Yeniləşən Azərbaycan Heydər Əliyevin həyat amalı idi

 

Bəşəriyyətin inkişaf tarixini, dünya ölkələrinin keçdiyi çətin və mürəkkəb tərəqqi yolunu izlədikcə, danılmaz bir həqiqətin şahidi oluruq. Bu həqiqət ondan ibarətdir ki, zamanla ayaqlaşan, inkişafa can atan, keçmişinə qapılıb qalmayan xalqlar, toplumlar sonradan itirilən hər ilin, hər günün əzabını çəkmir, necə deyərlər, tarixin yedəyində sürünməyə, həmişə öndə gedənlərin ardınca boylanmağa məcbur olmurlar. O xalqlar, o ölkələr xoşbəxtdirlər ki, onlar daim irəliyə baxır, öz tarixi ənənələrini unutmadan müasir dünyanın sərt rəqabət qanunlarını, sivil normalarını qəbul edir, dünya dövlətləri arasında öz yerini tutmaq üçün yorulmadan səy göstərir və bunu bacarırlar. Əlbəttə, bu işdə xalqlara, ölkələrə rəhbərlik edən tarixi şəxsiyyətlərin, müasir və qlobal düşüncə tərzinə sahib olan dövlət başçılarının rolu az deyildir.

Bu baxımdan Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Özünün 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, bütövlükdə respublikaya 34 il, o cümlədən müstəqilliyini bərpa etdikdən sonra 10 il rəhbərlik etmiş bu böyük şəxsiyyətin bütün həyatının amalı öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkənin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.

Ulu öndər Heydər Əliyev XX əsrdə baş verən dəyişiklikləri təhlil edərək 2000-ci ilin sonunda söylədiyi nitqlərin birində deyirdi: "XX əsr bəşər tarixində dünyada elmin, mədəniyyətin, elmi-texniki tərəqqinin inkişafında xüsusi yer tutur. Bu, dünyanın bütün ölkələrinə, xalqlarına aiddir. Ancaq təbiidir ki, hər ölkə, hər millət, hər xalq bu əsri yaranmış tarixi şərait içərisində keçirmiş, kimsə çox nailiyyətlər əldə etmiş, daha da irəliyə getmiş, kimsə vaxt itirmişdir. Ancaq bunlara baxmayaraq, minillik tarixdə XX əsr bəşəriyyət üçün ən uğurlu əsr olmuşdur".

XX əsrin son 30 ilində Azərbaycanın bilavasitə ulu öndərin rəhbərliyi altında yaşadığını və böyük tarixi hadisələrlə zəngin olduğunu nəzərə alaraq bu əsrdə ölkəmizin keçdiyi yola verilən qiymət də maraqlıdır. Ümummilli liderimiz bu əsrdə xalqımızın bir tərəfdən böyük çətinliklərlə, faciələrlə qarşılaşmasına baxmayaraq, eyni zamanda böyük nailiyyətlər qazandığını, inkişaf etdiyini, dünya sivilizasiyası səviyyəsinə yüksəldiyini, nəhayət, əsrin sonunda çoxəsrlik arzularına çataraq müstəqilliyini bərpa etdiyini xüsusi qeyd edirdi.

Azərbaycan istər Sovetlər İttifaqının tərkibində olarkən, istərsə də müstəqilliyini bərpa etdikdən sonra məhz Heydər Əliyevin səyləri ilə sürətli inkişaf yolu keçmiş və ulu öndərin qeyd etdiyi kimi, bir neçə il ərzində beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Heydər Əliyev və onun bu gün də davam edən siyasəti Azərbaycanın müasirləşməsinin və yeniləşməsinin əsasıdır desək, heç bir səhvə yol vermərik.

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasətinin layiqli davamçısı, onun axıra çatdıra bilmədiyi işləri uğurla yerinə yetirən İlham Əliyev ulu öndərin Azərbaycana yenidən rəhbərlik etdiyi 1993-2003-cü illəri səciyyələndirərək deyir: "1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir".

Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illər ərzində Azərbaycanın müasir dünya birliyinə inteqrasiyası daha intensiv və dönməz xarakter almış, Azərbaycan irimiqyaslı beynəlxalq layihələrə qoşulmuş, dünya xalqları ailəsinin tam hüquqlu üzvünə çevrilmiş, bəşəriyyət qarşısında duran problemlərin həllində yaxından iştirak etməyə başlamışdır.

Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycana rəhbərlik edən Heydər Əliyev o dövrdə yaranmış imkanlardan istifadə edərək respublikada ən yeni sənaye sahələrinin yaradılmasına, onun aqrar respublikasından aqrar-sənaye respublikasına çevrilməsinə, respublikanın zəngin enerji ehtiyatlarının yaradılmasına, Azərbaycanın güclü elm potensialının, gələcək üçün zəruri olan mütəxəssislərin, yeni düşüncəli kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi.

1969-cu ildən sonra Heydər Əliyevin təşəbbüsü və səyləri ilə respublikada onlarla yeni müəssisə açılmış, 250-dən artıq sənaye müəssisəsi işə salınmışdı. O illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsindən xeyli yüksək idi, təkcə istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsullarının həcmi 2,3 dəfə artmışdı. O dövrdə işə salınan müəssisələr ölkənin sənaye potensialını xeyli artırmış, Azərbaycanda neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat müəssisələri yaradılmışdı ki, bunlar respublika üçün yeni və müasir sahələr idi.

Heydər Əliyev 2000-ci ilin sonunda Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın əvvəlki tarixinə nəzər salaraq deyirdi: "Təbiidir, Azərbaycan qədimdə aqrar ölkə olubdur - dünyadakı ölkələrin hamısı qədim dövrdə aqrar ölkələr olublar - sənaye sonra inkişaf etməyə başlayıbdır. Amma keçmiş SSRİ-nin tərkibində olmuş başqa respublikalara nisbətən Azərbaycan daha əvvəl aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilibdir. Ona görə də öz müstəqilliyimizi əldə edən zaman bizim heç bir problemimiz yox idi. Çünki Azərbaycanın inkişaf etmiş böyük sənaye kompleksi və bu sənaye kompleksini səmərəli işlədə bilən mühəndis, texnik, alim kadrları vardır".

Ulu öndər Azərbaycanın XX əsrdə qazandığı nailiyyətlərdən ən böyüyünün xalqın kütləvi surətdə təhsil alması, bütün sahələrdə milli kadrların, milli mütəxəssislərin yaranması olduğunu qeyd edirdi. Təsadüfi deyildir ki, sovet hakimiyyəti dağıldıqdan sonra bir daha aydın oldu ki, Azərbaycanda yaradılmış iqtisadi potensial onun müstəqil yaşamasına imkan verir. Rusiyadan başqa digər sovet ölkələrində bu potensial yox idi.

Azərbaycanın müstəqillik illərində bütün sahələrdə inkişafına təkan verən, bunun üçün lazımi maddi imkanlar yaradan əsas amillərdən biri Heydər Əliyevin hazırlayıb uğurla həyata keçirdiyi yeni neft strategiyası olmuşdur. Bu strategiyanın bünövrəsi hələ sovet dövründən qoyulmuş, onu həyata keçirmək üçün lazımi texniki baza, güclü kadr potensialı yaradılmışdır. Heydər Əliyev bunu xüsusi qeyd edirdi: "Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi indiyə qədər bizim 10 illərlə gördüyümüz işlərin nəticəsidir". Məhz bu strategiyanın reallaşması nəticəsində Azərbaycan beynəlxalq miqyasda əsas enerji ixracatçılarından birinə çevrilmiş, respublikaya ən qabaqcıl texnologiyalar gətirilmiş, dünyanın ən güclü və müasir şirkətləri Azərbaycana investisiyalar yatırmış, əldə edilən gəlirlər respublikada digər sahələrdə yeni texnologiyaların tətbiqinə şərait yaratmışdır.

Ulu öndər neft strategiyasının mahiyyətini izah edərək deyirdi: "Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrdə ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait əldə edib, müasir texnikanı, texnologiyanı mənimsəyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik. Ancaq bunun üçün bax, bu keçid dövrü lazımdır". Heydər Əliyev sevinirdi ki, qabaqcıl neft şirkətlərinin burada gördüyü işlərin əksəriyyətini milli kadrlarımız aparır.

Heydər Əliyevin müasirləşmə konsepsiyasından danışarkən ilk növbədə onun dövlət quruculuğu sahəsində apardığı böyük islahatlardan bəhs etmək lazımdır. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkənin həyatı üçün ən vacib olan məsələni həll edə bildi. Ölkədə sabitlik yaradıldı, hərc-mərclik aradan qaldırıldı, daxili və xarici düşmənlərin Azərbaycan dövlətçiliyinin məhvi üçün göstərdiyi səylərin, həyata keçirdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Bunun nə dərəcədə vacib olduğunu Heydər Əliyevin bu sözləri daha düzgün, daha dəqiq ifadə edir: "Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu, məhz belə də olacaq".

Milli birliyi və sabitliyi əbədi qoruyub saxlamağın yalnız ölkədə hüquqi və dünyəvi dövlət qurmaq əsasında mümkünlüyünü Heydər Əliyev çox gözəl bilir və bunun üçün cəmiyyətin bütün aparıcı qüvvələrini səfərbər edirdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan yeni Konstitusiyamız buna əyani nümunədir. O bilirdi ki, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq bir ilin, iki-üç ilin işi deyildir. Bunun üçün zaman, dövr lazımdır, dünya təcrübəsindən istifadə etmək və onu öyrənmək lazımdır. Eyni zamanda öz milli xüsusiyyətlərimizi, xalqımızın, ölkəmizin, dövlətimizin özünəməxsus cəhətlərini nəzərə alaraq yeni dövlət qurmağı əsas vəzifə kimi qarşıya qoyurdu və deyirdi: "İndi ən ümdə vəzifəmiz, ən şərəfli borcumuz hüquqi, dünyəvi, demokratik dövləti yaratmaqdır. Bu işdə hamımız çalışmalıyıq, bir olmalıyıq. Siyasi dünyabaxışından asılı olmayaraq, - kim hansı partiyaya mənsubdur, hansı siyasi dünyabaxışı var - bundan asılı olmayaraq, bu məqsəddə biz hamımız bir olmalıyıq. Azərbaycanın başqa yolu yoxdur. Azərbaycan başqa yolla getməyəcək".

Xalqının, millətinin gələcək taleyini düşünən, onun əldə etdiyi müstəqilliyin əbədiliyinin qoruyub saxlanmasının vacibliyini heç vaxt unutmayan Heydər Əliyev bunun üçün demokratik dövlətin qurulmasının əsas şərt olduğunu daim vurğulayır və bunu qətiyyətlə həyata keçirirdi. Öz çıxışlarında bunu xüsusi qeyd edirdi ki, biz demokratik dövləti Qərbə, yaxud kiməsə xoş gəlmək, kimdənsə tərif eşitmək üçün yox, Azərbaycan xalqının özü üçün qururuq, Azərbaycanın xoş gələcəyi üçün qururuq.

Şübhə yoxdur ki, hüquqi dövlətin əsasını onun Konstitusiyası təşkil edir. Məhz bu əsas qanun Azərbaycanda sonradan aparılan bütün islahatların bünövrəsini qoydu. Onun müddəaları əsasında 1995-ci ildən sonra onlarla, yüzlərlə yeni qanunlar qəbul edilmiş, həyatın bütün sahələrini tənzimləyən normativ hüquqi aktlar təsdiq edilmişdir.

Heydər Əliyev 1996-cı il fevralın 2-də keçirilən Birinci Gənclər Forumunda yeni Konstitusiyamızın əsas mahiyyətini izah edərək göstərirdi ki, əvvəlki Konstitusiya Kommunist Partiyasının ideologiyasını, ideoloji prinsiplərini əks etdirən bir sənəd idi. O, gənclərə Azərbaycanın yeni Konstitusiyasının bütün müddəalarını, xüsusilə vətəndaşların vəzifələrinə və hüquqlarına aid hissələrini dərindən öyrənməyi tövsiyə edərək deyirdi: "Müstəqilliyi yaşatmaq, qorumaq üçün, Konstitusiyamızda əks olunduğu kimi, Azərbaycanda dövlət quruculuğu ilə ciddi məşğul olmaq lazımdır. Biz Konstitusiyamızda yazmışıq və bu, heç vaxt pozula bilməz. Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Dövlət quruculuğu prosesi gedir və gedəcək və mən tam əminəm ki, biz Azərbaycanda hüquqi, demokratik dövləti tamamilə qurub, onu dünya demokratiyası səviyyəsinə çatdıra biləcəyik".

Əgər 1993-cü ildən başlayan quruculuq işləri, aparılan islahatlar, ölkə iqtisadiyyatının canlandırılması olmasaydı, Azərbaycanın sonrakı daha sürətli inkişafından söz açmaq belə olmazdı. Bu illər Azərbaycanın inkişafında keçid dövrü kimi səciyyələnirdisə, artıq 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev görülən işlərə yekun vuraraq bildirirdi ki, Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olmuş, güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası güclü milli-mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesləri uğurla davam etmiş və artıq Azərbaycan keçid dövrünü başa vurmuşdur.

Heydər Əliyevin Azərbaycanın müasir iqtisadiyyatını, müasir idarəetmə sistemini yaratmaq üçün gördüyü işləri sadalayarkən onun apardığı iqtisadi islahatlar üzərində xüsusi dayanmaq lazımdır. Məhz onun rəhbərliyi altında hazırlanıb həyata keçirilən özəlləşdirmə proqramları əsasında Azərbaycanda yeni iqtisadi münasibətlər yaranmış, ölkə iqtisadiyyatının hazırda çox böyük bir hissəsini təşkil edən özəl müəssisələr formalaşmış, Azərbaycana müasir tələblərə uyğun olan yeni texnologiyalar gətirilmiş və beynəlxalq standartlara uyğun məhsulların istehsalına başlanmışdır.

Heydər Əliyevin iqtisadi islahatlarının ikinci mühüm qolunu kənd təsərrüfatının dirçəlməsinə və inkişafına təkan verən torpaq islahatlarının aparılması, əvvəlki kolxoz və sovxozlara məxsus mülkiyyətin bilavasitə vətəndaşların ixtiyarına verilməsi, kənd sakinlərinin uzun illər arzusunda olduğu torpağın əsl sahibinə çevrilməsi təşkil edirdi.

Ümummilli liderin bu işlərin həyata keçirilməsinə və başa çatdırılmasına şərait yaradan idarəetmə sisteminin qurulması üçün apardığı islahatlar da Azərbaycanın müasirləşmə konsepsiyasının tərkib hissəsi sayıla bilər. Keçmiş sovet dövrünün iqtisadiyyatında olan bəzi müsbət cəhətləri əxz etməklə yeni iqtisadi münasibətləri formalaşdıran idarəetmə sistemi yaradılması vacib məsələlərdən biri idi. Bu məqsədlə Azərbaycanda mövcud olan bir çox idarəetmə orqanları ləğv edilmiş, onların əvəzinə müstəqil dövlətin zəruri qurumları - müxtəlif nazirliklər, komitələr, səhmdar cəmiyyətləri, xidmətlər, agentliklər və digər idarəetmə orqanları yaradılmışdır.

Dövlət qulluğunun tamamilə yenidən qurulması da Azərbaycanın müasirləşməsinə xidmət etmiş və ölkənin dünya təcrübəsindən daha fəal bəhrələnməsinə şərait yaratmışdır. Keçmiş partiya və sovet nomenklaturu prinsipindən imtina etməklə yeni dövlətin yeni idarəetmə prinsiplərinin formalaşdırılması zamanın və dövrün tələbi idi. Bu sahədə ulu öndərin başladığı işlər uğurla davam etdirilmiş, bu gün artıq dövlət qulluğunun müasir mexanizmi yaradılmış, bu kateqoriyadan olan insanların hüquq və səlahiyyətləri, vəzifələri, məsuliyyəti, sosial müdafiəsi və digər cəhətləri qanunvericiliklə təsbit edilmişdir.

Ümummilli liderin fəaliyyəti nəticəsində Azərbaycan 1993-2003-cü illərdə böyük inkişaf yolu keçmiş və özünü müstəqil bir dövlət kimi dünyaya tanıda bilmişdir. Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına etdiyi müraciətində bu illərə sanki yekun vuraraq bildirirdi: "Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir".

Lakin ulu öndər bir çox arzularını da hələ yerinə yetirə bilmədiyini qeyd edərək bunların sonrakı nəsillər, o cümlədən onun şərəfli işlərini davam etdirən, o zaman Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, prezidentliyə namizəd olan İlham Əliyev tərəfindən davam etdiriləcəyini də xüsusi vurğulamışdı. O, Azərbaycan xalqına üz tutaraq cənab İlham Əliyev haqqında deyirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. ...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin çox haqlı olduğunu və onun ümidlərinin doğrulduğunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə prezident seçildikdən sonra gördüyü işlər, respublikanın iqtisadi və sosial inkişafı sahəsində əldə edilən nailiyyətlər, Azərbaycanın beynəlxalq miqyasda gündən-günə irəliləməsi bir daha təsdiq edir. Azərbaycanın müasirləşmə və modernləşmə konsepsiyasını daha da zənginləşdirən və onu daha sürətlə həyata keçirən ölkə Prezidenti İlham Əliyev bu məqsədlə ilk gündən böyük əzmkarlıq göstərmiş, Azərbaycanın hər bir sahədə inkişafını təmin etmək üçün konkret proqramlar hazırlayıb həyata keçirməklə son illərdə Azərbaycanı daha güclü, daha sivil dövlətə çevirmiş, dünya ölkələrinin ən son nailiyyətlərinin, ən müasir texnologiyalarının respublikaya gətirilməsi üçün böyük işlər görmüşdür.

Azərbaycanda ulu öndərin tövsiyələrinə uyğun olaraq görülən işləri ölkə Prezidenti "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində belə qiymətləndirmişdir: "Ölkənin modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə bizə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayənin qoyulması baxımından da çox iş görülmüşdür. Biz kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni, biz daim irəliyə baxırıq. Ola bilsin ki, bir neçə addım irəliyə baxırıq. Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın. "Qara qızıl"ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir".

Bu məqsədin reallığa çevrilməsi üçün görülən işlər sırasında respublika gənclərinin təhsilinə verilən diqqəti, hər il dövlət hesabına minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı dövlətlərində, ən güclü ali məktəblərində təhsil almaq üçün göndərilməsini ayrıca qeyd etmək lazımdır. Azərbaycanın bugünkü inkişafını vaxtilə ulu öndər Heydər Əliyevin səyləri hesabına hazırlanmış mütəxəssislər təmin etmişdisə, daha gözəl gələcəyini bu gün dünya elminin qabaqcıl nailiyyətlərini öyrənən gənc nəsil təmin edəcəkdir. Yeni biliklər, yeni dünyabaxışı, yeni arzu və istəklərlə Vətəninə qayıdan bu gənclər ölkə Prezidentinin qurduğu yeni Azərbaycanın əsas aparıcı qüvvəsi olacaqdır.

Ölkə Prezidentinin Azərbaycanın inkişafına müasir yanaşma prinsipləri bir daha Heydər Əliyev ideyalarının davamıdır. Dövlətimizin başçısı, təbii ehtiyatları, o cümlədən neft və qaz ehtiyatları az olan ölkələrin əldə etdiyi iqtisadi tərəqqini misal gətirərək Azərbaycanda da neftdən əldə edilən böyük gəlirlərin bizi arxayınlaşdırmadığını, bunu inkişafımızın əsas vasitəsi hesab etmədiyini bildirmişdir. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, biz elə işləməliyik ki, sanki bizim neftimiz və qazımız yoxdur. Azərbaycanda qəbul edilən və həyata keçirilən proqramlar məhz bu məqsədə xidmət edir. Dünya ölkələrinin müsbət təcrübəsi nəzərə alınmaqla tətbiq edilən bu proqramlarda ölkənin modernləşdirilməsi və illik fəaliyyət planı müəyyən edilmişdir.

İlk baxışda keçmiş sovet dövrünün planlı iqtisadiyyatını xatırladan bu proqramlar heç də keçmişin təkrarı deyildir. Çünki bu proqramlarda hər bir sahə üzrə konkret fəaliyyət planı, kimin nə iş görəcəyi, kimin nəyə cavabdeh olması, maliyyə resursları və konkret müddətlər göstərilir. Bu proqramlara vaxtaşırı dəyişikliklər edilərək Azərbaycanda müasir elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi üçün lazımi şərait yaradılır. Görülən tədbirlər öz nəticəsini verir və bundan sonra da verəcəkdir. Dünya ölkələrinin bir çoxu iqtisadi böhran nəticəsində böyük çətinliklərlə üzləşməsinə, ümumi daxili məhsul istehsalında geriləməyə məruz qaldığı halda, Azərbaycan iqtisadiyyatı 2009-cu ildən əvvəlki yüksək templərlə olmasa da, daim müsbət dinamika ilə inkişaf etmiş və edəcəkdir.

Bu proqramlardan Ərzaq təhlükəsizliyi proqramını xüsusilə qeyd etmək vacibdir. Artıq Azərbaycan əsas kənd təsərrüfatı məhsulları ilə özünü, demək olar ki, tam təmin edir. Onun idxaldan asılılığı azalır. Çünki bu və digər proqramlar neft və qaz gəlirlərindən səmərəli istifadə edilməklə, Azərbaycanın öz təbii ehtiyatları və xammal bazası nəzərə alınmaqla hazırlanıb həyata keçirilmişdir. Bütün bunlar Azərbaycanı MDB, o cümlədən digər dövlətlər arasında özünü təmin edən, yalnız özünə güvənən, heç kəsdən maddi və digər kömək ummayan bir ölkəyə çevirmişdir.

Düşünülmüş, çevik daxili və xarici siyasət beynəlxalq mövqelərimizi daha da gücləndirmiş, respublikanın iqtisadi inkişafına dövlət tərəfindən qoyulan və xaricdən cəlb edilən investisiyalar hesabına sənaye potensialı inkişaf etmiş, idxal azalmış, yerli istehsalın artırılması üçün əməli tədbirlər görülmüş və hər bir ölkənin inkişafı üçün mühüm olan üç amil - enerji təhlükəsizliyi, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Göründüyü kimi, Heydər Əliyevin hələ sovet dövründə yaratdığı zəmin üzərində Azərbaycanın özünü hər cəhətdən təmin etməsi strategiyası bu gün artıq reallığa çevrilir.

Azərbaycanda gedən proseslərdən, əldə edilən nailiyyətlərdən danışarkən aparılan siyasi islahatların da əhəmiyyətini qeyd etməmək olmaz. Heydər Əliyevin başladığı siyasi islahatlar son illərdə ardıcıl davam etdirilmiş, dövlətin idarə edilməsinin daha çevik mexanizmi yaradılmış, bütün sahələrdə şəffaflığın artırılmasına ciddi əhəmiyyət verilmişdir. Zəngin karbohidrogen ehtiyatlarının satışından ölkəyə daxil olan vəsaitin düzgün yerləşdirilməsi və yalnız Azərbaycanın gələcək inkişafına təkan verən layihələrin maliyyələşdirilməsi, bu barədə vaxtaşırı xalqa məlumat verilməsi, Dövlət Neft Fondunun büdcəsi haqqında geniş informasiyanın dərc edilməsi beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu təcrübədən istifadə edilməsi digər ölkələrə də tövsiyə olunmuşdur. Dövlət başçısı ölkədə yaradılan şəffaflığın vacibliyini qeyd edərək demişdir: "Bu şəffaflıq ilk növbədə bizə lazımdır, Azərbaycan xalqına, Azərbaycan dövlətinə lazımdır. Bu şəffaflıq hər yerdə olmalıdır. Bütün maliyyə sahəsində, iqtisadi sektorda maksimum dərəcədə şəffaflıq olmalıdır ki, biz öz imkanlarımızdan maksimum dərəcədə səmərəli istifadə edək".

Ölkə Prezidentinin 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda qeyd etdiyi kimi, inkişaf etmiş bütün ölkələrin əldə etdiyi uğurlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyini, şəffaflığı, demokratik əsasları gücləndirmək, köklü islahatlar aparmaq, texnoloji tərəqqi və təhsili inkişaf etdirmək sayəsində mümkün olmuşdur.

Hazırda ölkədə mənəvi iqlimin daha da saflaşdırılması, cəmiyyətimizin inkişafına mane olan neqativ halların, o cümlədən rüşvətxorluq və korrupsiya hallarının kökünün kəsilməsi, ölkəmizin imicinə xələl gətirən bütün mənfiliklərin aradan qaldırılması uğrunda aparılan mübarizə də ümummilli liderimizin hələ sovet dövründən başladığı mübarizənin davamı sayılmalıdır. Çünki Heydər Əliyev üçün rəhbər işçilərin mənəvi saflığı, hər yerdə ədalətin bərqərar olması, vətəndaşların qayğılarına və problemlərinə həssaslıqla yanaşılması həmişə əsas prinsiplərdən biri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə həyatın bütün sahələrini beynəlxalq standartlara uyğunlaşdırmağın zəruriliyini hər bir çıxışında xüsusi qeyd edir və bunun reallaşması üçün lazımi tapşırıq və tövsiyələrini verir. Dövlət başçısı 2011-ci il yanvarın 14-də 2010-cu ilin yekunlarına həsr olunmuş iclasda bir daha qeyd etmişdir: "Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq". Ölkə Prezidenti dünyada gedən prosesləri qiymətləndirərək bildirir ki, indi qüvvələr nisbətini texniki tərəqqi müəyyən edir. Bunun həmişə belə olduğunu, indiki şəraitdə isə bunun özünü daha da qabarıq şəkildə büruzə verdiyini qeyd edərək texniki tərəqqinin, texnoloji irəliləyişin, müasir texnologiyaların, xüsusilə informasiya-kommunikasiya sahəsində, rabitə sahəsində, elektronika, kosmik sənayedə əldə edilmiş uğurların ölkələrin inkişafını və gücünü müəyyən etdiyini göstərir və deyir: "Biz də bu sahədə geri qalmamalıyıq. Baxmayaraq ki, bu sahə Azərbaycanda heç vaxt inkişaf etməmişdir, ancaq biz bunu etməliyik. Bizdə müdafiə sənayesi də heç vaxt olmamışdır. Amma 5 il ərzində elə güclü müdafiə sənayesi yaratmışıq ki, indi özümüzü təmin edirik, ixrac da edirik və sərgilərdə iştirak edirik. Kosmik sənayeyə də eyni səviyyədə yanaşmalıyıq. Qısa müddət ərzində Azərbaycanda çox güclü kosmik sənaye yaradılmalıdır. Bu, bizə hər cəhətdən lazımdır".

Bu sözlərin arxasında dövlətimizin rəhbərinin uzaqgörənliyi və Azərbaycanın gələcəyini daha gözəl və daha parlaq görmək istəyi durur. Ölkə Prezidenti daha bir çıxışında bildirir ki, həyat öz yerində durmur, öz axarı ilə gedir və biz prosesləri qabaqlamalıyıq. Biz uzağa baxmalıyıq, gələcəyə baxmalıyıq. Həm bugünkü problemlərin həlli üçün çalışmalıyıq, həm də öz addımlarımızla, siyasətimizlə, qəbul edilmiş proqramlarla ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməliyik.

Bu il Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü böyük təntənə ilə qeyd edəcəkdir. Bu dövlətin banisi sayılan Heydər Əliyevin bizə miras qoyub getdiyi müstəqilliyimizin gündən-günə möhkəmlənməsi, ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutması üçün misilsiz işlər görülmüş və görülməkdədir. Azərbaycanın bu gün əldə etdiyi bütün nailiyyətlərin kökündə Heydər Əliyevin yeni Azərbaycanı qurmaq və yaratmaq ideyaları, onun müstəqilliyini əbədiləşdirmək arzuları dayanır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bugünkü uğurları ilk növbədə müstəqilliyimizin nəticəsidir.

Ulu öndərin bu gün də bizə qürur hissi bəxş edən "Müstəqilliyimiz əbədidir! Müstəqilliyimiz dönməzdir!" sözləri yeni şəraitə, yeni dövrə uyğun olaraq onun yolunu davam etdirən ölkə Prezidentinin müasir idarəçilik və rəhbərlik bacarığı sayəsində daha fəxrlə səslənir. Bu müstəqilliyi qoruyan, onu yaşadan isə ölkə rəhbərliyi ilə xalqımızın sıx birliyidir. Ona görə də Azərbaycanın dövlət başçısının dediyi bu sözlər hər bir vətəndaşın ürəyindəndir: "Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz".

Ən böyük sərvətimizi - müstəqilliyimizi qorumaq üçün isə Azərbaycan daim yeniləşməli, Heydər Əliyevin başladığı müasirləşmə və inkişaf yolunu bundan sonra da əzmlə davam etdirməlidir.

 

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının şöbə müdiri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 3.