Rusiya-Azərbaycan münasibətlərində qarşılıqlı inam və etimad nümunəsi

 

Xarici siyasətdə varislik ənənələrinin qorunması Azərbaycanın son illərdəki uğurlarını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər: ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın milli mənafelərə əsaslanan tarazlaşdırılmış xarici siyasət doktrinasının müəllifi olmaqla yanaşı, bu siyasəti keyfiyyətcə yeni mərhələdə inamla davam etdirəcək praqmatik düşüncəli lider yetişdirmişdir. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur.

 

Azərbaycan Prezidentinin ötən 6 ildə həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq münasibətlərində mühüm rol oynamış, xüsusən də aparıcı qonşu dövlətlərlə əməkdaşlıq sahəsində yeni mərhələnin əsasını qoymuşdur. Bu baxımdan respublikamızın tarixən bağlı olduğu Rusiya Federasiyası ilə munasibətlərdə əldə olunan nəticələr diqqəti cəlb edir. Dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə çoxşaxəli əlaqələrin genişləndirilməsini vacib sayan cənab İlham Əliyev bu yönümdə bütün zəruri tədbirləri həyata keçirmişdir. "Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digərləri ilə pis münasibətdə olmaq lazımdır" - deyən Azərbaycan Prezidenti Qərbə inteqrasiyanı qətiyyən Rusiya ilə münasibətlərə xələl gətirəcək amil kimi nəzərdən keçirmir və bu yanaşmanı kökündən yanlış sayır.

Rusiyanın sabiq prezidenti, hazırkı Baş naziri Vladimir Putinin "Azərbaycanda Rusiya İli"nin açılışında iştirak etmək üçün 2006-cı ilin fevralında Bakıya səfəri göstərdi ki, iki qonşu dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür. Rəsmi Moskvanın Güney Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inam getdikcə möhkəmlənir. Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz iki ölkə arasında tarixən formalaşmış iqtisadi və mədəni əlaqələrdir.

Sovetlər Birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki müəyyən soyuqluq buna müəyyən problemlər yaradırdı. Son illərdə isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, psixoloji-siyasi gərginlik tamamilə azalmış, iqtisadi-siyasi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır və bunların 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlər yüksək dinamizmlə inkişaf edir. Müxtəlif iqtisadi layihələr həyata keçirilir, idxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşı olaraq qalır. Hazırda Azərbaycanda təxminən 350 Rusiya şirkəti fəaliyyət göstərir və onların 82-si 100 faiz Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak edir, bir neçə beynəlxalq konsorsiumda paya malikdir. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da ölkəmizlə iqtisadi əlaqələri gücləndirməkdə maraqlı görünürlər. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın əməkdaşlıq sazişi imzalanmışdır.

Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə iki qonşu dövlət arasında əmtəə dövriyyəsinin 40 faiz artaraq 3 milyard dolları keçməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, elektrik enerjisi, neft və neft-kimya məhsulları, təbii qaz ixrac olunur.

Rusiya Federasiyasında hakimiyyət olimpinə cənab Vladimir Putindən sonra onun gənc və enerjili siyasi varisi, rasional düşüncəli Dmitri Medvedevin yüksəlməsi ölkələrimiz arasında münasibətlərin qarşılıqlı maraqlar müstəvisində inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Rusiya Federasiyasının Prezidentinin 2008 və 2009-cu illərdə Bakıya səfərlərinin yekunları deməyə əsas verir ki, iki qonşu dövlət arasında tarixi təmələ söykənən əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün yaxşı imkanlar mövcuddur. Rusiyanın dövlət başçısının ilk səfərlərindən birini məhz Azərbaycana etməsi bu ölkənin yeni rəhbərliyinin respublikamızın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirməsindən xəbər verir.

Ümumiyyətlə, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Bunu cənab İlham Əliyevin son 6 ildə Rusiyaya dəfələrlə səfər etməsi də təsdiqləyir. Bu həm də rəsmi Kremlin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağının kifayət qədər səmimi olmasından xəbər verir. Yalnız 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev 4 dəfə Rusiya Federasiyasında səfərdə olmuşdur. Eyni zamanda Rusiya Prezidenti Dmitri Medvedev 2009-cu ilin iyun ayında Bakıda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycandan Rusiyaya qaz satışını nəzərdə tutan strateji əhəmiyyətli müqavilə imzalanmış, beləliklə, əlaqələrin enerji sahəsində də dərinləşdirilməsinə yaxşı imkanlar açılmışdır.

Son 2 ildə Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığının yüksəlməsi də mühüm məqam kimi diqqəti çəkir. Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı, əsasən də Rusiyanın dövlət başçısı Dmitri Medvedevin vasitəçiliyi ilə bu günlərdə Soçidə gerçəkləşən növbəti görüşü danışıqlar prosesinin pozitiv məcrada inkişafının təmin edilməsi, prinsipial mübahisə predmeti olan məqamlar üzrə müzakirələrin davam etdirilməsi baxımından faydalı sayıla bilər. Münaqişə tərəfləri arasında danışıqların intensivləşməsi fonunda son bir ildə dövlət rəhbərləri səviyyəsində sayca beşinci görüşün keçirilməsi ümumən prosesin əhəmiyyətli dərəcədə irəlilədiyinə dəlalət edir. Ümidverici amil həm də bundan ibarətdir ki, bu görüşlərin təşkilində Ermənistana siyasi və iqtisadi təsir imkanları kifayət qədər böyük olan Rusiya səmimi fəallıq nümayiş etdirir. Bu fəallıq təsadüfi deyil - dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı bu əsas münaqişə ocağının söndürülməmiş qalması qlobal planda cərəyan edən proseslərə mənfi təsir göstərməklə yanaşı, burada iqtisadi və siyasi maraqları olan aparıcı dövlətlərin, habelə beynəlxalq təşkilatların mənafelərini də ciddi şəkildə təhdid edir.

Bu intensivlik eyni zamanda Gürcüstanla 2008-ci ildəki lokal müharibədən siyasi baxımdan zərər çəkən, Qərblə münasibətləri gərginləşən Rusiyanın bölgədə nüfuzunu bərpa etmək cəhdləri kimi şərh edilir. Hesab olunur ki, rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas təşəbbüsü öz üzərinə götürməklə regiona nüfuz imkanlarını qoruyub saxlamağa, reabilitasiya olunmağa çalışır. Yaranmış vəziyyətdə Rusiyanın for-postu olan Ermənistan da danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyindən geri çəkilmək, müəyyən qaçılmaz reallıqları qəbul etmək məcburiyyətində qalmışdır. Ermənistanın rəhbərliyi bununla həm də Qərblə münasibətlərinin normal məcrada inkişafına çalışır.

İndiyə qədər münaqişənin "həll açarı"nın Rusiyanın əlində olması ilə bağlı mülahizələr kifayət qədər real əsaslara söykənir. Hər halda, Rusiyanın for-postu Ermənistana təsir göstərmək imkanı daha real görünür. Rəsmi Moskva bu addımı atmaqla, həm bölgəyə nüfuz imkanlarını genişləndirə, həm də Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını daha da dərinləşdirə bilər.

Son illər yaranmış xoş münasibətlərin məntiqi nəticəsi olaraq Rusiya respublikamızla əlaqələrin perspektivinə böyük inamla yanaşır, təkcə siyasi-iqtisadi deyil, həm də humanitar sahədə əməkdaşlığı genişləndirmək niyyətini konkret şəkildə ortaya qoyur. Bu günlərdə Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun keçirilməsi də ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələdə uğurla inkişafına dəlalət edir. Şübhəsiz, tarixən ayrı-ayrı xalqlar arasında mövcud olan humanitar və mədəni əlaqələr dövlətlərin siyasi baxımdan da yaxınlaşmasını, strateji tərəfdaşa çevrilməsini təmin etmişdir. Bu baxımdan Rusiyanın və Azərbaycanın elmi-mədəni elitası arasında tarixi kökləri olan əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi son dərəcə vacib, aktual məsələlərdən biridir.

Forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev iki dost və qonşu dövlət arasında münasibətlərin bütün sahələrdə yüksək dinamizmlə inkişafından razılıqla söz açmışdır: "...Yadımdadır, bir neçə il bundan əvvəl biz Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq, nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab edirəm ki, sizin nümayəndə heyəti və bu forumun keçirilməsi ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaradacaqdır".

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ölkələrimiz arasında humanitar əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulamış, bununla bağlı bir sıra faydalı və səmərəli təkliflərlə çıxış etmişlər. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin forumdakı əhatəli, dərin məzmunlu nitqi isə qonaqların böyük marağına səbəb olmuşdur. İki ölkə arasındakı humanitar və mədəni münasibətlərin tarixi, bugünü və sabahı ilə bağlı mülahizələrini açıqlayan akademik Ramiz Mehdiyev hazırda bu uğurlu təməl üzərində əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulamışdır. "Bu gün mən bu salondakı qonaqlarımız arasında xeyli tanış şəxsləri görürəm. Onlarla bizi çoxillik səmərəli əməkdaşlıq münasibətləri bağlayır. Mən məhz şəxsi təcrübəyə əsaslanaraq demək istəyirəm ki, bu forum, əlbəttə, rəsmi görüşlər çərçivəsi ilə məhdudlaşmır. Əlbəttə, bu forum parlamentlər səviyyəsində, mədəni və elmi sahələrdə mübadilələrin, şəxsi əlaqələrin hərtərəfli genişlənməsinə və dərinləşməsinə xidmət etməlidir. Lakin mənə belə gəlir ki, bizim əməkdaşlığın bugünkü səviyyəsini nəzərə alsaq, bunlar azdır. Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır. Əminəm ki, bu forum XXI əsrdə bizim əməkdaşlığın vektorunu təyin edəcək bir sıra perspektivli layihələrə start verəcəkdir" - deyən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmçinin əlavə etmişdir ki, hazırda iki ölkə arasındakı humanitar əməkdaşlıq bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir.

Azərbaycan son illərdə informasiya cəbhəsində üstünlüyünü təmin edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmişdir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində bədnam erməni lobbisinin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də artıq puça çıxır. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunu bu baxımdan da kifayət qədər uğurlu saymaq olar. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forumdakı məzmunlu çıxışında münaqişənin tarixi ilə bağlı həqiqətləri Rusiya elitasının tanınmış simalarının diqqətinə çatdırmışdır: "Bəzən elə təəssürat yaranır ki, bu mövzuda yazanlar Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə məşhur məktubunu oxumamış, XIX əsrin əvvəllərində Qafqazın real etnik xəritəsi barədə heç bir məlumata malik deyillər. Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra təkcə İrandan Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına 40 mindən çox erməni köçürülmüş, İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin ümumi sayı isə təxminən 200 min nəfər təşkil etmişdir. Təsadüfi deyildir ki, Aleksandr Qriboyedov yazırdı ki, azərbaycanlılar köçkün ermənilərin həmişəlik Qarabağda qalacağından qorxurlar.

1978-ci ildə Dağlıq Qarabağda ermənilərin buraya köçməsinin 150-ci ildönümünə həsr olunmuş abidənin təntənəli açılışı olmuşdur. Bütün bunlara baxmayaraq, mətbuatda bəzən indi də Dağlıq Qarabağın Azərbaycana İosif Stalin tərəfindən hədiyyə edilməsi barədə cəfəng bəyanatlar səslənir".

Forumda çıxış edən rusiyalı qonaqlar da vurğulamışlar ki, mədəni-humanitar əlaqələr dövlətlərimiz arasındakı səmərəli və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirir. Tədbirdə xüsusən də Rusiya və Azərbaycanın elmi və mədəni dairələri, ziyalıları arasında müntəzəm görüşlərin keçirilməsi, müştərək layihələrin reallaşdırılması vacibliyi qeyd olunmuşdur. Tarixən bir-birinə bağlı olmuş iki qonşu dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə yüksək dinamizmlə davam etdirilməsini, xüsusən də humanitar sahədə əlaqələrin dərinləşdirilməsini, ilk növbədə, xalqlarımızın maraqları tələb edir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 28 yanvar.- S. 3.