Qeyri Ц adi təfəkkür tərzi ilə seçilərdi

 

2011-ci il aprelin 2-də dünya şöhrətli alim - Şamo Süleyman oğlu Rəhimovun anadan olmasının80 ili tamam olur. Şamo Rəhimov 1931-ci ildə Bakıda anadan olub. 1953-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. Həmin ildə SSRİ EA Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olub. 1958-ci ildə sethi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının cksperimental öyrənilməsi" mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut edib.

Doktor Şamo Rəhimov Reley Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb. 1962-ci il-də Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirib. Onun işləyib hazırladığı üsullar Azərbaycanın seysmik rayonlaşdırılması üçün baza oldu. O, Azərbaycan üzrə seysmostatistik məlumatlar əsasında yer qabığının öyrənilməsinin yeni üsulunu da işləyib hazırlamışdır. Bu üsul 1961-1963-cü illərdə Azərbaycanda baş vermiş on güclü dağıdıcı zəlzələnin məlumatlarının öyrənilməsi əsasında həyata keçirilib sübut olunmuşdur.

Eyni gücə malik yeni-yeni zəlzələlərin tədqiqatlarını davam etdirərək, bu üsulun, həmçinin tektonik qırılmaların aşkar olunmasına onların yer qabığında aşkar edilməsinə imkan yaratdı. Doktor Şamo Rəhimovun bir sıra işləri planetin quruluşunun fundamental probleminin həllinə yönəldilmişdir. Bunlar seysmologiyada "qlobal lokal" dalğaların olması haqqında yeni təsəvvürlərin meydana çıxmasını mümkün etdi.

Alim az vaxtda müasir seysmologiyanın inkişafı üçün çox görmüşdür. Şamo Rəhimovun əsərləri orijinallığı, Elmi fikrin dərinliyi, baxışların təzəliyi, problemlərin müfəssəl dəqiq işıqlandırılması ilə seçilirdi. Tədqiqatlarının nəticələri birmənalı olaraq beynəlxalq miqyasda qəbul edilmişdir. Doktor Şamo Rəhimov qeyri-adi geniş intellektə malik insan idi.

Yer quruluşunun modeli 1924-cü ildə görkəmli alman alimi Deno Quttenberq tərəfindən verilsə , 1984-cü ildə təhlil etdiyim 450 zəlzələnin nəticəsi, ardınca on minlərlə zəlzələnin öyrənilməsi göstərdi ki, mantiya iki qatdan deyil, üç qatdan ibarətdir.

O vaxtlar Yerin fizikası şöbəsinin sabiq müdiri Vasili Kuznetsova əldə etdiyim nəticələri danışdım. Vasili Petroviç dedi ki, İndoneziyada baş vermiş cəmi 6 zəlzələni təhlil edərək belə bir nəticəyə hələ 60-cı illərin əvvəllərində Şamo Rəhimov gəlmişdi. Mənim heyrətləndiyimi görən Vasili Petroviç dedi ki, Şamo haradasa bu nəticəni dərc etdirib, bəlkə ola bilər ki, hansısa elmi hesabatda yazmışdır.

Elmi işi - zəlzələləri öyrənmək məqsədilə Ermənistanda yerləşən seysmik stansiyaların məlumatlarını əldə etməkdən ötrü tez-tez oraya ezamiyyə olunan Şamo Rəhimov 1965-ci ildə deyirdi ki, ermənilərin hərəkətləri təhlükəli xarakter alır. Onlar silahlanır, əhalidən pul yığır, Dağlıq Qarabağı zəbt etməyə hazırlaşırlar. Respublika hökuməti bütün tədbirləri görməlidir ki, bunun qabağı alınsın.

Görkəmli seysmoloq, professor, ABŞ Prezidentinin elm üzrə məsləhətçisi Frank Press Şamo Rəhimovu Amerikaya dəvət etmiş, lakin hakimiyyət ona xaricə getməyi icazə verməmişdi. Buna baxmayaraq ABŞ-ın Seysmologiya Cəmiyyəti Azərbaycan Elmlər Akademiyasına, Şamo Rəhimova öz aylıq bülletenini göndərirdi...

Bu həmin Frank Press idi ki, Şamo Rəhimov onun müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdi. Doktor Şamo bu barədə öz üsulunu təklif etmiş yeni əsaslı düstur çıxarmışdı. Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq eləcə Frank Press, M.Yuinq Şamo Rəhimovun bu yeni kəşflərini təsdiq etdilər...

1976-cı ilin dekabr ayında San-Fransiskoda (ABŞ) Seysmologiya Cəmiyyətinin Qərb bölməsinin iclasında professor Frank Presslə rastlaşdım. Ondan soruşdum ki, Şamo Rəhimov 11 ildir ki, həyatda yoxdur, xəbəriniz var?. Bilirik - deyib təəssüflə başını yellətdi. Buna baxmayaraq bülletenlərin Şamo Rəhimovun ünvanına göndərilməsi davam edirdi...

Yeri gəlmişkən, 2002-ci il-də ABŞ-da çap olunmuş "Seysmologiya mühəndisi seysmologiya" məlumat kitabında seysmoloqların XX əsrdə əldə etdikləri əsas nəticələrinə həsr olunmuş fəsildə, təqdim etdiyim bioqrafik arayışda dərc edilmişdir. Orada da Şamo Rəhimovun nailiyyətləri öz əksini tapıb.

Doktor Şamo Rəhimov SSRİ Elmlər Akademiyası Seysmologiya Şurasının seysmik müşahidələr vahid şəbəkəsi komissiyasının, Qafqazın dərinliyinin seysmikasını öyrənən komissiyanın, SSRİ Elmlər Akademiyası Geologiya Şurasının, SSRİ Elmlər Akademiyası Regional Şurasının Qafqaz bölməsinin inkişafı öyrənilməsi komissiyasının üzvü idi... Aradan çox illər ötməsinə baxmayaraq, hələ düşünürəm, bəlkə planetin yeni modelinin quruluşunun yaranması fikri onun 50 il əvvəl söylədiyi ideyaların təsdiqidir!

Planetin müxtəlif guşələrində baş verən dağıdıcı zəlzələlər həmişə bütün dünyanı narahat edir. Həyatdan-vaxtsız köçən Şamo Rəhimov qısa, lakin mənalı ömrünü bütünlüklə bu mühüm sahəyə, seysmologiyaya həsr etmişdi. Arzusu bu idi ki, insanlar baş verə biləcək zəlzələlərdən qabaqcadan xəbər tutsunlar, heç olmasa ölüm-itim olmasın.

 

 

İkram KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyası Rəyasət

Heyəti nəzdində

Seysmologiya Elmi

Mərkəzinin direktoru,

fizika-riyaziyyat elmləri

doktoru, professor

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 10.