Davamlı inkişaf üçün təhsil sistemində islahatlar əsas şərtdir

 

Davamlı inkişaf üçün ən vacib və həlledici amillər təhsil və idarəetmə ilə bağlı olduğuna görə dünya birliyi fəaliyyətini bu istiqamətdə qurmuşdur. Hələ 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən "İnkişaf və ətraf mühit" adlı beynəlxalq sammitində ölkə və hökumət başçıları təhsilin inkişaf üçün həlledici faktor olduğu barədə razılığa gəlmişdilər. 2002-ci ildə isə Yohannesburqda (CAR) keçirilən sammitdə davamlı inkişaf sahəsində təhsilin əsas prioritetlərindən biri olması barədə müvafiq qərar qəbul edilmişdir. Bu təşəbbüsü yüksək dəyərləndirən BMT davamlı inkişaf üçün təhsil üzrə dekada elan etmişdir (2005-2014-cü illər).

Ənənənin davamı kimi bu il martın 16-19-da Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş "Davamlı inkişaf üçün təhsil və idarəetmə" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmin konfransda Azərbaycanı təmsil edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov bununla bağlı müxbirimizlə müsahibəsində demişdir:

 

- "Davamlı inkişaf üçün təhsil və idarəetmə-2011" konfransı BMT-nin Akademik Təsir (Academic İmpact) proqramı çərçivəsində təşkil edilmişdi. Bu proqram insan haqları, savadlılıq, davamlı inkişaf və münaqişələrin həll edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilən 10 prinsipin aktiv dəstəklənməsi, ali təhsil müəssisələri və biznes cəmiyyətlərinə fəaliyyətlərini bu prinsiplər üzərində qurmaları üçün kömək məqsədi daşıyırdı.

- Proqramın strategiyası haqqında nə deyə bilərsiniz?

- Proqramın strategiyası müasir cəmiyyətdə yaşamaq üçün lazım olan bilik və təcrübənin adi şəkildə ötürülməsindən sürətlə dəyişən şərtlərə uyğunlaşmağa keçmək, sosial inkişafın planlaşdırılmasında iştirak etmək və atılan addımların nəticələrini əvvəlcədən görməyi öyrənməkdir. Təhsil davamlı inkişafa nail olmaq üçün ilkin şərtlərdən biridir və demokratiyanın inkişafı, idarə olunması üçün önəmli vasitədir. Təhsil sisteminin müasirləşdirilməsi insanlarda ağır vəziyyətlərdə daha kreativ düşünmək qabiliyyətlərini inkişaf etdirməyə kömək edəcək. Yalnız bundan və insanların bir-birlərinə qarşılıqlı hörmət və tolerantlıq göstərməyin öyrədilməsindən sonra dünya birliyi nəzərdə tutulan planlarını reallaşdıra bilər.

- Proqramın ölkəmizdə tətbiqi ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?

- Hər bir ölkə davamlı və iqtisadi inkişaf üçün təhsilin milli strategiyasını hazırlamalı, bu strategiyanın həyata keçirilməsi üçün müəyyən plan qəbul etməli, təhsil sistemini müasirləşdirmək məqsədilə normativ sənədlər hazırlamalıdır. Prezident İlham Əliyevin təhsil işçiləri qarşısına qoyduğu "Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirək" vəzifəsini rəhbər tutaraq, ölkə təhsilini, elmini daha da inkişaf etdirmək, ali təhsilimizin Avropa təhsil sisteminə uyğunlaşdırılması istiqamətində daha böyük uğurlara imza atmaqda iddialıyıq. Azərbaycan, başqa ölkələr kimi, davamlı inkişafa keçmək üçün öz fəaliyyətini gücləndirmişdir. Bu fəaliyyətin əsas istiqamətini həm də təhsil sisteminin məqsədyönlü şəkildə müasirləşdirilməsi təşkil edir. Akademik Ramiz Mehdiyevin ideya müəllifi və ön sözün müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabında qeyd edildiyi kimi, "müasir iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri ölkədə qabaqcıl texnologiyaların tətbiqi, informasiya cəmiyyətinin yaradılması və elmtutumlu iqtisadiyyatın formalaşdırılmasıdır". İnkişafın Azərbaycan modeli dedikdə, daha çox yüksək texnologiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatın intellektual çəkisinin artırılması, elmin və təhsilin tərəqqisinə dövlətin xüsusi diqqəti, təhsil almaq üçün dövlət hesabına dünyanın aparıcı universitetlərinə çoxlu sayda tələbə göndərilməsi, texnoparkların formalaşdırılması, yeni texnologiya sistemlərinin yaradılmasının dövlət tərəfindən dəstəklənməsi və s. bu qəbildən olan tədbirlər başa düşülür.

Konfransdakı çıxışıma bu məntiqdən yanaşaraq bildirdim ki, Azərbaycanda davamlı inkişafla bağlı təhsil sistemində köklü dəyişikliklər aparılmasına başlanmışdır. Müstəqilliyin bərpasından sonra davamlı insan inkişafına dair monitorinqlərə start verilmiş və 1995-ci ildə bu sahədə vəziyyəti qiymətləndirən ilk milli hesabat dərc edilmişdir. Həmin dövrdən başlayaraq insan inkişafına dair hesabatlar hazırlanmaqdadır. Aparılan monitorinqlər müstəqilliyin bərpasından sonrakı ilk illərdə davamlı insan inkişafı üzrə göstəricilərin kəskin surətdə aşağı düşdüyünü, sonrakı illərdə - ölkədə aparılan uğurlu iqtisadi və sosial siyasət sayəsində 1996-cı ildən etibarən göstəricilərin artdığının şahidi oluruq. Bu prosesin daha geniş vüsət almasına ölkənin sürətli inkişafı, müxtəlif islahatların həyata keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi də böyük təkan vermişdir. Nəticədə insan inkişafı indeksinin orta illik tempinə görə ölkəmiz keçmiş sovet respublikaları arasında aparıcı dövlət olmuşdur. 2005-ci illə müqayisədə Azərbaycan Respublikası 34 pillə irəliləyərək 64-cü yerə yüksəlmiş, "orta insan inkişafı" qrupunu tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.

- İndi insan fəaliyyətinin aparıcı sahələrində - iqtisadiyyat, informasiya, texnologiyalar, maliyyə, elm sahələrində durmadan güclənən qloballaşma prosesi gedir. Bu haqda nə deyə bilərdiniz?

- Qeyd etdiyiniz amillər dünyanın inkişafında keyfiyyətcə yeni bir mərhələdən xəbər verir. Qloballaşmanın son məqsədi vətəndaş cəmiyyətinin qurulmasıdır. Təhsil strategiyası qlobal cəmiyyətin tələblərinə cavab verməlidir. Bu gün elmin vətəni yoxdursa, sabah təhsilin də vətəni olmayacaqdır. Bu, qlobal cəmiyyətin tələbidir. Hazırda bütün dünyada üçüncü minilliyin yeni təhsil modelinin intensiv axtarışları gedir. Təhsilin inkişafının yeni modelinin konturları tezliklə - ən yaxın onilliklərdə formalaşdırılmalıdır. Yeni təhsil modeli indiki və gələcək nəsillərin tələblərinə cavab verməlidir.

- Konfransda təhsil sisteminin yenidən qurulması ilə bağlı hansı təkliflə çıxış etdiniz?

- Konfransda təhsilin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif fikir və mülahizələr səsləndirildi. Bu məsələ ilə əlaqədar Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi aşağıdakı təklif və vəzifələri irəli sürdüm:

- insanlarda tənqidi və yaradıcı təfəkkür vərdişlərinin inkişaf etdirilməsi;

- fərqli düşünənlərə hörmətlə yanaşma və tolerantlıq;

- qərarların qəbulunun demokratik formalarını dərindən mənimsəmə.

Bu təkliflər böyük maraqla qarşılandı. Davamlı inkişaf üçün təhsil metodologiyasının nəzərdə tutulmalı vəzifələri barədə qeyd etdim ki, vətəndaş cəmiyyətinin formalaşdırılması, ictimai həyatın müxtəlif sahələrində disproporsiyanın və sosial-iqtisadi sahədə təbəqələşmənin aradan qaldırılması əsasında sosial tərəfdaşlıq, təhsilin davamlı inkişafın maraqlarına cavab verməsi dərəcəsini əks etdirən indikatorlar sisteminin işlənib hazırlanması, əsas diqqətin biliklərin təmin olunmasına deyil, problemlərin araşdırılması və onların mümkün həlli variantlarının tapılmasına istiqamətləndirilməsi, ənənəvi fənlərin tədrisinin və onların proqramlarının strukturunun dəyişdirilməsi, fənlərarası sintezin həyata keçirilməsi, davamlı inkişafın səmərəli olması üçün onun problemlərinin bütün tədris fənlərinə, proqram və kurslara inteqrasiyası, davamlı inkişaf problemlərinə həsr olunmuş konkret kursların keçirilməsi, tədris metodlarının yaradıcılıq vərdişlərini inkişaf etdirən geniş diapazondan istifadə olunması, hər bir ölkədə davamlı inkişafın təşkili, maliyyələşdirilməsi və qiymətləndirilməsi üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və təhsil prosesinin bu yeni istiqamətdə milli fəaliyyət planı və strategiyasının hazırlanması zəruridir.

Məlum məsələdir ki, industrial cəmiyyətin inkişafı elm və texnikanın möhtəşəm inkişafını şərtləndirir. Bununla yanaşı, həmin inkişaf insanların həyat şəraitinin pisləşməsi, ətraf mühitin sürətlə aşılanması kimi mənfi nəticələr də doğurur. Davamlı inkişaf konsepsiyası insanın iqtisadi fəaliyyətinin biosferin imkanları ilə harmonikləşdirilməsini nəzərdə tutur. Təhsillə davamlı inkişafın əlaqəsi müstəvisində onların əlaqəsi birmənalı deyil. Burada söhbət təhsilin bəşər sivilizasiyasının xilasındakı həlledici rolundan gedir. Çünki qlobal ekoloji böhranın səbəblərini dərk etmək, antropogen ekoloji fəlakətin qarşısını almaq üçün müvafiq təhlillər aparmağa, problemin köklərini üzə çıxarmağa məhz təhsil və elm qadirdir. Bu baxımdan, davamlı inkişaf üçün təhsildə ekoloji məsələlər ön plana çəkilməlidir. Çıxışımda bu məqama da toxundum və yaşıl kimya, yaşıl biologiya, bütövlükdə yaşıl istehsal üzrə mütəxəssislər hazırlamaq, alternativ, bərpa olunan enerji mənbələrindən istifadə üzrə kadrlar yetişdirməyin zəruriliyindən danışdım.

- Bildiyimizə görə, artıq Bakı Dövlət Universiteti nəzdində texnopark yaradılması üzərində iş aparılır...

- Dövrümüz elmin, yeni texnologiyaların görünməmiş bir sürətlə inkişafı dövrüdür. Vəzifəmiz isə yeniləşən dünyanın tələblərinə cavab verən, davamlı inkişafı təmin etməyə qadir olan mütəxəssislər yetişdirməkdir. Bu fikri konfransda da səsləndirdim. Dedim ki, hazırda təhsilin inkişafı elm və texnologiyaların inkişafı ilə ayaqlaşa bilmir. Üstəlik, dünyanın aparıcı dövlətlərində elmi tədqiqatların inkişafı da başqa ölkələrdəkindən xeyli irəlidədir. Burada ortaya iki problem çıxır: birincisi, kiçik dövlətlərin imkanları ilə böyük dövlətlərin imkanları arasında kəskin fərq; ikincisi, təhsilə qoyulan kapitalla elmə qoyulan kapitalın həcmi arasındakı disbalans.

Məsələn, Amerika Birləşmiş Ştatları təkcə 2010-cu ildə elmi tədqiqatlar və innovasiyalar üçün 150 milyard dollara yaxın vəsait ayırmışdır, Avropada isə "7-ci çərçivə" proqramı üzrə elmin inkişafına, yeni innovasiyalara 54 milyard avro sərf olunması nəzərdə tutulmuşdur. Bu disbalansın aradan qaldırılması, elmlə təhsilin maliyyələşdirilməsində tarazlıq yaradılması zəruridir. Son nəticədə bu, təhsilin elmdən geri qalmasını da aradan götürməyə, elmlə təhsilin daha sıx inteqrasiyasına xidmət edəcəkdir.

- Konfransda başqa hansı məsələlər müzakirə olundu?

- Konfransda BMT Baş katibinin kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini Kiyo Akasaka, o cümlədən dünyanın klassik universitetlərinin rektorları, iş və dövlət adamları, elm xadimləri iştirak edirdilər. Odur ki, maraqlı məruzələr çox oldu. Çıxış edənlər davamlı irəliləyişləri dəyərləndirmək üçün müəyyən indikatorların inkişafı, sosial azlıqlarla və davamlı inkişafla maraqlanan şəxslər və nümayəndələrlə regionlarda təhsillə bağlı dialoqları dərinləşdirmək üçün imkanların təşkili barədə danışdılar. Bundan əlavə, Qara Dəniz Regionunun Davamlı İnkişafı üçün Universitet Rektorlarının 2008-ci il Kiyev Bəyannaməsinin Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən yerinə yetirilməsindəki irəliləyiş qiymətləndirildi.

Sonda alternativ enerji, bərpa olunan enerji mənbələri, yaşıl enerji, ekoinnovativ texnologiyalar üzrə birgə tədris planlarının hazırlanması, eyni zamanda, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi qərara alındı və konfransın yekun deklarasiyası qəbul edildi.

- Bildiyimizə görə, səfər zamanı Ovidius Universitetinin 50 illik yubileyində də iştirak etmisiniz.

- Bəli. Səfər çərçivəsində Ovidius Universitetinin 50 illik yubileyində də iştirak və çıxış etdim. Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə mövcud olan uzunmüddətli əməkdaşlıq çərçivəsində Ovidius Universitetinin özünəməxsus rolu olmuşdur. Eyni zamanda, Ovidius Universiteti Rumıniyanın qabaqcıl universitetləri ilə bərabər iki ölkə arasında təhsildə islahatların aparılması və əməkdaşlığın inkişafı istiqamətində öz töhfələrini vermişdir. Universitetin rektoru professor Viktor Çupina tərəfindən diplomla təltif olunmağım da dediklərimə sübutdur. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Bakı Dövlət Universiteti Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının fəal üzvlərindən biridir. 2002-2004-cü illərdə BDU Assosiasiyaya sədrlik etmiş, 2004-ci ildən isə vitse-prezident səviyyəsində təmsil olunmaqdadır. Təhsil ocağımızın assosiasiyaya rəhbərlik etdiyi 2 illik fəaliyyəti çox yüksək dəyərləndirilmiş və nəticə etibarilə BDU-nun rektoru kimi mən Rumıniyanın "Komandor" dərəcəli ali "Qızıl ulduz" ordeni ilə təltif olunmuşam.

Fikrimi Çarlz Darvinin bir ifadəsi ilə yekunlaşdırmaq istəyirəm: "Təbiətdə sağ qalmaq üçün nə güclü, nə də ağıllı olmaq şərt deyil, sağ qalmaq üçün həyatdakı dəyişikliklərə çevik şəkildə uyğunlaşmaq şərtdir". Bu o deməkdir ki, bəşəriyyətin gələcəyini böyük sürətlə inkişaf edən texnologiyalar dünyasında bu dəyişikliklərə dinamik şəkildə uyğunlaşan ölkələr həll edəcəklər. Azərbaycan artıq bu yolda öz sözünü deyir.

 

 

Müsahibəni apardı: İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 11.