Türkiyənin Cihan agentliyinin Moskva müxbiri Azərbaycan Prezidentinin "Rossiya-24" telekanalına müsahibəsi barədə geniş şərhi qardaş ölkədə yaymışdır

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" telekanalına müsahibə vermişdir.

AzərTAc xəbər verir ki, aprelin 12-də Türkiyənin Cihan agentliyinin Moskva müxbiri müsahibədən Dağlıq Qarabağ münaqişəsi və "Nabukko" layihəsi ilə bağlı hissələri tərcümə etmişdir. Bu material qardaş ölkənin "Bugün", "Star", "Zaman" kimi nüfuzlu qəzetlərinin internet saytlarında "İlham Əliyevdən BMT-yə müraciətlə: "Dağlıq Qarabağda Liviyadakı kimi niyə operativ deyilsiniz" sərlövhəsi altında yerləşdirilmişdir.

Yazıda müxbir Prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həllində BMT-nin daha fəal rol oynamasının vacibliyini qeyd etdiyini vurğulayır. Liviyaya dərhal müdaxilə edən BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasına çalışmadığını diqqətə çatdırır. Bildirir ki, Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısı Dmitri Medvedevin münaqişənin tənzimlənməsi ilə bağlı göstərdiyi səyləri çox yüksək qiymətləndirir və bu məsələdə BMT-nin "passiv"liyini vurğulayır. Müxbir Prezident İlham Əliyevin münaqişənin tənzimlənməmiş qaldığı, ən yaxın vaxtda irəliləyişə nail olunacağı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin heç birinin tətbiq edilmədiyi, lakin Liviyaya dair qətnamələri qəbul ediləndən bir neçə saat sonra həyata keçirilməyə başlandığı barədə dediklərini türk oxucularına olduğu kimi çatdırır və müsahibin sualını təkrar edir: Nə üçün?

Materialda Azərbaycan dövlətinin "Nabukko" qaz kəməri layihəsinə dəstək verib-verməyəcəyi ilə bağlı suala dövlətimizin başçısının konkret cavabı da öz əksini tapmışdır: "Biz bu layihəni dəstəkləyirik, lakin qarşılıqlı maraqların nəzərə alınması şərti ilə. İlk növbədə, kommersiya-ticarət maraqları təmin edilməlidir, qiymətin də ədalətli olması vacibdir..." Dövlət başçısının "Nabukko" kəməri ilə bağlı diqqət yetirdiyi digər məsələlər də oxucuların diqqətinə çatdırılır.

 

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 2.