Macarıstan Azərbaycan ilə hüquqi əməkdaşlığa böyük önəm verir

 

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora aprelin 7-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Macarıstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan nazir demişdir ki, hər iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun layihəsi hazırlanır. F.Məmmədov bu sahədə əlaqələrin genişləndirilməsi baxımından təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Sonra nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu məhkəmə ədliyyə, o cümlədən penitensiar islahatlara beynəlxalq marağın artdığını bildirmişdir.

Oxşar tarixi köklərə malik xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edən səfir Macarıstanın Azərbaycan ilə bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirmişdir. Diplomat demişdir ki, ədliyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması üçün Macarıstan nazirinin bu il Azərbaycana səfəri planlaşdırılmışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da faydalı fikir mübadiləsi aparılmışdır. Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 4.