Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Rusiyanın tanınmış tibb xadimləri ilə görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 22-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun "Tibb xadimləri" seksiyasının bir qrup nümayəndəsi ilə görüşmüşdür.

Görüşdə Mehriban xanım Əliyeva rəhbərlik etdiyi fondun fəaliyyəti haqqında məlumat verdi.

Fondun humanitar, xüsusilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirdiyini deyən Azərbaycanın birinci xanımı qaçqın məcburi köçkün ailələrdən, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını söylədi. Yarandığı gündən məqsədi məramı yalnız xalqa xidmət olan Heydər Əliyev Fondunun insanların problemlərinin həllində böyük rolu vardır.

Azərbaycanda səhiyyə sahəsinin ən yüksək standartlara cavab verməsi üçün görülən işlər haqqında söhbət açılan görüşdə bu sahənin inkişafında beynəlxalq kadr mübadiləsinə, səhiyyə ocaqlarının ən müasir avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirildiyi vurğulandı.

Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətini yüksək qiymətləndirən qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək burada gördüklərinin onlarda xoş təəssürat oyatdığını diqqətə çatdırdılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.