Milli Məclisdə görüş

 

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 6-da Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.

Yunanıstan Prezidenti əvvəlcə Milli Məclisin iclas salonunda deputatlar üçün yaradılmış şəraitlə, parlamentdəki Heydər Əliyev Xatirə zalı ilə tanış oldu.

Sonra keçirilən görüşdə Oqtay Əsədov vurğuladı ki, Azərbaycanın və Yunanıstanın dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verir. Bu səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər qarşılıqlı münasibətlərin daha da genişlənməsi üçün hüquqi baza yaradır.

Bildirilmişdir ki, Azərbaycan regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu daha da artır. Yunanıstanla Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün də geniş perspektivlər var. İki ölkənin dövlət başçıları bunun reallaşdırılması üçün önəmli addımlar atırlar.

O.Əsədov parlamentlərarası əlaqələrin vacibliyindən söhbət açdı, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini, deputatların qarşılıqlı səfərlərini yüksək qiymətləndirdi. Milli Məclisin sədri dedi ki, hər iki ölkənin parlamenti prezidentlərin həyata keçirdikləri siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi, problemin ədalətli həlli ilə bağlı Yunanıstanın nümayiş etdirdiyi siyasətin dəyişməyəcəyinə əminliyini söylədi.

Prezident Karolos Papulyas Azərbaycana səfəri çərçivəsində Milli Məclislə tanışlıqdan, burada deputatlara yaradılmış şəraitdən, yeni texnologiyaların tətbiqindən məmnunluğunu bildirdi.

Ali qonaq dedi ki, ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün ortada siyasi iradə vardır, bu da münasibətlərimizin daha da dərinləşməsi və möhkəmlənməsi üçün geniş imkanlar yaradır. Yaxın vaxtlarda biz bunun bəhrəsini görəcəyik.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirdi ki, Yunanıstan problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. Ümid edirik ki, münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır.

Yunanıstanın dövlət başçısı ölkələr arasında münasibətlərin genişlənməsində parlamentlərin rolunu yüksək qiymətləndirdi, dostluq qruplarının qarşılıqlı səfərlərinin artırılmasının vacibliyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 2.