünməz tellərlə bağlıdır. Bugünkü forum da bir növ körpüdür - ikitərəfli hərəkət olan körpü. Bu, xalqlarımızı birləşdirən və yaxınlaşdıran körpüdür. Bu körpü üzərində səmərəli hərəkəti təmin etmək sizin və bizim vəzifəmizdir.

Ulyanovskda Dmitri Medvedevin və İlham Əliyevin görüşü zamanı Dmitri Anatolyeviç demişdir ki, biz "təkcə paytaxtlarda, təkcə Moskvada və Bakıda, yaxud başqa iri şəhərlərdə deyil, həm də ucqar bölgələrdə görüşə bilərik". Düşünürəm ki, bizim forum da həmin təklifdən istifadə etməli və gələcəkdə görüşlərimiz Azərbaycanın və Rusiyanın müxtəlif regionlarında təşkil edilməlidir.

Son olaraq həmin Ulyanovsk görüşü ilə əlaqədar daha bir sitat gətirmək istərdim. Volqa üzərindən körpünün açılışında İlham Heydər oğlu Əliyev demişdir: "Ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir, aramızda çox sıx münasibətlər yaranmışdır, prezidentlər səviyyəsində tez-tez əlaqə saxlayırıq. Biz bu münasibətləri strateji tərəfdaşların, mehriban qonşuların, dostların münasibətləri kimi səciyyələndiririk. Bugünkü görüş və Ulyanovska dəvət də bunu təsdiq edir. Bir müddət bundan əvvəl Dmitri Anatolyeviç mənə zəng vuranda onun məni bu tədbirə dəvət edəcəyini güman etmirdim. Bu, olduqca dəyərli dəvətdir, mən çox mütəəssir oldum. Bu, məhz xalqlarımız arasında, ölkələrimiz arasında münasibətlərin ruhuna uyğundur".

Biz də məhz həmin münasibətlərin ruhunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Son dərəcə nəcib olan bu işdə hamımıza uğurlar diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

 

* * *

 

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, "TEFİ" Rusiya Televiziya Akademiyasının prezidenti Mixail Şvıdkoy, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif peşə adamları arasında humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Çıxış edənlər bildirmişlər ki, sərhədləri dövlətlər çəkir, mədəni qarşılıqlı əlaqələr isə onları genişləndirir. Xalqlarımızın bir-birini daha yaxşı başa düşməsi bizim üçün çox vacibdir. Çox vacibdir ki, hər iki ölkənin ziyalıları tez-tez görüşsünlər, problemləri həll etsinlər, gələcək layihələr barədə razılığa gəlsinlər.

Əsası 1724-cü ildə, Rusiya ilk səfirini Azərbaycana göndərəndə qoyulmuş Azərbaycan-Rusiya əlaqələrinin əsas inkişaf mərhələlərindən danışan natiqlər qeyd etmişlər ki, bu tarixi dövr ərzində həm faciəli, ağır, həm də xoş və yaxşı hadisələr baş vermişdir. Azərbaycan xalqının mərd oğulları böyük müharibələr dövründə rus xalqının nümayəndələri ilə çiyin-çiyinə döyüşərək mərdlik və qəhrəmanlıq nümunələri göstərmişlər. İndi çoxları bilmir ki, Birinci Dünya müharibəsinin qəhrəmanları, Georgi silahı ilə mükafatlandırılmış səkkiz rus sərkərdəsi arasında artilleriya generalı, çoxmillətli Qafqazın yeganə nümayəndəsi, azərbaycanlı Səmədbəy Mehmandarov da vardır. Rus həmkarları azərbaycanlı Əliağa Şıxlinskini "rus artilleriyasının atası" adlandırmışdılar. Hərbi dərsliklərdə "Şıxlinski üçbucağı" terminindən geniş istifadə olunur. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıqla döyüşən 680 mindən çox Azərbaycan oğul və qızının 130-dan çoxu Sovet İttifaqı Qəhrəmanı, 14 nəfər isə Şərəf ordeninin bütün dərəcələrinə layiq görülmüşdür.

İki yüz ildən artıq Rusiya ilə Azərbaycan əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının tərkibində bir yerdə olmuşlar. 1991-ci ildə iki müstəqil dövlət arasında bərabərhüquqlu münasibətlər qurulmuşdur.

Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir. Bu gün ölkələrimiz sabitliyə, konstruktivliyə, təkcə yaxın gələcəkdə deyil, həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərirlər. Hazırda mövcud olan böyük normativ-hüquqi baza əsasında qarşılıqlı münasibətlərimiz qurulur və birgə layihələr həyata keçirilir.

Azərbaycanın və həmçinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafından danışan natiqlər ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və iki ölkə arasında əlaqələrin genişlənməsində misilsiz xidmətlərini vurğulamışlar.

Azərbaycan ilə Rusiya arasında münasibətlərdə humanitar əməkdaşlıq mühüm yer tutur. 2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilmişdir. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Rusiyada çoxsaylı Azərbaycan diasporu vardır. Gənc azərbaycanlılar bu ölkədə bir çox klublar təşkil etmişlər. Bununla əlaqədar Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını (RAGT) təsis etmək ideyası yaranmışdır. RAGT Rusiyanın müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi Vətəni ilə sıx əlaqələr saxlamağa çalışan gənc azərbaycanlıların birliyidir.

RAGT-nin təşəbbüsü ilə Rusiyanın gənclər təşkilatlarının nümayəndələri Azərbaycana gəlir, burada yaşıdları ilə görüşür, təcrübə mübadiləsi aparır, mövcud problemləri müzakirə edir, yeni dostlar tapır və Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olurlar.

Hazırda ölkəmizdə çoxlu beynəlxalq gənclər layihələri həyata keçirilir, gənclərin görüşlərində Rusiyadan gələn nümayəndələr də iştirak edirlər. Ötən il Azərbaycanda yeniyetmələr arasında kimya, fizika və biologiya üzrə elmi olimpiada keçirilmişdir. Yarışmada Rusiya komandası birinci yeri tutmuşdur.

İki ölkə arasında idman sahəsində qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyi digər ölkələrin gənclər və idman təşkilatları ilə əlaqələrin qurulmasında maraqlıdır. Rusiya və onun subyektləri ilə qarşılıqlı münasibətlər də istisna deyildir. Azərbaycanın nazirlik və gənclər təşkilatlarının nümayəndələri Rusiyada keçirilən tədbirlərdə fəal iştirak edir, Rusiya nümayəndələri isə Azərbaycana gəlirlər. Rusiya Federasiyasının bir sıra subyektlərində müvafiq qurumlarla sıx əlaqələr yaradılmışdır.

MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin xətti ilə keçən ilin baharında Azərbaycanda Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin açılışı olmuşdur. Agentlik ictimai əlaqələrin və rus dilinin inkişafına fəal kömək etmək niyyətindədir. Son vaxtlar Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti xeyli canlanmışdır. Agentlik Rusiyadakı Azərbaycan diasporu ilə müəyyən işlər aparmağı planlaşdırır. Bu məqsədlə agentliyin mütəxəssisləri müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək üçün azərbaycanlı həmkarları ilə, habelə Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəhbərliyi ilə görüşlər təşkil edirlər.

Forumda hər iki ölkənin elm xadimləri arasında əlaqələri genişləndirməyin zəruri olması fikri səslənmişdir. Hazırda Azərbaycanda iki müştərək Azərbaycan-Rusiya filminin çəkilişləri aparılır. Onlardan birinin çəkilişi başa çatmaq üzrədir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası göstəriləcəkdir. Tamaşada Mariinsk Teatrının solisti çıxış edir. Azərbaycan teatrlarının repertuarına müntəzəm olaraq rus klassiklərinin əsərləri daxil edilir.

Forumda Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərinin Rusiya səhnəsində ifa edilməsi, bizim dramaturqların pyeslərinin Rusiya teatrlarında tamaşaya qoyulması, Azərbaycan teatrlarının tamaşalarına Rusiyadan rejissorlar cəlb edilməsi, habelə bizim teatr kollektivlərinin RF-yə qastrollarının təşkil olunması təklif edilmişdir.

Turizm sahəsi humanitar əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi ölkəmizə gələn turistlərin Azərbaycanın təbiəti, xalqımızın adət və ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verəcəkdir. Bu il Rusiyanın "Vokruq sveta" nəşriyyatı ilə birlikdə ilk dəfə "Azərbaycan üzrə sorğu kitabı" dərc edilmiş və Rusiyanın kitab ticarəti şəbəkəsində yayılmışdır. Şübhəsiz, bu tədbir Rusiya vətəndaşlarının diqqətini Azərbaycana cəlb edəcəkdir.

İlk addımlarını atan Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyəti keçən ilin axırlarında seçilmişdir. Cəmiyyət Heydər Əliyev Fondu və Bakı Dövlət Universiteti üçün humanitar ədəbiyyat kitabxanası yaratmışdır. Bu rəmzi addımı atmaqla cəmiyyət Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun işində iştirak etmişdir.

Çıxış edənlər vurğulamışlar ki, xalqlarımız dinc yanaşı yaşadığı dövrdə mədəniyyət sahəsində qarşılıqlı zənginləşmişlər. Azərbaycan rus ədəbiyyatına - həm nəsrə, həm də poeziyaya, habelə musiqiyə və təsviri incəsənətə xeyli gözəl nümunələr bəxş etmişdir. Rusiya da öz növbəsində müasir təfəkkür formalarını Azərbaycana təqdim etmişdir. Azərbaycan rus mədəniyyəti vasitəsilə dünya mədəniyyəti ilə tanış olmuşdur. Bugünkü forum bir daha təsdiq edir ki, bu əlaqələr kəsilmir.

Azərbaycan xalqı Rusiya ictimaiyyətindən özü üçün ən mühüm problemdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində onu başa düşməsini gözləyir. Azərbaycan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəkdir. Ermənilərin Azərbaycan torpaqlarına iddiaları nəticəsində yüz minlərlə azərbaycanlı indiki Ermənistan ərazisində əsrlər boyu yaşadığı ata-baba torpaqlarından qovulmuş, ötən əsrin sonlarında isə Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda etnik təmizləmə aparılmış, Xocalıda soyqırımı törədilmişdir. Bu humanitar fəlakətlərin təqsirkarlarını öz adı ilə çağırmağın vaxtı çatmışdır.

Forumun açılışında çıxış edən mədəniyyət xadimlərinin yekdil fikrinə görə, mənəvi dəyərlərin qorunması problemlərini müzakirə etmək, mədəniyyəti ucuz şou-biznesin təsirindən qorumaq məsələsinə dair fikir mübadiləsi aparmaq, ölkələrimizdə müasir standartların tətbiqi zamanı bədii təhsilin yüksək keyfiyyətini qoruyub saxlamaq zəruridir. Cəmiyyətin həyatında mədəniyyətin rolu əvəzsizdir, çünki insanın təfəkkürünü, onun əxlaqi keyfiyyətlərini bilavasitə formalaşdıran məhz mədəniyyətdir.

Çıxış edənlər vurğulamışlar ki, ziyalıların və vətəndaş cəmiyyətinin nümayəndələrinin, öz ölkələrinin inkişafında marağı olan insanların iştirak etdiyi Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu gələcəyə istiqamətlənmişdir. Əsas məqsəd qarşılıqlı əlaqələri gücləndirmək, birgə səylər əsasında hər iki ölkənin intellektual baxımdan daha da çiçəklənməsinə nail olmaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 2, 3.