Krans Montana Forumunun sədri Jan Pol Karteron Mədəniyyət Turizm Nazirliyində olmuşdur

 

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Krans Montana Forumunun təsisçisi və sədri Jan Pol Karteron aprelin 6-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev forumun proqramı, sessiyalarda müzakirə ediləcək mövzular haqqında qonağa məlumat vermişdir. Tədbirin məqsədi və əhəmiyyətindən danışan Ə.Qarayev bildirmişdir ki, forumun Bakıda keçirilməsi zəngin Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun artması və dünya mədəniyyətinə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.

Görüşdə dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan çoxsaylı nümayəndələrin iştirak edəcəyi forumun mədəniyyətlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verəcəyinə inam ifadə olunmuşdur.

Jan Pol Karteron Azərbaycanda təşkil olunan bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirmiş, forumun işinə uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.