Həştərxanda dahi Heydər Əliyevə böyük ehtiramın möhtəşəm ünvanı

 

Vilayətdə ulu öndərin abidəsinin ucaldığı park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın yeni rəmzinə çevrilib

 

Azərbaycanın qarşılıqlı iqtisadi-siyasi münasibətlərini kifayət qədər böyük uğurla inkişaf etdirdiyi dövlətlər sırasında şimal qonşumuz olan Rusiya xüsusi yer tutur. Tarixləri bir-biri ilə sıx bağlı olan, uzun illər SSRİ adlanan nəhəng bir imperiyanın tərkibində birgə yaşamağa məhkum edilən ölkələrimiz müstəqilliklərini əldə etdikdən sonra qarşılıqlı əməkdaşlığın inkişafında heç də rəvan olmayan yollardan keçməli olublar. Lakin tarixin ən sərt sınaqlarından belə müvəffəqiyyətlə çıxmağı bacarıblar. Qarşıya çıxan problemlərin uğurlu həllinin nəticəsidir ki, artıq Azərbaycan və Rusiyanın mövcud münasibətləri strateji səviyyəyə yüksəlib.

 

Rusiyanın böyük dostu

 

İndi kifayət qədər dinamik tərəqqi yolunda olan ölkələrarası əlaqələr təkcə dövlətlərə yox, eyni zamanda, Azərbaycan və Rusiya xalqına da böyük fayda gətirir. Bu mənada, hər iki ölkənin mövcud münasibətlərin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində olan səyləri tamamilə təbii xarakter daşıyır. Xüsusən də dövlət başçıları səviyyəsində edilən səylərin məntiqi nəticəsi olaraq ölkələrimiz arasında mövcud əməkdaşlığın miqyası davamlı olaraq genişlənir, yeni keyfiyyət çalarları qazanır. Qeyd edilən kontekstdə Prezident İlham Əliyev ötən həftə Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" - Rusiya informasiya telekanalına verdiyi müsahibəsində Azərbaycan-Rusiya münasibətlərini çox dəqiq xarakterizə edir: "Bizim münasibətlər çox dinamik, ardıcıl və səmərəli inkişaf edir. Dövlət başçıları səviyyəsində siyasi əlaqələr çox yüksək səviyyədədir, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Biz daim əlaqə saxlayırıq və qəbul etdiyimiz qərarlar real səmərə verir. Biz, hər iki tərəf, haqlı olaraq münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Biz qonşuyuq. Biz həmişə mehriban qonşuluq və dostluq prinsipləri üzrə yaşamışıq. Biz əsrlər boyu birlikdə, yanaşı yaşamışıq və çox vacibdir ki, Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə bu müsbət meyillər qorunub saxlanmış və artırılmışdır".

O da birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Rusiya ilə yüksək səviyyəli əməkdaşlığın formalaşmasının memarı ümummilli lider Heydər Əliyev olmuşdur. Həyatını mənsub olduğu xalqa təmənnasız xidmətə həsr edən ulu öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqil ölkə kimi həyata keçirəcəyi xarici siyasətin müvəffəqiyyətlərə yol açan yeni strategiyasını da müəyyənləşdirdi. Bu fonda Rusiya ilə münasibətlərin inkişafında prinsip etibarilə yeni dövr başlandı. Heydər Əliyev əhali və ərazi cəhətdən Azərbaycanın ən böyük qonşusu sayılan Rusiya ilə bütün problemlərin qısa zaman kəsiyində nizamlanmasında olduqca qətiyyətli mövqe nümayiş etdirirdi. Bu məqsədlə 1993-cü il sentyabrın 6-da ulu öndər Moskvada Rusiyanın ovaxtkı prezidenti Boris Yeltsin və bu dövlətin başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi.

 Görülən işlər çox tezliklə öz müsbət bəhrəsini verməyə başladı və artıq proseslərin yeni inkişaf axarı hər iki tərəfin maraqlarına cavab verirdi. İqtisadi, siyasi, mədəni və digər mühüm sahələrdə sıx əməkdaşlığa maraq göstərən Azərbaycan və Rusiya arasında sonrakı dövrdə də münasibətlərin yüksək səviyyəyə çatdırılması istiqamətində əməli addımlar atıldı. Xüsusən də Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsi, Heydər Əliyevin onunla münasibətləri ölkələrarası əlaqələrin daha da güclənməsində, əməkdaşlığın strateji səviyyəyə yüksəlməsində öz əksini tapdı. Bu mənada, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin müəllifi olan ümummilli liderin xatirəsi Rusiyada da hər zaman böyük ehtiramla anılır, əziz tutulur. Rusiyanın sabiq dövlət başçısı, hazırkı Baş nazir Vladimir Putinin aşağıdakı fikirləri ulu öndərin fəaliyyətinə yüksək səviyyədə verilən həqiqi qiymətdir: "Heydər Əliyev beynəlmiləl insan, Rusiyanın böyük dostu və Azərbaycanın vətənpərvəri idi".

Ulu öndərin ölkəmizin dinamik inkişafını təmin edən strategiyasının layiqli davamçısı, onun ideyalarını uğurla reallaşdıran Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Rusiya ilə Azərbaycan arasında münasibətlərin tərəqqi tempini daha da yüksəldib. Dövlətlərarası əlaqələrin mövcud səviyyəsi, Azərbaycan Prezidentinin istər Rusiyanın sabiq dövlət başçısı Vladimir Putinlə, istərsə də indiki həmkarı Dmitri Medvedevlə qarşılıqlı etimada söykənən münasibətləri ölkələrimizi vacib tərəfdaşlara çevirib. Hazırda Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq kifayət qədər uğurla inkişaf edərək hər iki tərəfə böyük fayda gətirir. Bunun nəticəsi olaraq indi Rusiyada ölkəmizə qarşı 1990-cı illərin əvvəllərindən fərqli olaraq tamam başqa münasibət sərgilənir, Azərbaycana dost dövlət olaraq yanaşılır. Özü də bu, Azərbaycanın şimal qonşusunda təkcə dövlət yox, bütöv bir cəmiyyət səviyyəsində özünü aydın formada büruzə verir.

 

Həştərxanın ən gözəl və müasir məkanı

 

 Hazırda Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də ölkələrimizin müxtəlif rayon və şəhərləri çıxış edir. Onlar ümumi tərəqqi siyasətinin vacib elementlərinə çevrilirlər, bir-biri ilə qurduğu münasibətlərlə əməkdaşlığa özünəməxsus töhfələr verirlər. Bu xüsusda Azərbaycan Respublikası Bakı şəhərinin Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan şəhərinin Nərimanov rayonu arasında dostluq əlaqələri də yüksək templərlə inkişaf etməkdə, yeni keyfiyyət çalarları qazanmaqdadır. Ümumiyyətlə, Rusiyanın Həştərxan vilayəti, onunla eyni adı daşıyan şəhərlə Azərbaycanın tarix boyu mühüm əlaqələri olub və bunu şərtləndirən əsas səbəblərdən biri Xəzər dənizində olan sərhəd qonşuluğudur. Bundan başqa, Həştərxan şəhərində bu gün 25 mindən çox azərbaycanlı yaşayır və orada soydaşlarımızın formalaşdırdığı diaspor qüvvələri kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının, burada yaşanan inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayır.

Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən təbəqə kimi qəbul olunur. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin fikirləri bu kontekstdə xüsusi diqqət cəlb edir: "Biz Həştərxan vilayəti barədə danışanda öz həyatımızı tərəfdaşlarımız - Xəzər sahilindəki qardaşlarımız olan azərbaycanlılarla ən sıx əlaqələr, iqtisadi və sosial sahədə inteqrasiya olmadan təsəvvür etmirik. Burada böyük bir Azərbaycan diasporu yaşayır... Azərbaycanlılar bizim ən etibarlı tərəfdaşlarımız, bütün iqtisadi və sosial layihələrdə iştirak edən, qanunlara hörmət bəsləyən vətəndaşlarımızdır. Buna görə mən onlara həmişə təşəkkür edirəm".

Azərbaycan barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin ölkəmizə, xalqımıza, onun insanlarına vurğunluğunu nümayiş etdirən ən mühüm məqamlardan biri isə burada ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı və gözəlliyi ilə riqqət doğuran park oldu. Azərbaycan hökumətinin təşəbbüsü ilə parkda həyata keçirilən yenidənqurma tədbirləri, görülən digər işlər Həştərxan şəhərinin simasına böyük yenilik gətirib, onu daha da gözəlləşdirib.

Təkcə Azərbaycan üçün deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı üçün də müdrik siyasi xadim olan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovetlər, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun konkret vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr verib. Elə ona görə də Heydər Əliyevin Həştərxandakı abidəsi həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir.

Abidənin açılışı zamanı və onun yerləşdiyi parkın yenidən qurulmasından sonra keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ötən il oktyabrın 27-də baş tutan mərasimi Həştərxanda yaşayan azərbaycanlılar indi də böyük məmnunluqla xatırlayırlar. Həmin vaxt cənab İlham Əliyev Həştərxanda yaşayan soydaşlarımız, diasporun nümayəndələri ilə görüşərək onların vəziyyəti ilə maraqlandı, öz tövsiyələrini verdi. Dövlət başçısı parkın estetik görünüşündən və yüksək zövqlə ərsəyə gətirilməsindən məmnunluğunu ifadə etdi.

Ulu öndərin abidəsinin ucaldığı park isə həm buradakı azərbaycanlılar, həm də bütün yerli sakinlər üçün olduqca əzizdir. Çünki bu məkan təkcə istirahət yeri yox, həm də dostluq rəmzi kimi tanınır və Prezident İlham Əliyevin açılış mərasimində iştirakı zamanı söylədiyi aşağıdakı fikirləri tamamilə doğruldur: "Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır".

Qardaşlıq simvolu olaraq dəyərləndirilən park həm də estetik görünüşü ilə vahid bir sənət əsəri olaraq qiymətləndirilə bilər. Çünki burada müxtəlif sahələr üzrə həyata keçirilən abadlıq işləri bir-birini tamamlayaraq gözəl vəhdət yaradır. Parkda ulu öndərin xatirəsinə ucaldılmış abidə ilk növbədə öz möhtəşəmliyi, eyni zamanda, mükəmməl sənət nümunəsi olmaqla diqqəti cəlb edir. Abidənin müəllifi xalq rəssamı, professor Natiq Əliyevdir. 7,8 metr hündürlüyü olan heykəlin ucaldığı 3,5 hektar ərazini əhatə edən parkda görülən yenidənqurma işləri, sözün əsl mənasında, buranı əsrarəngiz gözəllik ünvanına çevirib. Bu mənada, Həştərxan şəhər sakinlərinin ixtiyarına verilən parka ictimaiyyət tərəfindən böyük diqqətin olması heç də təsadüfi xarakter daşımır.

Volqa çayının Həştərxandan keçən qolunun sahilində yerləşən və füsunkar gözəlliyə malik olan bu park Azərbaycan hökumətinin təşəbbüsü və fəal iştirakı ilə abadlaşdırılaraq ən müasir tələblərə cavab verən bir istirahət məkanıdır. Elə bunun nəticəsidir ki, hər gün sözügedən parkı yüzlərlə şəhər sakini ziyarət edir, günlərinin böyük bir hissəsini mənəvi cəhətdən zövq aldığı bu istirahət məkanında keçirirlər.

Sözügedən park həm də Həştərxanın tarixində bir sıra yenilik və memarlıq nümunəsinin ünvanı olaraq şəhər sakinləri tərəfindən olduqca yüksək qiymətləndirilir. Məsələn, parkın işıqlandırılması üçün istifadə olunan, yüksək standartlara cavab verən yeni çilçıraq və işıq dirəkləri Həştərxanda ilk dəfə məhz burada quraşdırılıb. Belə ki, parkda mövcud olan köhnə işıq dirəkləri Sankt-Peterburq şəhərində istehsal olunmuş ən müasir işıq dirəkləri ilə əvəz edilib. Parkın bütün sahəsini əhatə edən yeni işıq dirəkləri və çilçıraqlar buranın gecəsini də bir andaca gündüzə çevirir və elə bu da sakinlərin razı qaldığı ən vacib cəhətlərdən biridir.

İstirahət guşəsinin döşəmə örtüyü də dəyişdirilərək yeniləri ilə əvəz olunub. Burada indi mövcud olan daş plitələr həm mozaik quruluşu, həm də yüksək keyfiyyəti ilə seçilir. Onların döşənməsində memarlıq baxımından ən xırda tələblərin belə yüksək diqqətlə yerinə yetirilməsi park ərazisinə sanki böyük bir xalının salındığını xatırladır.

Parkda olan oturacaqlar dəyişdirilərək Bakı şəhərində istehsal edilən yeni və müasir üslubda olan oturacaqlarla əvəzlənib. Əvvəlkilərdən fərqli olaraq, yeni oturacaqlar həm estetik görünüşü, həm də ən kəskin hava şəraitinə yüksək dözümlülüyü ilə fərqlənir. Parkda quraşdırılmış fəvvarə də istirahət üçün bura üz tutanların böyük razılıqla qarşıladığı aksessuarlardan biridir. Parkda həyata keçirilən abadlıq və yenidənqurma işləri zamanı diqqət yetirilən mühüm amillərdən biri də yaşıllaşdırma ilə bağlıdır. Ərazinin yaşıllıq zonalarına qazon səpilib, gül və dekorativ kolların əkilməsi təmin edilib. Bu gün parkın ərazisində Avropadan sifariş edilmiş və parkın ərazisində salınmış 20 növdə mindən artıq müxtəlif ağacı sakinlər heyranlıqla izləyir. Bu ağaclar əvvəl parkda olan bitki və yaşıl örtüklə həmahənglik təşkil edir və insanı heyrətə gətirəcək bir mənzərə yaradır. Bir sözlə, parkın yaşıllıq örtüyü insana özünü təbiətin dilbər guşəsində hiss etməyə imkan verir.

 

Həştərxanlılara Azərbaycan dövlətinin yeni töhfələri

 

Görülən işlər təkcə bununla məhdudlaşmır və parkda həyata keçirilmiş yenidənqurma işləri ətraf əraziləri əhatə etməklə kompleks xarakter daşıyır. Belə ki, parkın ətrafında yerləşən binaların memarlıq üslubu saxlanılmaq şərti ilə onların fasadları alman şirkəti tərəfindən bərpa edilib və müasir standartlara uyğunlaşdırılıb. Eyni zamanda, həmin binaların dam örtükləri dəyişdirilib. Bu məqam da Həştərxan sakinlərinin böyük məmnunluqla qarşıladığı işlər sırasında yer alır.

İndi sözügedən şəhərdə dillər əzbəri olan bu parka üz tutanlar təkcə istirahətlərini xoş keçirmək istəyənlər yox, eyni zamanda, yeni ailə quran gənclərdir. Toyları zamanı parkda gəzintiyə çıxan gənclərin ilk olaraq burada xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət etməsi və onun önünə tər çiçəklər düzməsi artıq ənənə halını alıb.

Yeri gəlmişkən qeyd edək ki, parkda ən böyük sənət əsərlərindən biri kimi dəyərləndirilən abidəni istirahətə gələnlər tez-tez ziyarət edir, ulu öndərin xatirəsini anırlar. Sözügedən abidə isə həm gözəl bir sənət əsəri, həm də möhtəşəmliyin bir ifadəsidir. Heykəlin postamentinin təməli, onun fasad və ətraf hissələri üçün Ukraynadan "Tokovski" adlı qranit sifariş edilib. Bu onun əzəmətini və gözəlliyini daha da artırır. Bu gün Həştərxan şəhərinin ən görkəmli yerində, "Naberejnaya Privolskovo zatona" küçəsində yerləşən park bütünlükdə şəhər sakinlərinin sevimli ünvanlarından birinə çevrilib. Həmin ünvan isə Həştərxan ictimaiyyətində, eləcə də bu şəhərə qonaq kimi gələnlərdə, turistlərdə azərbaycanlıların yüksək zövqü, potensialı barədə xoş və yüksək təəssürat yaradır.

Park Həştərxanın mərkəzi və strateji cəhətdən əhəmiyyətli sayılan ərazisində yerləşir. Bura şəhərin bütün əsas küçələrinin və yollarının kəsişdiyi, bir sıra mühüm dövlət obyektlərinin yerləşdiyi mərkəz kimi də yaxşı tanınır. Parkda istirahətə gələnlər arasında tez-tez şəhərə rəhbərlik edən şəxslərə də rast gəlmək mümkündür.

Hazırda görülməkdə olan bir sıra yeni işlər həm parka əlavə gözəllik gətirəcək, həm də onun ziyarətçilərinin sayını daha da artıracaq. Belə ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə parkın açılış mərasimindən sonra keçirilən baxış zamanı yaxınlığından keçən Volqa çayının qolunun digər tərəfində yaşayan əhalinin istirahətini təmin etmək üçün çayın üzərindən piyada keçid körpüsünün tikintisinin həyata keçirilməsi qərara alınıb. Eyni zamanda, Həştərxan şəhərinin Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adının verilməsi barədə müvafiq qərar qəbul olunub. Azərbaycan hökuməti tərəfindən məktəbin əsaslı təmirinə və iki yeni korpusunun tikintisinə başlanılıb və sentyabrın 1-nə qədər şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.

Artıq parkın sahilində yerləşdiyi çayın digər sahili ilə birləşdirəcək körpünün inşası istiqamətində lazımi işlərə start verilib və 2011-ci ilin sentyabr ayınadək inşaat prosesinin tamamlanması nəzərdə tutulur. Bu körpü parkın yaxınlığından keçən çayın digər tərəfində yaşayan əhalinin istirahətini təmin etməklə bərabər, eyni zamanda, onların gündəlik həyatına da rahatlıq gətirəcək. Sakinlər şəhəri ikiyə bölən çayı keçmək üçün digər keçidlərlə yanaşı, yeni salınacaq körpüdən də faydalana biləcəklər.

 

Azərbaycanlılar Həştərxanın ictimai həyatına daha sıx inteqrasiya olurlar

 

Azərbaycan hökumətinin bu xeyirxahlığı Həştərxan vilayəti üçün böyük töhfə, burada yaşayan azərbaycanlılar üçün isə vilayətin ictimai həyatına daha sıx inteqrasiya naminə atılmış müdrik dəstək aktıdır. Bütün bunlar Həştərxanda yenidən ərsəyə gətirilmiş parkın əhəmiyyətinin kifayət qədər böyük olduğunu bir daha aydın nümayiş etdirir. O da mühüm faktlardan biridir ki, parkın mühafizəsinin və təmizliyinin təmin edilməsi, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi məqsədilə aidiyyəti təşkilatlarla müqavilə bağlanılıb. Bu səbəbdən hər gün xeyli sayda insanın ziyarət etdiyi park daim təmiz saxlanılır və mühafizə olunur. Beləliklə, burada həm sakinlərin, həm də Həştərxanın qonaqlarının istirahəti üçün hər cür şərait mövcuddur.

Sözügedən parkın Həştərxanda yaşayan azərbaycanlılar üçün dəyər və əhəmiyyəti isə müqayisəyəgəlməz dərəcədə böyükdür. İlk növbədə, belə yüksək səviyyəli istirahət ünvanının Azərbaycan hökuməti tərəfindən yaradılması Həştərxanda yaşayan hər bir azərbaycanlının bunu iftixarla səsləndirməsinə, bundan qürur duymasına imkan verir. Digər tərəfdən, bura yeniliyin, novatorluğun bir simvolu olaraq anılır ki, bu da soydaşlarımız tərəfindən daha bir qürurverici hal kimi qəbul edilir. Nəfis tərtibatla, yüksək zövqlə ərsəyə gələn parkın bu gün Həştərxanda analoqu yoxdur. Bunu parkın yerləşdiyi şəhər sakinləri də açıq etiraf edirlər və görülən işlərə görə minnətdarlıq hisslərini dilə gətirməkdən məmnunluq duyurlar.

Park eyni zamanda Həştərxanda yaşayan azərbaycanlıları birləşdirən, bir araya gətirən yeni məkan rolunu da oynayır. İndi həm istirahət, həm də bir-biri ilə görüşmək üçün əsas ünvan olaraq məhz bu parkı seçən xeyli sayda soydaşımıza rast gəlmək mümkündür. Burada onların parka istirahətə gələnlərə Azərbaycan, onun mövcud inkişafı, ümummilli lider haqda məlumatlar verməsi, müvafiq bilgilər çatdırması hallarına tez-tez rast gəlinir. Bütün bunlar sözügedən parkın bir istirahət ünvanı olmaqdan əlavə, həm də Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından da az əhəmiyyət daşımadığını ortaya qoyur.

Lakin Həştərxanda Azərbaycan tərəfinin təşəbbüs və iştirakı ilə görülən işlərin miqyası daha genişdir. Bu kontekstdə Həştərxan vilayətinin Nərimanov rayonunda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun 140 illik yubileyinin və Nərimanov rayonunun yaradılmasının 79 illiyi münasibətilə keçirilən tədbirləri xüsusi vurğulamaq lazım gəlir. Həmin tədbirlər həm ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynayır, həm də Azərbaycan barəsində Həştərxan vilayətində daha dolğun məlumatın olmasına, obyektiv rəyin yaranmasına mühüm töhfələr verir. Nəriman Nərimanovun buradakı heykəli yenə də Azərbaycan hökumətinin hesabına təmir edilib.

Bununla yanaşı, qarşılıqlı səfərlər zamanı xalqlarımızın mədəni irsinin nümunəsi olaraq keçirilmiş görüş və konsertlər də kifayət qədər geniş rezonansa səbəb olub. Ümumiyyətlə, tərəflər arasında müxtəlif sahələr üzrə baş tutan tədbirlər təməli keçən əsrdə qoyulmuş dostluq və qardaşlıq əlaqələrinin bu gün də yüksək dinamika ilə inkişafının bariz göstəricisidir. Bu inkişaf əsrlər boyu qonşu olan xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, onlar arasında səmimi münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldir.

Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər olduqca rəvan inkişaf edir və yaşanan tərəqqi ən müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər sferaları da özündə ehtiva edir. Əlaqalərin bu səpkidə inkişafında hər iki ölkənin dövlət rəhbərlərinin rolu, siyasi iradələri də kifayət qədər mühüm rol oynayır. Nəticədə mövcud münasibətlər və onların səviyyəsi ölkələrimizin artıq strateji tərəfdaş olduğunu, eləcə də qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini aydın göstərir. Bu isə perspektivdə Azərbaycan və Rusiya əlaqələrinin daha yüksək səviyyəyə çatacağına, tərəflərin milli maraqlarının təmini şəraitində strateji xarakterli münasibətlərinin yeni yüksəliş mərhələsinə qədəm qoyacağına tam əminlik yaradır.

 

 

Ədalət HÜSEYNOV,

Ümumrusiya Azərbaycanlıları Konqresinin

Həştərxan nümayəndəliyinin rəhbəri

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 5.