Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir

 

Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin xarici ticarət naziri Zəfər Çağlayan, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin və Azərbaycanın çoxsaylı iş adamları iştirak etmişlər.

Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə əlaqələrə münasibətindən, iki ölkə arasındakı qardaşlıq münasibətlərindən, Azərbaycanda gedən sürətli iqtisadi inkişafdan, ölkəmizin Ermənistanın təcavüzünə məruz qalmasına baxmayaraq regional, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətdən, belə tədbirlərin təşkilinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsirindən danışmışdır. Nazir ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir" sözlərinin Azərbaycan-Türkiyə əlaqələrini çox dəqiq xarakterizə etdiyini vurğulamışdır.

Zəfər Çağlayan öz çıxışında Şahin Mustafayevin fikirlərini dəstəkləmiş, ikitərəfli əlaqələrin bir örnək olduğunu söyləmişdir. İki ölkə xalqlarının bənzər deyil, eyni olduğunu vurğulayan nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da yüksək səviyyəyə çıxarılmasının əhəmiyyətindən və bunun üçün yüksək əzmlə çalışmalara başlamağın zəruriliyindən bəhs etmişdir.

Tədbir zamanı Türkiyənin Ticarət Palataları və Birjalar Birliyi (TOBB) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq protokolu imzalanmışdır.

Daha sonra Türkiyə və Azərbaycandan olan iş adamları arasında ikitərəfli əməkdaşlıq müzakirələri başlanmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Ankarada təhsil alan bir qrup tələbə ilə də görüşmüş, onlara hər sahədə güclənən dövlətimiz barədə məlumat vermişdir. Tələbələr dövlətimizin onlara göstərdiyi yüksək qayğıya görə minnətdarlıqlarını bildirmiş və ictimai həyatın bütün sahələrində Azərbaycan dövlətinə layiqli xidmət etmək üçün təhsillərini ən yaxşı şəkildə davam etdirməyə çalışdıqlarını söyləmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 4.