Mədəniyyət və Turizm Nazirliyində İSESKO-nun baş direktoru ilə görüş olmuşdur

 

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə forumun proqramı, məqsəd və əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Ə.Qarayev mədəniyyətlərarası dialoq imkanlarını genişləndirmək məqsədi daşıyan forumun Azərbaycanın mədəniyyətlərarası münasibətlərdə nüfuzunun yüksəlməsində, xüsusilə, müxtəlif ölkələrlə əlaqələrinin dərinləşməsində böyük əhəmiyyəti olacağına əminliyini söyləmişdir.

Forumun proqramı haqqında qonağa məlumat verən nazir vurğulamışdır ki, sessiyaların mövzuları artıq elan edilmişdir. Dünyanın beş qitəsindən nümayəndələrin təmsil olunacağı forumun sessiyalarında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində konkret təşəbbüs və layihələr diqqət mərkəzində olacaqdır. Eyni zamanda, dinlərarası dialoq, mədəniyyətlərarası dialoqun inkişafında qadınların aparıcı rolu, media və sosial şəbəkələrin bu sahənin inkişafına təsiri və s. mövzular da müzakirə ediləcəkdir.

Qloballaşma proseslərində mədəniyyətin xüsusi rolunu xatırladan Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumun bu proseslərdə ölkəmizin mövqeyini daha da möhkəmləndirəcəyinə, mədəniyyətimizin inkişafına töhfələr verəcəyinə əminliyini bildirmiş, forumun hər il keçirilməsinin vacibliyini vurğulamışdır.

Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsində zəngin təcrübəsi və böyük potensialı olduğunu söyləmiş, forumun işinə uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2011.-7 aprel.- S. 3.