Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur

 

Aprelin 15-də Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dövlət başçısına raport verdilər.

Gömrükçülər və sərhədçilər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlət başçısına məlumat verildi ki, Azərbaycan Prezidentinin 2007-ci il 1 fevral tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunmuşdur. Burada yük avtomobillərinin yoxlama maşını quraşdırılmışdır.

Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış oldu.

Bildirildi ki, burada hər cür şərait yaradılmış, ən müasir avadanlıq qurulmuş, iş prosesində kompüter sistemindən geniş istifadə olunur.

Prezident İlham Əliyev burada narkotik vasitələrin aşkarlanmasından bəhs edən alboma, avadanlığa baxdı.

Dövlət başçısı idxal və ixrac gömrük nəzarəti xətlərində yaradılan şəraitlə tanış olarkən qeyd edildi ki, bu xətlərin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılmışdır.

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Prezident İlham Əliyevin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə burada rəsmiləşdirmə mərkəzi yaradılmış, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsində qeydiyyatının "bir pəncərə" prinsipini tətbiq etməklə həyata keçirilməsi təmin olunmuşdur. Bu da malların və nəqliyyat vasitələrinin məntəqədə qeydiyyatına sərf olunan vaxtın 3 saatdan 15 dəqiqəyədək azaldılmasına imkan vermişdir.

Dövlət başçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxdı.

Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlandı.

İnzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotostendlər qurulmuşdur.

Dövlət başçısı inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izlədi. Məlumat verildi ki, Astara Gömrük İdarəsinə daxil olan bütün strukturların da fəaliyyətini izləmək mümkündür. Bu da iş prosesinin şəffaflığına geniş imkanlar açır.

Azərbaycan Prezidenti vətəndaşların gömrük nəzarətindən keçirilmə prosesini izlədi. Burada iş müasir prinsiplər əsasında qurulmuşdur. Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün Astara gömrük sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılmışdır. Fiziki şəxslər üzərində gömrük nəzarəti zonası müəyyən edilmiş və eyni zamanda yoxlama prosedurlarının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mobil tipli müasir yük yoxlama sistemi istifadəyə verilmişdir. İkinci nəzarət operatorunda sənədlərin təkrar yoxlanılması həyata keçirilir.

İnzibati binada 75 nəfərlik iclas zalı və konfrans zalı da yaradılmışdır.

Sonra Prezident İlham Əliyev binanın eyvanından ətrafı seyr etdi. Qeyd olundu ki, burada geniş abadlıq işləri aparılmış, istirahət guşələri yaradılmışdır.

Daha sonra dövlət başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Burada Heydər Əliyev xatirə otağı yaradılmış, ulu öndərin büstü qoyulmuş, görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan kitablar toplanmışdır. Mərkəzdə həmçinin videokonfrans, tədris otaqları, akt zalı vardır. İnzibati binada idman zalı da yaradılmışdır ki, burada işçilərin istirahəti üçün hər cür şərait vardır.

İdarənin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 2009-cu ildə Astara gömrük sərhəd-keçid məntəqəsinin ümumi yük dövriyyəsi 296,6 min ton təşkil etmişdir ki, bundan 108,4 min tonu idxalın, 50,2 min tonu ixracın, 138 min tonu tranzit yüklərin payına düşmüşdür. Astara gömrük sərhəd-keçid məntəqəsindən il ərzində 25 min 849 nəqliyyat vasitəsi keçmişdir. Ötən il məntəqənin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil etmişdir ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Astara gömrük sərhəd-keçid məntəqəsinin yenidən qurulması yük dövriyyəsini və məntəqənin buraxılış qabiliyyətini dörd dəfə artırmağa imkan vermişdir.

Sonra dövlət başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş "Az Duty Free Shops" - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış oldu. Bildirildi ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrotexnika əşyaları istehlakçılara təqdim olunur.

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-16 aprel.- S., 2, 3.