Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir

 

Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında nazirliyin bütün xidmət sahələri əməkdaşlarının iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində yüz minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüf hissi ilə qeyd etmişdir.

Soyqırımının bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini bildirən O.Zalov məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar əməllərə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində azərbaycanlıların soyqırımı ilə əlaqədar müxtəlif anma mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti qətiyyətlə pislənilir.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçiləri və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, xüsusi amansızlıq və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə məruzə ilə çıxış etmişdir.

Tədbirə yekun vuran nazir müavini O.Zalov bildirmişdir ki, ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin milli maraqlarının təmin olunması, vətəndaşlarımızın ümumi məqsəd və mənafe naminə birləşməsi, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində çox uğurlu siyasət aparır. O, əminliklə vurğulamışdır ki, xalqımız başına gətirilən tarixi faciələri unutmadan, onlardan düzgün nəticə çıxarmaqla ulu öndərimizin idealları, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcək, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə soydaşımız öz ata-baba torpaqlarına qayıdacaqlar.

 

 

Azərbaycan.- 2011.-1 aprel.- S. 4.