Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı rayonunun Bülbülə, Binəqədi rayonunun Biləcəri qəsəbələrində və Sulutəpə yaşayış sahəsində görülən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu.

Martın 31-də Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində görülən işlərlə tanış olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev həmin yolun salınması ilə bağlı yerində tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində yerinə yetirilmişdir.

Aprelin 11-də Bülbülə qəsəbəsini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olundu. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınmış, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilmişdir. Yolda müasir işıqlandırma sistemi də quraşdırılmışdır. Bildirildi ki, bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yollarının 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənmişdir. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülmüş, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulmuşdur.

Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.

* * *

 

Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi: Bir həftə ərzində ikinci dəfədir görüşürük. Çox şadam ki, dediyiniz bu məsələ qısa müddət ərzində öz həllini tapıbdır.

SAKİN: Əgər biz bunu gözlərimizlə görməsəydik, inanmazdıq. Sizinlə görüşümüzün səhəri günü işə gedəndə artıq burada iş başlanılmışdı. Bütün bunlar bizi çox sevindirir. Siz, ümumiyyətlə, hər gün xalqımızı sevindirirsiniz. Bütün bunlara görə Sizə minnətdarıq. Bilirik ki, bu yolun davamı gözəl işıq dirəkləri, rahat səkilərlə "Atəşgah" məbədinə qədər uzanacaqdır. Eşitmişik ki, bu yol istismara veriləndən sonra, qəsəbədaxili yollar da əsaslı təmir ediləcəkdir.

Məktəb tikintisi ilə bağlı verdiyiniz sərəncam, ayrılan vəsait bizi ürəkdən sevindirir. Ümumiyyətlə, Sizin bizə bəxş etdiyiniz bu sevincin sayı-hesabı yoxdur. Hər gün bizi bir yeniliklə sevindirirsiniz. Bir müddət əvvəl qaza borclarımızı bizə bağışladınız. Bu günlərdə isə su və kanalizasiya xidməti borclarını əhaliyə bağışlamağınızın bizdə doğurduğu sevincin həddi-hüdudu yoxdur. Sizə minnətdarlığımızı bildirmək üçün söz tapa bilmirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

SAKİN: Allah Sizə cansağlığı versin! Səsiniz həmişə uca zirvələrdən gəlsin. Siz bizə elə yaxşılıq etdiniz ki, bu sevincin həddi-hüdudu yoxdur. Möhtərəm Prezident, mənim 80 yaşım var. Lazım olanda poliklinikaya gedə bilmirdim. Siz bu yolu bizə hədiyyə etdiniz. İndi avtobusla gəlib poliklinikanın qarşısında düşəcəyik. Mən Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Prezident İlham ƏLİYEV: Mən çox şadam ki, qısa müddət ərzində Bakı qəsəbələrində sürətli işlər gedir. Keçən dəfə sizinlə görüşə məhz o məqsədlə gəlmişdim ki, sizdən eşidim, soruşum ki, hansı işlər görülməlidir?! Çünki mən ümumi tapşırıq vermişdim ki, su və kanalizasiya, qazlaşdırma, işıq xətlərinin, yolların çəkilişi məsələləri həll olunsun. Ancaq siz deyəndə ki, ən vacib olan məsələ bu yoldur, gəldim, vəziyyətlə şəxsən tanış oldum, göstəriş verdim. Bir həftə ərzində belə gözəl yol çəkildi. İndi qəsəbəyə giriş-çıxış çox rahatdır. Bu ərazi indi daha gözəl və yaraşıqlı olacaqdır.

SAKİN: Bu yollara baxanda adamın ürəyi açılır.

Prezident İlham ƏLİYEV: Qəsəbənin bütün məsələləri ilə bağlı konkret proqramlar hazırlanır, ilkin vəsait ayrılıbdır. Əminəm ki, bu ay bütövlükdə qəsəbələrin proqramı təsdiq olunacaq və ondan sonra daha da böyük həcmdə quruculuq işləri aparılacaqdır. Bu yolun çəkilişi özlüyündə bir göstəricidir. Yəni, sizin xahişiniz və verilən tapşırıqlar nəticəsində bunu qısa müddət ərzində edə bildik. Bütün başqa məsələləri də həll edəcəyik.

Məktəbin açılışında da bərabər iştirak edəcəyik, digər məsələlərin həlli ilə bağlı görüşəcəyik. Bu, böyük və genişmiqyaslı proqramdır, bütün qəsəbələri əhatə edəcəkdir. Buradakı xəritədə çəkilmiş və çəkiləcək yollar da göstərilir. İndi su-kanalizasiya layihələri də icra olunmağa başlayır. Əlbəttə, elə etməliyik ki, su-kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt salınsın.

O ki qaldı su borclarının silinməsinə, bilirsiniz ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır. İndi biz elə etməliyik ki, insanlar daha da rahat yaşasınlar. Biz bilirik ki, bəzi insanların imkanı hələ ki məhduddur. O borclar uzun illərdir ki, yığılıbdır. Onların hesablanmasında da müəyyən çətinliklər olmuşdur. Ona görə bu məsələnin birdəfəlik həlli üçün qərar qəbul etdik ki, borclar silinsin. Amma o şərtlə ki, bundan sonra su tarifləri ödənilsin.

Bir daha sizi təbrik edirəm. Bu, görülmüş işlərin ancaq başlanğıcıdır. Biz hələ belə gözəl tədbirlərdə çox görüşəcəyik.

 

* * *

 

Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

 

* * *

 

Sonda sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

 

* * *

 

Bülbülə qəsəbəsində yeni yol istifadəyə verildikdən sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü döşənməsinə ehtiyac olan məhəllədaxili küçələr barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb.

Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşdü.

 

Prezident İlham ƏLİYEV qəsəbə sakinlərini salamlayaraq dedi:

- Salam, sabahınız xeyir.

Bütün qəsəbələrdə işlər gedir. Bu yaxınlarda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul olunacaqdır. Proqramda hər bir qəsəbəyə aid xüsusi məsələlərin həlli də nəzərdə tutulub. Ona görə mən indi bütün qəsəbələri gəzirəm, insanlarla görüşürəm ki, hansı məsələlərin sizi narahat etdiyini sizdən eşidim, nəyi əlavə etməliyik? Hansı məsələlər birinci dərəcəli məsələlərdir ki, biz bütün işləri lazımi səviyyədə görək.

Biz indi qəsəbələrdə yolların çəkilişi ilə ciddi məşğuluq. Biləcəri qəsəbəsində də bu proses başlamışdır. Burada yolların əksər hissəsi torpaq yollardır. Qış aylarında yollardan keçmək o qədər də asan deyildir. Ona görə də yolların çəkilişi birinci dərəcəli məsələdir. Digər bütün məsələlər də öz həllini tapmalıdır. Biləcəri qəsəbəsi böyük qəsəbədir. Burada əhalinin sayı da kifayət qədər çoxdur. Böyük maliyyə resursları tələb edən proqramdır. Ancaq biz bunu etməliyik.

İndi regionlarda, demək olar ki, bütün rayonlarda quruculuq işləri gedir. Hər bir rayonda məktəb, xəstəxana tikilir, qaz xətləri, su xətləri çəkilir. Eyni zamanda, Bakı qəsəbələrində də bu işlər yüksək səviyyədə görülməlidir. Bakıda 40-dan yuxarı qəsəbə vardır. Bu qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. Bu insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti nə lazımdırsa, onu edəcəkdir. Sosial infrastrukturun yaradılması, yollar, qaz, işıq, kanalizasiya məsələləri həll ediləcəkdir.

Biləcəridə bu məsələlərin böyük hissəsi öz həllini tapıb. Qazlaşdırma yüz faizdir, elektrik enerjisi ilə ümumiyyətlə, ölkə daxilində heç bir problem yoxdur. Kanalizasiya xətləri var, suyun verilməsi təmin edilir. Buna görə sizdən də eşitmək istəyirəm ki, birinci növbədə hansı məsələlərin həlli vacibdir. Necə edək ki, bu qəsəbədə bütün infrastruktur, sosial məsələlər öz həllini yüksək səviyyədə tapsın? Bu məqsədlə gəlmişəm ki, sizdən eşidim, əlavə biz nə etməliyik?

SAKİN: Hörmətli cənab Prezident. Mən sizi Biləcərinin köklü sakini kimi, qəsəbəmizin 60 minlik əhalisi adından səmimi salamlayıram. Xoş gəlmisiniz. Biləcəri qəsəbəsi Azərbaycanın bir növ qapısıdır. Burada böyük dəmir yolu qovşağı yerləşir. Son vaxtlar Biləcəridə Beynəlxalq avtovağzal tikilmişdir. Bu, nadir bir tikintidir, öz rahatlığına, böyüklüyünə, xalqımıza xidmətinə görə bəlkə dünyada analoqu olmayan bir tikilidir. Bunun üçün Sizə minnətdarlığımızı bildiririk.

Mən Sizə deyim ki, 1881-ci ildə ilk dəfə Biləcəridə dəmir yolunun altından bir tunel keçib və o, arabalar, furqonlar üçün nəzərdə tutulmuşdu. İnsanlar əziyyət çəkirdilər. Sizin göstərişiniz nəticəsində qısa müddətdə iki tunel çəkildi və Biləcəri əhalisinin rahatlığı təmin edildi. Biləcəridə ümumiyyətlə, qaz, su, elektrik enerjisi problemi həqiqətən yoxdur.

Cənab Prezident, mən Bakı Dövlət Universitetində çalışıram, Beynəlxalq münasibətlər kafedrasında işləyirəm. Deməliyəm ki, Sizin xarici və daxili siyasətiniz bir harmoniya təşkil edir, bir-birini tamamlayır. Biz nisbətən kiçik ölkə olmağımıza baxmayaraq, dünyanın böyük dövlətləri sırasında adımız vardır. Biz Sizinlə fəxr edirik. Böyük öndər Heydər Əliyevdən aldığınız dərs və uzun illər ərzində əldə etdiyiniz təcrübə imkan verir ki, Siz uğurlu daxili və xarici siyasət yeridəsiniz.

Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Bəzi insanlar elə bilirlər ki, üç-beş gənci yoldan çıxarıb harasa aparmaqla ölkədə dəyişiklik etmək olar. Mən demək istəyirəm ki, bu, səhv fikirdir. Mənə yoldaşlar dedilər ki, "Azadlıq" qəzetinin dünənki nömrəsində belə bir yazı verilmişdir: "Ey müəllimlər, oyanın!" Amma o yazıq başa düşməlidir ki, biz indi oyanmamışıq, biz çoxdan oyanmışıq. Biz 1993-cü ildə Azərbaycanda xaos, hərc-mərclik olanda başa düşdük ki, bizə böyük dövlət təcrübəsinə malik insan lazımdır. Biz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsinə çalışdıq.

Hörmətli Prezidentimiz, biz Sizdən olduqca razıyıq. Sizə uzun ömür, cansağlığı, Azərbaycanın inkişafı, tərəqqisi naminə səmərəli fəaliyyət arzulayırıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm. İndi ölkəmizdə doğrudan da, işlər yaxşı gedir. Hər bir bölgədə, hər bir yerdə quruculuq, abadlıq işləri aparılır. Ölkə iqtisadiyyatı artır, sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır. Sadəcə olaraq, mən istəyirəm ki, bu proseslər daha da sürətlə getsin və hər bir kəndi, hər bir qəsəbəni əhatə etsin. Mənim məqsədim budur, vəzifəm də budur. Ona görə indi Azərbaycanda elə bir rayon yoxdur ki, orada olmayım. Bəzilərində dəfələrlə olmuşam. Eyni zamanda, kəndlərdə də tez-tez oluram. Bu gəlişimin səbəbi məhz odur ki, sizdən eşidim, əlavə nə etmək lazımdır. Əlbəttə ki, məndə məlumat var, ölkədə mövcud olan problemlər haqqında da bilirəm. Sadəcə olaraq, problemlərin həlli üçün biz elə etməliyik ki, qısa müddət ərzində yaxşı nailiyyətlərə çata bilək. Bunu etmək üçün əlbəttə, problem düzgün təhlil edilməlidir, araşdırılmalıdır və düzgün qərarlar qəbul edilməlidir.

Bu gün Azərbaycanın sənaye və iqtisadi potensialı elədir ki, istənilən məsələni həll edə bilərik. Siz təhsil işçisi kimi bunu yaxşı bilirsiniz ki, son illərdə ölkəmizdə iki mindən artıq məktəb tikilib. Bütövlükdə məktəblərin sayı Azərbaycanda beş minə yaxındır. Yəni, bütün dövrlər ərzində beş min məktəb tikilmişdir. Onların iki mini son illər tikilmişdir. Bu il və gələn il qəzalı məktəblərin hamısını biz yenidən quracağıq. Belə məktəblərin sayı hələ ki, kifayət qədərdir - təqribən 200-300 məktəb qəzalı vəziyyətdədir.

Səhiyyə sisteminin yaxşılaşdırılması, keyfiyyətli tibb xidmətinin göstərilməsi, yeni müasir avadanlıqların alınması məsələləri, bu yollar, qazlaşdırma. İndi hər bir evə qazın verilməsi məsələləri həll olunur. Bakıda bütövlükdə bu məsələ öz həllini tapmışdır.

Elektrik enerjisi ilə bağlı məsələ öz həllini tapmışdır. Biz indi nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, xaricə də ixrac edirik. Vaxt var idi, qaranlıqda yaşayırdıq. Vaxt var idi ki, Bakıda işıq fasilələrlə verilirdi. İndi o artıq tarixdir. Yəni bu, ölkənin gücünü göstərir.

Hazırda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının qəbul edilməsi yeni bir mərhələdir. Bakı kəndlərində yeni bir dövr başlayır. Bakı kəndlərinin böyük tarixi, böyük ənənələri var və bu kəndlər, qəsəbələr inkişaf etməlidir. Burada həm yaşamaq, eyni zamanda, işləmək üçün şərait olmalıdır. İş yerlərinin yaradılması məsələləri öz həllini tapacaqdır. Müvafiq göstərişlər verilib. Qəsəbələrdə yaşayan insanlara kreditlər veriləcək, yeni müəssisələrin yaradılması nəzərdə tutulub. Elə qəsəbələr var ki, onlar artıq şəhərə birləşib, şəhərin bir parçasıdır. Elə qəsəbələr var ki, orada daha çox kənd həyat tərzi müşahidə olunur. Ona görə biz hər bir qəsəbənin inkişafına fərdi qaydada yanaşmalıyıq. Ancaq bir məsələ var ki, bütün qəsəbələrə aid etmək olar - bu, yollar məsələsidir. İndi qəsəbələrin yollarının demək olar ki, əksəriyyəti torpaq yollardır və bu, dözülməzdir.

Bakı şəhərində, onun ətrafında torpaq yollar olmamalıdır. Ona görə biz bundan başlamışıq və ondan sonra bütün başqa məsələlər öz həllini tapacaqdır. Mən buna şübhə etmirəm və proqram qəbul olunana qədər istəyirəm ki, sizdən eşidim, əlavə nə etmək lazımdır? Hansı məsələlər var ki, onları biz operativ şəkildə həll edək?!

SAKİN: Cənab Prezident, qəsəbəmizə xoş gəlmisiniz. Biz çox sevinirik ki, Sizi qəsəbəmizdə görürük. Sizin verdiyiniz sərəncam və göstərişlər bizim qəsəbədə çox diqqətlə yerinə yetirilir, yollar asfaltlanır, işıqlandırılır, küçələr abadlaşdırılır. Su, qaz, işıq problemi ötən illərdə həll olunub. Cənab Prezident, Sizin verdiyiniz sərəncamla əhalinin qaza olan borcları silindi. Bu il isə yenidən sərəncam verdiniz, su borcları silindi. Bu da aztəminatlı ailələr üçün böyük bir güzəştdir. Bundan əlavə, Siz qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün sərəncam verdiniz. Bunun üçün Sizə "Çox sağ olun" deyirik, minnətdarıq. Daha doğrusu, mən aztəminatlı ailələrin təşəkkürünü Sizə çatdırıram. Onların adından Sizə minnətdarlığımı bildirirəm.

Sizin bir sözünüz təhsil işçisi olaraq mənim həmişə yadımdadır. Uşaqlarımız yaxşı məktəblərdə oxumalıdır. Bu, Sizin sözünüzdür. Həmin yaxşı məktəblər bizim Biləcəri qəsəbəsində də vardır. Bizim məktəblər hamısı kompüterləşdirilib, internet şəbəkəsinə qoşulub, şagirdlər evlərində istifadə edə bilmədikləri proqramı məktəbdə istifadə edə bilirlər, tədrisə aid vəsaitlər əldə edirlər. Fərdi qazanxanamız vardır. Şagirdlərin yeri çox istidir. Bütün bunlar Sizin qayğınız sayəsində bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük köməkdir.

Bir daha Sizə sakinlər adından minnətdarlıq edirəm. Əminik ki, sizin qayğınız bizim üzərimizdədir. Bizim daimi Prezidentimiz Sizsiniz. Biz Azərbaycanı Sizsiz və Sizi Azərbaycansız təsəvvür etmirik.

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Mən bundan sonra da çalışacağam ki, əlimdən gələni edim, ölkəmizdə işlər lazımi səviyyədə təşkil olunsun. Bütün iqtisadi və sənaye layihələri ilə yanaşı, ilk növbədə, sosial siyasətimiz daha da güclü olur. Su borclarının silinməsi ilə bağlı verdiyim qərar məhz bu məqsədi güdür.

Sizə deyə bilərəm ki, dünya praktikasında belə hallara çox nadir hallarda rast gəlinir. Özü də bu məbləğ balaca məbləğ deyil, haradasa, 300 milyon manata yaxın bir məbləğdir. Ancaq biz bilirik ki, elə vətəndaşlar, aztəminatlı ailələr var ki, onu ödəyə bilmirlər. Vaxtilə dediyiniz kimi, qaz borcları da silindi və bundan sonra artıq qazın pulu demək olar ki, yüksək səviyyədə ödənilir. Nəzərə alsaq ki, Azərbaycanda qazın tarifləri qonşu ölkələrlə müqayisədə 3 dəfə aşağıdır, hesab edirəm ki, bu, böyük çətinlik yaratmamalıdır.

Su məsələlərinin həlli də eyni qaydada öz nəticəsini tapmalıdır. İndi Bakıya böyük su kəməri çəkilir. İndi o, tədricən işə başlayır. İndi digər layihələr də müzakirə olunur. Hər bir qəsəbənin su-kanalizasiya proqramı ayrıca bir layihə kimi öz həllini tapmalıdır. İndi Biləcəridə bu problem yoxdur. Amma əksər qəsəbələrdə, kəndlərdə bu problem çox ciddi şəkildə qarşıda durur. Kanalizasiya, içməli su ilə təminat həmişə bizim ağrılı yerimiz olubdur. Nəinki Bakıda, hər bir bölgədə.

Ümumiyyətlə, Azərbaycanda su ehtiyatları məhduddur. Bizim əsas mənbələrimiz ölkəmizin xaricində formalaşır. Daha çox Kür çayının suyundan istifadə edirik. Samur çayının suyundan istifadə edirik ki, onun da böyük əksəriyyəti xaricdə formalaşır. Ona görə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin məqsədlərindən biri də ondan ibarət idi ki, bu, artıq daxili resurslar, daxili mənbələr hesabınadır. Su xətlərinin çəkilişi, xüsusilə qəsəbələrdaxili xətlərin çəkilişi xüsusi məna daşıyır. Biz bunu həll edəcəyik. Necə ki, işıq problemini, qaz problemini həll etmişik. Növbəti illərdə içməli su və kanalizasiya problemləri də öz həllini tapacaqdır.

Yollar, ondan sonra sosial infrastruktur, xəstəxanalar, poliklinikalar, məktəblər, yəni, yaşamaq üçün bütün şərait və iş yerləri - bax, bizim proqramlarımız bundan ibarətdir. Mən tam əminəm ki, Bakı qəsəbələrinin inkişafı proqramını qəbul edəndən sonra biz onu da qısa müddət ərzində icra edəcəyik.

SAKİN: Qəsəbəmizə gəldiyinizə, bu gözəl bayramı bizə nəsib etdiyinizə görə Biləcəri ziyalıları adından, ictimaiyyət adından Sizə təşəkkürümüzü bildiririk. Biz Sizdən Biləcəri sakinləri adından xahiş edirik, Dəmiryolçular parkı genişləndirilsin. O, sovet hökumətinin dövründən qalmış bir parkdır. Mən bütün sakinlərin xahişini Sizə çatdırıram. Park abadlaşdırılsın, necə deyərlər, yaraşıqlı olsun ki, biz də nəvəmizlə uzağa getməyək.

Prezident İlham ƏLİYEV: İndi gedib baxacağam və sizin xahişinizi yerinə yetirəcəyəm.

SAKİN: Çox sağ olun. Bir də Park küçəsində açılan təzə məktəbə görə şagirdlərin, müəllimlərin minnətdarlığını Sizə çatdırıram. Çox gözəl, yaraşıqlı məktəbdir. Ulu Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

 

* * *

 

Sonda sakinlər dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.

 

* * *

 

Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəldi.

Böyük bir ərazini əhatə edən park vaxtilə qəsəbə sakinlərinin ən çox istirahət etdiyi guşələrdən biri olub.

Parkdakı mövcud vəziyyətlə tanış olan dövlət başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verdi.

 

* * *

 

Sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəldi. Bu yaşayış sahəsində də məhəllədaxili yolların əsaslı təmirinə başlanılmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verdi. Bildirildi ki, Sulutəpə yaşayış sahəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənmişdir. Yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt örtüyü vurulması üçün hazırlıq işləri başa çatdırılmışdır.

Yaşayış sahəsində su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirildi.

Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşdü.

Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşılayaraq dedilər:

- Bizim yaşayış sahəsinə xoş gəlmisiniz, hörmətli cənab Prezidentimiz. Biz çox şadıq, Sizin gəlişiniz bizim üçün bayramdır.

 

Prezident İlham ƏLİYEV sakinlərə təşəkkür edərək dedi:

- Çox sağ olun. Mən də çox şadam ki, sizinlə görüşürəm. Gəlmişəm ki, sizdən eşidim, hansı işlər görülməlidir. İndi mənə məlumat verildi ki, əsas problemlər məhz yol problemləridir. Onlar da indi həll olunmağa başlanmışdır. Əslində burada asfalt yolu heç vaxt olmamışdır. Torpaq yolları idi. İndi asfalt salınır və mənə göstərilən xəritədə görürəm ki, bu, sadəcə olaraq birinci mərhələdir. Qəsəbə yollarının çəkilişi sürətlə gedəcək və xəritədə göstərilən bütün yollar ilin sonuna qədər asfaltlanacaqdır.

SAKİN: Hörmətli Prezidentimiz, Sizin martın 9-da Bakı şəhəri və ətraf qəsəbələrin abadlaşdırılması ilə bağlı keçirdiyiniz müşavirədə verdiyiniz təkliflər, tapşırıqlarınız bizim Sulutəpə yaşayış sahəsinin sakinləri tərəfindən də rəğbətlə qarşılanıb. Ona görə də Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Hörmətli Prezidentimiz! Müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndərimiz Heydər Əliyevin xatirəsi daim bizim qəlbimizdə yaşayacaqdır. Atalar demişdir: Ot kökü üstə bitər. Siz bu gün Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işləri uğurla davam etdirirsiniz. Ona görə də Sizə cansağlığı, uzun ömür arzulayırıq. Arzu edirik ki, Allah Sizi qorusun.

Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanımın təhsilə göstərdiyi qayğı bu gün göz qabağındadır. Bizim Sulutəpə qəsəbəsində cəmi bir məktəb olmuşdur. Son illərdə bizdə iki məktəb, uşaq bağçası tikilmişdir. Bizim burada 217 nömrəli məktəbimiz vardır. Sizə təkcə onu deyə bilərəm ki, məktəb üçnövbəli işləyirdi. Altıgünlük iş rejimi ilə işləyirdi. Keçən tədris ilində Sizin sərəncamınızla burada 840 yerlik təzə məktəb korpusu tikildi. İndi bu məktəb bir növbəli beşgünlük iş rejimi ilə işləyir. Ona görə də Sizə, Mehriban xanıma cansağlığı arzulayırıq. Məktəbin bütün müəllim və şagirdləri, valideynlər adından "Çox sağ olun!" deyirik, təşəkkürümüzü bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən çox şadam ki, Sulutəpədə sosial proqramlar öz həllini tapır. Məktəb tikintisi də onların arasında ən vacib məsələlərdən biridir.

İndi ölkədə bütövlükdə məktəb tikintisi sürətlə gedir və hər bir qəsəbədə yaxşı məktəblər olmalıdır. İşıq problemi, qazlaşdırma burada həll olunub, yolların çəkilişi də artıq başlanıb və bu məsələlər də qısa müddət ərzində öz həllini tapacaqdır. Beləliklə, Sulutəpədə yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaqdır.

Məqsədimiz ondan ibarətdir ki, hər bir qəsəbədə sakinlər yaxşı yaşasınlar, keyfiyyətli infrastruktur öz həllini tapsın, su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, tibb məntəqəsi, məktəblər, yollar - bütün bu məsələlər lazımi səviyyədə həll olunsun.

Proqram da bu yaxınlarda qəbul olunacaqdır. Keçirdiyim müşavirədə bütün göstərişlər verilib. İndi siz sakinlərdən eşitmək istəyirəm, bu qəsəbələrdə hansı məsələlər daha tezliklə öz həllini tapmalıdır? Bu ay böyük proqram təsdiq olunacaqdır. Ondan sonra proqramda nəzərdə tutulan işlərin icrası daha da sürətlə aparılacaqdır.

SAKİN: Cənab Prezident, gəlişinizi bütün Sulutəpə əhli alqışlayır. Sulutəpədə son zamanlar böyük işlər görülüb. Zərifə müəllimə məktəblərin tikintisini çox yaxşı qeyd etdi. Lakin burada bağça problemi vardır. Bu boyda qəsəbənin cəmi bir bağçası vardır. Burada TİR-park fəaliyyət göstərir, böyük ərazisi vardır. Sonra gömrük postu fəaliyyət göstərir. Lakin yollar çox dar olduğu üçün 1700 uşağın o yoldan gəlib məktəbə çatması çox çətinlik törədir. Əgər mümkündürsə, onları başqa yerə köçürmək şərti ilə burada böyük bir istirahət mərkəzi salmaq mümkündür.

Xalq Sizi hədsiz dərəcədə dəstəkləyir. Sizin evlərin qeydiyyata alınması barədə göstərişinizdən sonra camaatın sevincinin həddi-hüdudu yoxdur. Sizə böyük uğurlar arzulayırıq. Siz çox böyük abadlıq işləri ilə məşğulsunuz.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bu, mənim borcumdur. Elə etməliyik ki, sakinlərin problemi həllini tapsın. Xüsusilə qeydiyyatla bağlı problemlər uzun illərdir öz həllini gözləyir. Verdiyim göstərişlər nəticəsində əminəm ki, bu məsələ də ədalətli şəkildə öz həllini tapacaqdır. Ədalət olmalıdır. Ona görə indi mexanizm hazırlanır. Biz bunu necə edək ki, tam şəkildə şəffaflığı təmin edək, qeydiyyataalma məsələlərində heç bir xoşagəlməz hal olmasın. Ona görə indi mexanizm hazırlanır. Ümid edirəm ki, yaxın zamanlarda mənə təqdim olunacaq və bu məsələ öz həllini tapacaqdır. Onilliklər ərzində insanlar qeydiyyatsız yaşayıblar. Ancaq onu da deməliyəm ki, evlərin müəyyən hissəsi qanunsuz tikilib.

SAKİN: Bəli, Bəli. O da vardır.

Prezident İlham ƏLİYEV: Ona görə elə etməliyik ki, həm hər şey qanun çərçivəsində həll olunsun, həm də ki, mövcud olan reallıqlar da artıq qanun qüvvəsinə minsin. Bunu biz etməliyik. Ona görə bizdə aparılan siyasət sosialyönümlü siyasətdir. Əlbəttə ki, Azərbaycanda hüquqi dövlət qurulub və qanunun aliliyi hamımız üçün əsas olmalıdır. İqtisadi islahatlar aparılır. Biz bazar iqtisadiyyatı prinsipləri əsasında yaşayırıq. Ancaq sosial məsələlərin həllinə gəldikdə biz əksər hallarda sosial ədalətə daha da çox üstünlük veririk. Bu yaxınlarda suya olan borcların silinməsi əslində bazar iqtisadiyyatı prinsiplərinə tamamilə ziddir.

SAKİNLƏR: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çünki bu borcdur. Borc da gərək ödənilsin. Amma tərəziyə qoyanda biz nəyə üstünlük verək, əlbəttə ki, insanların rahatlığına. Sosial məsələlərin həllinə. Xüsusilə aztəminatlı ailələrin çətin vəziyyətə düşməməsi üçün addım atmalıyıq. Eyni zamanda, bu qeydiyyat məsələləri. Evlərin çoxu qanunsuz tikilib. Ancaq tikilib, insanlar yaşayır.

SAKİN: Cənab Prezident! Müəllimimizin qaldırdığı "TİR-park" məsələsinə mən də öz münasibətimi bildirmək istəyirəm. Mən müəlliməm, neçə ildir Sulutəpə qəsəbəsində yaşayıram. Bizim məktəbdən aşağıda - Xocasən tərəfdə 103 nömrəli məktəb vardır. Çox balaca, darısqal məktəbdir. Valideynlər məcbur qalıb uşaqlarını bu yol ilə gətirirlər bizim məktəbə. Ağır yüklü maşınların, nəqliyyat vasitələrinin parkının burada olması yolda saatlarla tıxaclar əmələ gətirir, dərsə gecikmələr olur. Sizdən xahiş edərdik ki, bu 103 nömrəli məktəbə əlavə korpus tikilsin ki, valideynlər əziyyət çəkib uşaqları oradan bizim məktəbə gətirməsinlər.

SAKİN: Hörmətli cənab Prezident! Mən Xocasən kəndinin sakiniyəm. Sizin qayğınız nəticəsində indi bizim kəndi tanımaq olmur. Allah Sizə cansağlığı versin. Yolumuz bərbad idi. Artıq Xocasən yolu müasir tələblər səviyyəsində qurulub.

Amma mənim bir xahişim vardır. 103 nömrəli məktəb mənim şəhid qardaşım Zakirin adını daşıyır. Yaxşı olardı ki, o məktəbin yanında bir poçt olsun. Xocasəndə poçt yoxdur. Yaxşı olardı ki, məktəbin yanında həm də bankomat olsun, pensiyaçılar pullarını alsınlar.

Prezident İlham ƏLİYEV: Bankomat yoxdur?

SAKİN: Xeyr, Xocasəndə yoxdur.

Prezident İlham ƏLİYEV: Bəs təqaüdü necə alırsınız?

SAKİN: Gəlib şəhərdən, qəsəbədən alırıq. Cürbəcür yerlərdən. Xocasəndə stadion üçün yer ayrılıb. Amma tam bərbad haldadır. Mən ümidvaram ki, bunun üçün də göstəriş verəcəksiniz. Biz Sizə çox inanırıq. Abşeron camaatı, həmçinin xocasənlilər Sizi də, Mehriban xanımı da çox istəyirlər.

Bir məsələni də deyim ki, məişət tullantılarının daşınmasında bələdiyyə çətinlik çəkir, maşınları yoxdur. Köhnə, 30 ilin maşınıdır. Kömək lazımdır onlara, əlbəttə, mümkün olsa. Çox xahiş edirəm. Qabaqcadan minnətdaram Sizə.

Prezident İlham ƏLİYEV: Onların hamısını qeyd edib bu gün mənə göndərin. Bu məsələləri mən sərəncama salacağam. Bunlar hamısı vacib məsələlərdir, bunları etməliyik. Xocasən yolu, doğrudan da, indi dünya səviyyəli bir yoldur. Orada böyük yarımstansiya da tikilmişdir.

SAKİN: Açılışını Siz etmişdiniz.

Prezident İlham ƏLİYEV: Bəli, mən açılışında iştirak etmişəm. Orada indi böyük təhsil mərkəzinin yaradılması nəzərdə tutulur. Tamamilə doğru söyləyirsiniz. Yəni böyük bir mərkəz olacaqdır.

SAKİN: Hörmətli Prezident! Allah Sizi qorusun! Siz də Azərbaycan xalqını qoruyasınız!

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 1, 2.