Xanım Baronessa Meri Qoudi: "Azərbaycanın bugünkü inkişaf modeli bir örnəkdir"

 

Azərbaycanda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Baronessa Meri Qoudi martın 31-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə R. Aslanova Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Xanım B.M.Qoudinin Azərbaycana səfərinin bu münasibətlərin daha da inkişaf etməsinə, xalqlarımızın yaxınlaşmasına xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

Milli Məclisin komitə sədri müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda gedən proseslər, parlamentdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş qanunlar, ratifikasiya edilmiş beynəlxalq sazişlər barədə qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir. Lakin, Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın 20 faizini işğal altında saxlaması bu inkişafa ciddi maneədir. Ermənilər tərəfindən zaman-zaman təcavüzə və təhdidlərə məruz qalmış Azərbaycan xalqı bu gün tarixinin qara günlərindən birini qeyd edir. Hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. İstərdik ki, beynəlxalq ictimaiyyət həm əvvəlki illərdə, eləcə də indiki dövrdə erməni millətçilərinin azərbaycanlılara və bu regionda yaşayan digər millətlərə qarşı törətdiyi qırğınları, vəhşilikləri bilsin və qiymət versin.

Xanım Baronessa Meri Qoudi göstərilən qonaqpərvərliyə, ətraflı məlumata görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Azərbaycanın bugünkü inkişafı həqiqətən də təqdirəlayiqdir və bir örnəkdir. Azərbaycanlıların problemləri də diqqətdən kənarda qalmamalıdır.

Görüşdə dünyada və regionda gedən proseslər, Azərbaycanda təhsil və gender bərabərliyi, bu sahədə birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Deputatlarımızın qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyi xüsusi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2011.- 1 aprel.- S.4.