Milli Məclisdə görüş

 

Aprelin 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Konstantin Yerokostopulosla görüşmüşdür.

Milli Məclisin Sədri K.Yerokostopulosu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri təyin edilməsi münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, Konstantin Yerokostopulosun ölkəmizdə diplomatik fəaliyyətə başlaması əlamətdar günlərə təsadüf edir. Bu il Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olur. Ötən dövrdə Avropa dəyərləri ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrinə nüfuz etmişdir. Demokratik prinsiplərin bərqərar olması və hüquqi dövlət quruculuğu yolunda düşünülmüş tədbirlər görülür. Azərbaycanın Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşmışdır. Ölkəmiz təşkilat qarşısında götürdüyü öhdəliklərə həmişə hörmətlə yanaşmış və bu öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirmişdir.

Spiker xatırlatmışdır ki, qurumun Parlament Assambleyasında Azərbaycanla bağlı 7 qətnamə qəbul olunmuşdur. Təşkilatın Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirməsi təqdirə layiqdir. Bu məsələ ilə əlaqədar qurumun qəbul etdiyi qətnamədə Ermənistanın işğalçılıq siyasəti öz əksini tapmışdır. Ümidvarıq ki, Avropa Şurası bütöv bir regionun təhlükəsizliyini təhdid edən bu problemin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinə öz töhfəsini verəcəkdir.

Səmimilik şəraitində keçən görüşdə Konstantin Yerokostopulos bildirdi ki, Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcək, təmsil etdiyi təşkilatın demokratiya, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmizə hər cür kömək etməsinə çalışacaq. Söhbət əsnasında qeyd olundu ki, təşkilatın Parlament Assambleyası və onun müvafiq strukturları ölkəmizlə sıx əlaqələr saxlayır və gələcəkdə də bu əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

                 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 2.