Azərbaycan Diplomatik Akademiyasının tələbələri Daşkənd Dövlət Şərqşünaslıq Universitetində olmuşlar

 

Daşkənd, 31 mart (AzərTAc). Özbəkistanda olan Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri Daşkənd Dövlət Şərqşünaslıq Universitetində olmuşlar.

Universitetin prorektoru Gülçöhrə Rasieva bu ali təhsil ocağı haqqında azərbaycanlı tələbələrə geniş məlumat vermişdir. Prorektor demişdir ki, universitet 1991-ci ildə yaradılmışdır. Dörd fakültədə 3 mindən artıq tələbə təhsil alır. İndiyədək Özbəkistanın xarici dövlətlərdə işləyən səfirlərinin təxminən 50 nəfəri bu universiteti bitirmişdir.

ADA-nın müəllimi Anar Vəliyev bildirmişdir ki, yarandığı qısa müddət ərzində Akademiyada böyük işlər görülmüşdür. Onun sözlərinə görə ADA əsasən iki istiqamətdə mütəxəssis hazırlayır: beynəlxalq təhlükəsizlik və konfliktologiya.

Sonra tələbələr Azərbaycanın neft layihələri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz layihəsi, Nabukko layihəsinin reallaşması imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin təşəbbüsləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Qərara alınmışdır ki, belə görüşlər müntəzəm keçirilsin.

 

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2011.-1 aprel.- S.7.