Azərbaycanlı deputatlar Avropa Şurasının baş katibinə suallar vermişlər

 

AŞ PA yaz sessiyasının birinci iş gününün ikinci yarısında Avropa Şurasının (AŞ) baş katibi T.Yaqlandın hesabat məruzəsi dinlənilmiş, daha sonra isə müxtəlif ölkələrdən olan deputatlar ona suallar vermişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov da baş katibə sualla müraciət etmişlər.

Deputat Qənirə Paşayeva bu il martın 8-də - Beynəlxalq Qadınlar günündə Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirildiyini baş katibin diqqətinə çatdırmışdır. Ermənistan tərəfinin bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞ PA-nın 1416 saylı qətnaməsinə də tamamilə ziddir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük zərbədir. AŞ-nin baş katibi olaraq Sizin bu məsələyə münasibətinizi bilmək istərdik. AŞ bu cür addımların dayandırılması, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb edən Parlament Assambleyasının 1416 saylı qətnaməsinin yerinə yetirilməsi istiqamətində mühüm rol oynaya bilər və sizcə oynamalıdırmı?

Baş katib azərbaycanlı deputatın sualına cavabında demişdir: "Sizin dediyiniz bir faktdır. Hesab edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dondurulmuş münaqişələr olan regionlarda yetərincə işləyə bilmirik. Bu istiqamətdə ciddi nəticə və irəliləyişlər əldə etməmişik. Fikrimcə, biz bu problemlərin həllinə öz töhfəmizi verməliyik. Necə ki, biz etimad mühiti və insan hüquqlarının qorunması istiqamətində bunu Rusiya-Gürcüstan münaqişəsi zamanı az da olsa, ortaya qoyduq. Hesab edirəm ki, AŞ bu regionlarda əzmkarlığını nümayiş etdirmək üçün daha çox səy göstərməlidir".

Deputat Rafael Hüseynov baş katib T.Yaqlanda ünvanladığı sualda diqqəti Ermənistanın Avropa Şurası prinsipləri ilə uyğun gəlməyən fəaliyyətlərinə yönəltmişdir: "Hörmətli cənab baş katib! Son dövrlərdə Avropa Şurasında islahatlar aparılmasının zəruriliyi haqqında mütəmadi söhbətlər gedir. Yəqin ki, bu islahatların ən vacibi və birincisi qurumun səmimi və qətiyyətli olması, sözü ilə işi arasında əlaqəni konkretləşdirməkdən ibarətdir. Nümunə - AŞ PA ailəsinin üzvü olan Ermənistan ən azı, bu təşkilatın 3 üzvü Azərbaycan, Türkiyə və Gürcüstana qarşı daim ərazi iddiaları ilə çıxış edir, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və beynəlxalq nəzarətdən kənar olan həmin əraziləri terrorçuların düşərgələrinin yerləşdirilməsi və narkotiklərin becərilməsi, eləcə də narkotiklərin tranzitinin münasib məkanına çevirib, öz ölkəsində də insan hüquqlarını sistemli şəkildə pozmaqdadır. Avropa Şurası isə bütün bunları bilə-bilə 10 ildir ki, Ermənistanın öz sıralarında qalmasına dözür və ona layiq olduğu cəzanı vermir. Nə üçün? Avropa Şurasındakı islahatları belə həssas məsələlərin həllindən başlamaq doğru olmazdımı?"

Avropa Şurasının baş katibi bu sualın cavabında bildirmişdir ki, həll olunmamış hərbi münaqişələr problemi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox narahatedicidir. ATƏT-in Minsk qrupu bu problemin diplomatik vasitələrlə həlli yolunda çalışsa da, Avropa Şurasının da üzərinə bu istiqamətdə böyük vəzifələr düşür. Çünki bu problemin mərkəzində dayanan insan hüquqları problemi Avropa Şurasının prioritetləri sırasındadır. İnsan haqlarının əleyhinə yönəlmiş hər addımın isə qarşısının alınması, bunlarla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün biz hələ çox iş görməliyik".

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 13 aprel.- S. 5.