Heydər Əliyevin xarici siyasət konsepsiyası uğurlu bəhrələrini verir

 

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafelərini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Tarixi təcrübə təsdiqləyir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal coğrafi-siyasi məkanda cərəyan edən proseslərə çevik və qarşılıqlı reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər. Bu sahədə müsbət nəticələri təmin edən vacib amillərdən biri də milli və bəşəri mənafelərin mümkün dərəcədə uzlaşdırılması, habelə dəqiq hədəflərə hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.

Xarici siyasətin bu vacib meyarlar üzərində gerçəkləşdirilməsi isə təkcə dövlətlərin iqtisadi qüdrəti, zəngin təbii ehtiyatları, coğrafi-siyasi yerləşməsi ilə şərtlənmir. Diplomatik fəaliyyətin effektivliyi həm də ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin liberal xarakteri - hamılıqla qəbul olunmuş dəyərlərə tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə layiqli töhfə verməsi, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləməsi ilə üzvi surətdə bağlıdır. Ümumbəşəri sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində demokratikləşmə xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş hüquq və azadlıqlarına hörmət bəsləməyən hər hansı bir dövlətin hansısa nüfuz qazanmasından, geniş coğrafi arealda cərəyan edən proseslərə təsiretmə imkanlarından danışmaq mümkün deyildir. İnsanların qərinələr boyu təcrübədən uğurla çıxardığı demokratik-liberal dəyərlər hazırda dünya ölkələrinin əksəriyyətində milli inkişaf strategiyası kimi müəyyənləşdirilmiş, dövlət idarəçiliyinin, birgə yaşayışın, vətəndaş-hakimiyyət münasibətlərinin tənzimlənməsinin ən ahəngdar, sivil forması kimi dəyərləndirilmişdir.

 

Balanslı, çevik və çoxşaxəli diplomatiya

 

Ötən əsrin sonlarına yaxın milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikasının məhz bu fundamental prinsiplər əsasında xarici siyasət yeritməsi - balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider ölkəyə rəhbərliyinin ilk günlərindən qətiyyətli addımlar ataraq xarici siyasətdə yol verilmiş kobud səhvlərin aradan qaldırılmasına başlamışdır. Azərbaycan siyasətinin patriarxı ilk növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana qarşı "ikili standart" yanaşmaları tədricən aradan qaldırmağa nail olan Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil respublikamızın qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Azərbaycanın müstəqillik illəri ərzində yeritdiyi xarici siyasət ümumən bu prinsiplərə əsaslanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas məqsədlərinə çevrilmişdir.

Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, liberal dəyərlərin mənimsənilməsi Azərbaycanın xarici siyasət doktrinasının mühüm vektorlarından biri olsa da, rəsmi Bakı müəyyən dairələrin bu bəşəri dəyərlərdən geosiyasi təzyiq aləti kimi istifadə etməsi cəhdlərinə qarşı çıxır, "demokratiyanın müdafiəsi bayrağı" altında "ikili standart" yanaşmaları, yeni müstəqillik qazanmış dövlətlərin suveren hüquqlarına müdaxiləni yolverilməz hesab edir. Silah gücünə və ya müxtəlif rəngli inqilablarla demokratiya toxumu əkmək prinsipi, bütövlükdə, demokratiya ideallarını şübhə altına alır, xalqlarda demokratiyaya inamsızlıq yaradır, ümumbəşəri dəyərləri vasitəyə çevirərək müəyyən məqsədlərə nail olmaq istəyənlərin səmimiliyini sual altında qoyur.

Akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində haqlı olaraq yazır ki, inkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, keçid mərhələsini yaşayan ölkələrdə gedən demokratik prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən standart tələbləri və meyarları olsa da, hər bir ölkənin özünə məxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınır. Akademikin bu fikri ilə tam razılaşmaq lazımdır ki, Azərbaycanda demokratiya və vətəndaş cəmiyyətini Qərb modelini olduğu kimi tətbiq edərək formalaşdırmaq heç də həmişə uğurlu variant hesab edilməməlidir: "Demokratik ənənələrin tarixən yabançı olduğu cəmiyyətlərdə milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq amilləri və ictimai şüurun dəyişməsi nəzərə alınmadan birdən-birə yeni davranış normaları formalaşanda artıq bu amillər təəccüb doğurmur. Hətta tərəqqi innovasiya xarakteri kəsb etdiyi, yəni, ideyalar, texnologiyalar, biliklər bir nəslin digərini əvəz etməsindən daha tez dəyişdiyi bir şəraitdə belə, bu cür kəskin siyasi hərəkətlər ictimai şüurun ağırlıq mərkəzinin radikal inkarlar müstəvisinə doğru dəyişməsinə səbəb olur. Nəticədə XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir. Biz İraqda, Əfqanıstanda, Kosovoda və başqa bölgələrdə belə halların baş verməsinin şahidiyik. Bu gün isə həmin proseslər özünü digər ölkələrdə də göstərir".

Azərbaycanın xarici siyasət kursunun formalaşması prosesi respublikada müstəqil dövlət quruculuğu prosesi ilə paralel getdiyindən rəsmi Bakı xarici siyasətini təməl prinsiplər əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləmiş, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük vermiş, "ikili standartlara" qarşı çıxmış, milli mənafelərini yetərincə qoruya bilmişdir.

Bəzən Azərbaycanın bölgədə artan rolunun yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Bəzi dövlətlərin timsalında bunu əminliklə demək olar. Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibəti, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamı ilə təmin edilir. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin indi bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqların nəticəsidir.

 

Diplomatik korpus qarşısında yeni vəzifələr

 

Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın milli mənafelərə cavab verən xarici siyasət doktrinasının müəllifi olmaqla yanaşı, bu siyasəti keyfiyyətcə yeni mərhələdə inamla, qətiyyətlə davam etdirəcək rasional və praqmatik düşüncəli lideri də yetişdirmişdir. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulanmalıdır. Balanslı xarici siyasət yürüdən Azərbaycan son illərdə regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil oyun qaydalarına əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.

Azərbaycan Prezidenti bu və digər məqsədləri ən qısa zamanda reallaşdırmaq, xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün ilk növbədə diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Dövlət başçısının 2004, 2006 və 2008-ci illərdə Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərinə uyğun qurulması məqsədindən irəli gəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyev hər üç müşavirədə dərin məzmunlu nitq söyləyərək keyfiyyətcə yeni mərhələdə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında duran vəzifələri bir daha diqqətə çatdırmış, erməni lobbisinin cəfəng təbliğatının zərərsizləşdirilməsi baxımından hücum xətti üzərində qurulan çevik diplomatiyanın həyata keçirilməsini vacib saymışdır.

 

Qlobal təhdidlərə preventiv reaksiya

 

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bütün dövlətlərin respublikamızla hesablaşması, onun mənafeyini nəzərə alması, ilk növbədə, qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, Prezident İlham Əliyev istər ABŞ və Avropa, istərsə də Rusiya və İranla münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları ardıcıl, obyektiv və məntiqli şəkildə aradan qaldırmağa nail olmuşdur. ABŞ-dakı ermənipərəst qüvvələrin təsiri ilə rəsmi Vaşinqtonun müəyyən müddət narazılıqla qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Azərbaycanın daxili imkanlar hesabına maliyyələşdirməsi, habelə ABŞ Dövlət Departamentinin 2007-cı ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına alan hesabatına sərt reaksiya verməsi və həmin texniki yanlışlığı qısa zamanda aradan qaldırmağa nail olması bu sırada diqqət çəkən məsələlərdir.

Dövlət başçısı İlham Əliyev şimal qonşumuzun 2005-2006-cı illərdə Azərbaycanı müəyyən enerji təhdidlərinə, şantajlarına məruz qoymaq, təbii qazın qiymətlərini ikitərəfli münasibətlərin xarakterinə adekvat olmayan şəkildə diktə etmək cəhdlərinə də eyni prinsipiallıqla cavab vermiş, qonşu dövlətdən təbii qazın idxalının dayandırılması barədə operativ qərar qəbul etmişdir.

Sonrakı mərhələdə respublikamız daxili imkanları hesabına nəinki özünü, eyni zamanda, çıxılmaz vəziyyətə düşmüş Gürcüstanı da qazla təmin etmişdir. Enerji amilindən hansısa üçüncü ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərini yolverilməz sayan Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq iqtisadi və siyasi öhdəliklərə şərtsiz əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir.

Azərbaycan milli maraqları ilə bağlı məsələlərdə hər hansı dövlətə güzəştə getmək niyyətindən uzaqdır.

 

Beynəlxalq təşkilatlarda layiqli təmsilçilik

 

Azərbaycanın xarici siyasətində beynəlxalq əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilir, ölkənin milli maraqları baxımından bu sahəyə xüsusi diqqət yetirilir. Ölkəmiz bəşəri sülh və təhlükəsizliyin təminatında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən beynəlxalq səylərə töhfəsini davam etdirir, təşkilatın müxtəlif qurumları və ixtisaslaşdırılmış təsisatlarında təmsilçiliyini artırır. Azərbaycan müasir dövrün hədə və təhdidlərinə daha səmərəli şəkildə cavab vermək üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların həyata keçirilməsi də daxil olmaqla, BMT-nin operativ imkanlarının artırılmasına yönələn islahatları dəstəkləyir.

ATƏT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Azərbaycanın ATƏT-lə əməkdaşlığı təkcə demokratik inkişaf baxımından deyil, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından vacibdir.

Eyni zamanda, milli maraqlarımızın təmin olunması, daxili siyasi və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin Avropanın norma və standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərdən Avropa Şurası ilə əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən bu nüfuzlu beynəlxalq qurum qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirmişdir. Qalan bəzi öhdəliklərin reallaşdırılması istiqamətində fəal iş aparılır.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı "Yeni qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində inkişaf etdirilir. Azərbaycan Avropa İttifaqı ilə siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır.

Avratlantik məkana inteqrasiya baxımından NATO ilə əməkdaşlıq da respublikamız üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur və Avratlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan Fərdi Tərəfdaşlığın Fəaliyyəti Planının ikinci fazasını uğurla başa vurmuşdur. Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə birlikdə Kosovoda, İraqda və Əfqanıstanda sabitliyin qorunmasında, sülhyaratma əməliyyatlarında xidmət göstərmişlər.

Azərbaycan regional çoxtərəfli əməkdaşlığı vacib hesab edir və GUAM çərçivəsində regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəsini verir. Gürcüstan, Ukrayna və Moldova ilə GUAM - Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat çərçivəsində sıx əməkdaşlıq edir. Təşkilatın üzvləri qarşılıqlı əlaqələri genişləndirməklə bərabər, bir sıra mühüm məsələlərə münasibətdə vahid mövqedən çıxış edirlər. GUAM-ın iştirakçısı olan üç ölkənin - Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinin pozulması onların istər regional, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətini şərtləndirir. Bu əməkdaşlıq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət daşıyır.

Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələrinin uğurlu birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Respublikamız təşkilatla qarşılıqlı faydalı münasibətlər qurmaqla ümummilli maraqlarını daha geniş coğrafi arealda müdafiə etmək, üzləşdiyi bir sıra problemləri beynəlxalq birliyə çatdırmaq baxımından əlverişli tribuna qazanmışdır.

Dinlər və sivilizasiyalararası dialoqun təşviq edilməsində ənənəvi olaraq yüksək nüfuza malik Azərbaycan Respublikası Türkiyənin və İspaniyanın təşəbbüsü ilə baş tutan Sivilizasiyalararası Alyansa qoşulan ilk ölkələrdəndir. Ölkəmiz, həmçinin 32 dövlətin dini liderlərinin və dini nümayəndələrinin iştirakı ilə Bakıda Dini Liderlərin Ümumdünya Sammitini keçirmişdir.

 

Danışıqlar milli maraqlarımız çərçivəsində gedir

 

20 ildən artıq davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən uzun sürən, qanlı və çətin həll edilə bilən problemə çevrilmişdir. Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə biri zəbt olunmuş, etnik təmizləməyə məruz qalmış bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, ölkənin minlərlə tarixi-mədəni irsi dağıdılaraq qarət edilmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdır. BMT Baş Məclisinin 2008-ci il 14 mart tarixli "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnaməsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunmuşdur.

Münaqişənin həllinə dair ATƏT, İKT, Avropa Şurası Parlament Assambleyası, NATO, Avropa İttifaqı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmişdir. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi xüsusi vurğulanmış, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilmişdir.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2008-ci ilin payızında Moskvada keçirilən görüş çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin son 15 ildə ilk dəfə birgə bəyannamə imzalaması danışıqlar prosesini intensivləşdirmək, problemi qarşılıqlı güzəştlər əsasında həll etməklə bağlı siyasi iradə nümayişi kimi yadda qalmışdır. Bəyannamədə Azərbaycanın dəfələrlə qeyd etdiyi məqamlardan kənara çıxan heç bir maddə yoxdur. Beynəlxalq ekspertlərin rəylərində də bildirilir ki, Moskva bəyannaməsi Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizamlanması istiqamətində dəfələrlə səsləndirdiyi fikirlərin bir növ müdafiəsi idi və əsasən bu fikirləri özündə təcəssüm edirdi. Ermənistan Prezidentinin bu bəyannaməni imzalaması Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır.

Ötən il gerçəkləşən Soçi, Sankt-Peterburq və Həştərxan görüşlərinin Madrid prinsipləri əsasında aparılması deməyə əsas verir ki, danışıqlar prosesi məhz münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həlli formulu çərçivəsində aparılır.

Qeyd etmək lazımdır ki, münaqişənin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri başçılarının keçən il iyunun 26-da Kanadanın Muskoka şəhərində verdikləri birgə bəyanat olmuşdur. Bəyanatda dövlət başçıları tərəfindən münaqişənin işğal altındakı ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

Ötən il dekabrin 1-2-də Qazaxıstanın paytaxtında keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində təşkilatın Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının 2009-cu ildə İtaliya və 2010-cu ildə Kanadada keçirilmiş "Böyük səkkizliyin" zirvə görüşləri çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev münaqişə ilə bağlı danışıqlar prosesinin məhz Azərbaycanın qəti şəkildə önə çəkdiyi prinsiplər əsasında getdiyini razılıqla vurğulayır: "Xarici siyasətdə bütövlükdə bizim qarşımızda yeganə böyük problem dayanıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan dövləti bu istiqamətdə bütün səyləri göstərir ki, məsələ tezliklə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni, danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir".

Azərbaycan Cənubi Qafqaz regionunda və ondan kənarda təhlükəsizlik və sabitlik naminə Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirməyə hazırdır və bu da gələcəkdə geniş regional imkanları bütün tərəflərin faydası üçün istifadə etməyə şərait yaradacaqdır. Lakin sülh prosesinin uğurla nəticələnməsi Ermənistan tərəfinin eynilə bu prosesə sadiqliyindən və konstruktiv yanaşmasından, həmçinin beynəlxalq birliyin, ATƏT-in bütün üzv dövlətlərinin, xüsusən də, Minsk qrupunda təmsil olunan və həmsədrlik edən ölkələrin fəal töhfəsindən asılıdır.

Prezident İlham Əliyev Rusiyanın "Vesti" telekanalına və İTAR-TASS informasiya agentliyinə verdiyi müsahibədə demişdir ki, indiki halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik. Həm bizim təklifimizdə, həm də Minsk qrupu həmsədrlərinin təklifində ərazi bütövlüyünün bərpası, təhlükəsizliyə zəmanətin təmin edilməsi, bütün qaçqınların və daxili köçkünlərin Dağlıq Qarabağın ətrafındakı tarixi torpaqlarına və Dağlıq Qarabağa qaytarılması və gələcəkdə Dağlıq Qarabağın statusu barəsində hər iki tərəfi qane edən qərar qəbul olunması məsələləri əlaqələndirilir. "Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar qəbul edilə bilməz" fikrini önə çəkən Prezident İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan hüquqi cəhətdən ayrılması mexanizmini nəzərdə tutan proseslərdə Azərbaycan özünün iştirakını mümkün saymır və heç vaxt bu proseslərdə iştirak etməyəcəkdir. Bu, bizim birmənalı mövqeyimizdir.

Bütün bunlar göstərir ki, Azərbaycanın ictimai-siyasi cəhətdən sabit, iqtisadi baxımdan sürətlə inkişaf edən, eyni zamanda, beynəlxalq miqyasda maraq və mənafeyini layiqincə təmin edən ölkəyə çevrilməsində dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət kursu vacib əhəmiyyətə malikdir. Bu kursun əsas məqsədi isə milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsi, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırması və təhlükəsizliyinin hərtərəfli təminatından ibarətdir.

 

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Xarici əlaqələr şöbəsinin

müdiri, YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2011.-14 aprel.- S.  4.