Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirmişdir

 

AzərTAc xəbər verir ki, aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirmişdir.

Müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, partiyanın ictimai-siyasi proseslərdə iştirakından və digər məsələlərdən danışmışdır. O demişdir ki, Prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dəyişir, müasirləşir, insanların həyatının keyfiyyəti yüksəlir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurlar davamı vətəndaşlarda Yeni Azərbaycan Partiyasına inam və etimadı daha da gücləndirir. Ötən ilin noyabrında keçirilən parlament seçkilərinin nəticələri bunu bir daha təsdiqlədi. Bu nəticənin əldə olunmasında YAP üzvlərinin, partiyanın yerli strukturlarının səmərəli fəaliyyəti də mühüm rol oynamışdır.

Ə.Əhmədov bildirmişdir ki, ənənəvi olaraq keçirilən bu cür müşavirələrdə görülən işlərə yekun vurulmaqla yanaşı, qarşıda duran vəzifələr də müzakirə edilir, gələcək addımlar müəyyənləşdirilir.

Azərbaycan cəmiyyətində YAP-a böyük etimadın olduğunu vurğulayan Ə.Əhmədov bunun partiyanın sıralarının artmasında özünü açıq şəkildə göstərdiyini qeyd etmişdir. Onun sözlərinə görə, hazırda partiya üzvlərinin sayı 530 min nəfərdən çoxdur. Bu göstərici insanların Prezident İlham Əliyevin siyasətinə və onun rəhbərlik etdiyi partiyaya olan dərin inamının bariz nümunəsidir.

YAP sədrinin müavini bildirmişdir ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi Azərbaycanı zəngin, qüdrətli və firavan dövlətə çevirməkdən ibarətdir. Bu məqsədlə qarşıdakı dövrdə də böyük proqramlar və layihələr həyata keçiriləcəkdir.

Müşavirədə qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparılmış, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 2.