Yaroslav Dovqopol: Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu onun bütün iştirakçıları üçün yeni əməkdaşlıq perspektivləri açacaqdır

 

Aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində Ukrayna Milli İnformasiya Agentliyinin - Ukrinformun Beynəlxalq departamentinin direktoru Yaroslav Dovqopol iştirak edəcəkdir. Y.Dovqopolun Azərbaycanın paytaxtına yola düşməsi ərəfəsində AzərTAc-ın Ukraynadakı xüsusi müxbiri qarşıdan gələn Bakı forumu barədə düşüncələrini bölüşmək xahişi ilə ona müraciət etmişdir.

Y.Dovqopol demişdir ki, Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin inkişafı Ukraynanın xarici siyasətində həmişə xüsusi yer tutmuşdur. Bunu ilk növbədə qarşılıqlı faydalı iqtisadi, siyasi, elmi, texnoloji və əlbəttə ki, mədəni əməkdaşlığın böyük imkanları şərtləndirir. İki ölkənin nadir geosiyasi mövqeyi də bu mənada əhəmiyyətli amildir. Tarixən belədir ki, Ukrayna Avropa və Asiya arasında əsas yolların və əlaqələrin kəsişməsində yerləşir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin oktyabrında Ukraynaya səfəri zamanı, habelə bu ilin əvvəlində Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumu çərçivəsində iki dövlət başçısı arasında keçirilmiş görüşlər də bunu təsdiq etmişdir. Görüşlərdə hər iki tərəf əməkdaşlığın genişləndirilməsi istiqamətində münasibətlərin açıq, niyyətlərin ciddi olduğunu nümayiş etdirərək vurğulamışdır ki, Kiyev və Bakı "köhnə tərəfdaşlar və mehriban dostlardır", onların ikitərəfli münasibətləri isə həmişə yüksək səviyyədə olmuşdur.

Prezidentlərin Kiyev görüşündə bildirilmişdir ki, Ukrayna əhəmiyyətinə görə Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və tərəflər əldə olunmuş nəticələrlə kifayətlənmək niyyətində deyillər.

Kiyev və Bakı ticarət-iqtisadi əməkdaşlıqdan başqa, beynəlxalq qurumların fəaliyyətinə, iki ölkənin xalqları arasında əsrlər boyu inkişaf edən humanitar əlaqələrin geniş spektrinin reallaşmasına qarşılıqlı maraq göstərmişlər. Bu məqsədlə Ukrayna və Azərbaycanın strateji dialoqunu konkret layihələrlə genişləndirməyə xidmət edən yeni qarşılıqlı fəaliyyət mexanizmləri ilə münasibətlərin mövcud səviyyəsini yüksəltmək qərara alınmışdır.

İqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əməkdaşlığın potensialını artırmaqla yanaşı, mədəni mübadilə də əhəmiyyətli komponentdir. Ukraynanın Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı beynəlxalq əlaqələrin, habelə incəsənət, mədəni irsin mühafizəsi, informasiya mübadiləsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə nəzərəçarpacaq təkan ola bilər. Forumda Ukraynanın mədəniyyət və turizm naziri başda olmaqla, nazirliyin nümayəndə heyətinin iştirakı Ukrayna tərəfinin bu sahədə Azərbaycanla dialoqu bundan sonra da möhkəmləndirmək niyyətlərinin ciddi olduğunu bir daha təsdiq edir.

Bakı görüşündə təmsil olunacaq Ukrayna Milli İnformasiya Agentliyi - Ukrinform üçün forumun əsas aspektlərindən biri informasiya mübadiləsini genişləndirmək və optimallaşdırmaqdır. Çünki müasir dünyada bu məsələyə getdikcə daha çox diqqət yetirilir.

Azərbaycan tərəfi ilə əməkdaşlığımıza gəldikdə isə Ukrinform kifayət qədər uzun müddətdir Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-la sıx və səmərəli əlaqələr saxlayır. Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) çərçivəsində də birlikdə çalışırıq və bu qurum, heç şübhəsiz, Qara dəniz hövzəsi ölkələri arasında fikir mübadiləsi üçün əhəmiyyətli meydandır. Ukrinformun və AzərTAc-ın Avropa İnformasiya Agentlikləri Alyansına (EANA) üzvlüyü də çox əhəmiyyətlidir, çünki ümumavropa miqyasında informasiya strukturlarının qarşılıqlı əlaqələri üçün kifayət qədər böyük imkanlar açır.

Yaroslav Dovqopol əmin olduğunu bildirmişdir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu onun bütün iştirakçıları üçün mədəniyyət, incəsənət və din sahələrində yeni əməkdaşlıq imkanları yaradacaqdır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.