Azərbaycanın xarici işlər naziri Londonda Əfqanıstana dair beynəlxalq konfransda çıxış etmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-də Londonda keçirilmiş Əfqanıstana dair beynəlxalq konfransda çıxış etmişdir.

Xarici siyasət idarəsinin rəhbəri bəyan etmişdir ki, Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına yönəlmiş beynəlxalq səyləri birmənalı dəstəkləyir.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatına ilk günlərdən qoşulduğunu deyən nazir E.Məmmədyarov bildirmişdir ki, 2009-cu ildə ölkəmiz Əfqanıstanda qulluq edənlərin sayını iki dəfə artırmış və hazırda Silahlı Qüvvələrimizin 90 üzvü İSAF sıralarında xidmət edir. Azərbaycanın hərbi həkimlərinin Əfqanıstanın hospitallarında çalışmalarına, əfqan tələbələrin Azərbaycan Tibb Universitetində təhsil almalarına və bu ölkənin tibbi personalının respublikamızın tədris kurslarında iştirakına dair hazırlıq işləri aparılır.

E.Məmmədyarov vurğulamışdır ki, NATO-nun tərəfdaşı olaraq Azərbaycan Əfqanıstanda sabitliyin və təhlükəsizliyin əldə edilməsi üçün ictimai diplomatiyaya daha çox dəstək verilməsinin zəruriliyini anlayır, bu məsələdə İSAF-a öz töhfəsini verməyə hazırdır.

Azərbaycanın mövcud infrastrukturundan istifadə edərək Əfqanıstana yük daşımalarının həyata keçirilməsinə şərait yaratdığını qeyd edən E.Məmmədyarov demişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi Əfqanıstana sürətli və təhlükəsiz tranzit üçün daha çox imkanlar yaradacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 yanvar.- S. 5.