Bakıda "Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində" sərgisi açılmışdır

 

Yanvarın 23-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində" adlı sərginin açılışı olmuşdur.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları açılış mərasimində iştirak etmişlər.

Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək demişdir ki, sərgi "Keçmişdən gələcəyə" devizi altında keçirilir. Biz məhz öz ənənələrimizə, bir neçə nəslin səyi ilə yaradılmış iqtisadi və mənəvi potensiala istinad etməklə uğurlu gələcəyimizi qura bilərik. Sərgidə nümayiş etdirilən fotoşəkillərin hər biri kiminsə taleyində dönüş anı olmuş konkret hadisələrin təcəssümüdür. Hələ dünən yenilik sayılan hadisələr arxivlərdə qorunub saxlanmaqla bu gün qarşımızda ortaq tariximizin salnaməsi, bu tarixin bir hissəsi kimi canlanır.

Akademik Ramiz Mehdiyev xüsusi vurğulamışdır ki, ölkənin əsl sərvəti onun faydalı qazıntıları və mineral ehtiyatları deyil, insan potensialıdır. Qlobal maliyyə böhranı dövründə bu fakt daha kəskin hiss olunur.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyanın İTAR-TASS İnformasiya Agentliyinin kollektivinə, bu sərginin hazırlanmasında iştirak etmiş insanların hamısına təşəkkürünü bildirərək demişdir: "Tarixin ibrət dərslərindən biri xalqın özünə qayğıkeş münasibətidir. Bu sərgini gözdən keçirəndə bir daha yəqin edirsən ki, fotofakt da başqa tarixi sənədlər kimi ortaq tariximizin ayrılmaz tərkib hissəsidir. Lakin sənədlərin quru dilindən fərqli olaraq, fotoqrafiya çoxdan ötüb keçmiş günlərin nəfəsini duymağa imkan verir. Zənnimcə, bizim informasiya agentlikləri mahiyyət etibarilə ortaq keçmişimizin fotosalnaməsi olan arxivlərinə tez-tez müraciət etməlidirlər. Bu sərgidəki fotoşəkillərin birində biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə Ulyanovskda ucaldılmış abidəni görürük. Bu fotoşəkil də, həmin abidənin özü də əyani surətdə göstərir ki, biz keçən illərin bütün kataklizmlərinə rəğmən, nəsillərin və dövrlərin əlaqəsini qoruyub saxlaya bilmişik".

Ramiz Mehdiyev qeyd etmişdir ki, bu sərgi bakılılar üçün yaxşı hədiyyədir və onlar sərginin ekspozisiyası ilə məmnuniyyətlə tanış olacaqlar.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin hər iki ölkənin həyatında əlamətdar bir hadisə - Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində belə bir sərginin təşkil edilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, bu forum iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olmaqla bərabər, həm də xalqlarımızın qarşılıqlı əlaqələri genişləndirmək cəhdini, Rusiya və Azərbaycan xalqlarının mənəvi həyatını əks etdirir.

Sergey Narışkin demişdir: "Biz ən yüksək səviyyədə keçən, ən geniş iqtisadi əlaqələrə, xalqlarımızın və vətəndaşlarımızın dərin mənəvi yaxınlığına, bizim çox böyük əhəmiyyət verdiyimiz humanitar əlaqələrə əsaslanan fəal siyasi dialoq bazasında ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk".

Adi insani əlaqələrin genişləndirilməsinə çalışmağı ən böyük ehtiyat və resurs mənbəyi kimi qiymətləndirən S.Narışkin rusdilli təhsil və mədəniyyət məkanının qorunub saxlanmasına və genişləndirilməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri qeyd etmişdir ki, cari il Böyük Qələbənin yubileyi ilidir və MDB çərçivəsində "Veteranlar ili" adlandırılmış bu il "Biz birlikdə qalib gəldik" devizi altında keçəcəkdir. Bu sözlər bizim ortaq əlaqələrimizi çox dəqiq səciyyələndirir. Buna görə də gələcək nəsillər, bizim uşaqlarımız və nəvələrimiz bu ümumi Qələbə haqqında bilməlidirlər.

S.Narışkin sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Sonra mərasim iştirakçıları 105 fotoşəklin nümayiş etdirildiyi ekspozisiya ilə tanış olmuşlar. Bu eksponatların ən qədimi 1904-cü ilə aiddir. Həmin fotoşəkildə Bakı mədənlərində neft çıxarılması prosesi əks olunmuşdur. Sərgiyə gələnlər köhnə Bakının simasını, müxtəlif xalq ənənələrini, Novruz bayramını əks etdirən nadir kadrlara tamaşa etmişlər.

Görkəmli siyasi xadim Heydər Əliyevin həyatının müxtəlif mərhələləri, o cümlədən onun SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində fəaliyyəti ilə bağlı fotoşəkillər sərginin əsas eksponatlarıdır.

Ekspozisiyada Prezident İlham Əliyevin Rusiyaya səfərləri zamanı İTAR-TASS agentliyi əməkdaşlarının çəkdiyi, onun Rusiya dövlətinin birinci şəxsləri ilə görüşlərini əks etdirən çoxsaylı fotoşəkillər də vardır.

Sonra forum iştirakçıları İncəsənət muzeyinin ekspozisiyasına tamaşa etmiş, azərbaycanlı sənətkarların təsviri sənət və heykəltəraşlıq əsərləri ilə tanış olmuş, İngiltərənin məşhur Viktoriya və Albert muzeyinin burada nümayiş etdirilən "Mərkəzi Asiyanın örtükləri" ekspozisiyasına baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 2.