Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçirilmişdir

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyanın ikinci hissəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər qloballaşan dünyada qadınların rolunun getdikcə artdığını bildirmişlər. Qeyd edilmişdir ki, bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir və gələcəkdə onun müsbət nəticələri olacaqdır. 2008-ci ildə Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi" mövzusunda Beynəlxalq Forumun nailiyyətləri və həmin tədbirin Bəyannaməsinə əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya mühüm əhəmiyyət daşıyır.

Diqqətə çatdırılmışdır ki, qadınların mədəniyyətlərarası dialoqun təşkilində və inkişafında mühüm xidmətləri vardır. Bu amil getdikcə artmaqdadır.

Çıxış edənlər belə bir mötəbər tədbirin məhz gender bərabərliyinin qorunduğu bir ölkə olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Dünyada müxtəlif siyasi, sosial və mədəni problemlərin həllini hələ də tapmadığı bir dövrdə mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac olduğu vurğulanmış və bu məsələdə qadınların təcrübələrinin müxtəlifliyinə ədalətlə yanaşmağın vacibliyi qeyd edilmişdir. Hələ də bir çox ölkələrdə qadınlara qarşı zorakılıq hallarının baş verdiyini söyləyən natiqlər zərif cinsin nümayəndələrinə etimad göstərməyin vacibliyini bildirmişlər.

Sessiyada gender bərabərliyinin bütün sosial və mədəni sahələrdə hər şeydən üstün tutulması, o cümlədən ənənəvi və müasir cəmiyyətlər daxilində qadınların mövqelərinin daha da güclənməsinin vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.