Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə postsovet məkanında ilk olaraq Azərbaycanda ölüm hökmü ləğv edilmişdir

 

Avropa Şurası Parlament Assambleyası hüquqi məsələlər və insan hüquqları komitəsinin üzvü Renate Vohlvendin (Lixtenşteyn) hazırladığı "Avropa Şurasına üzv ölkələrdə və müşahidəçi dövlətlərdə ölüm hökmü - insan hüquqlarının pozulması" adlı məruzənin müzakirəsi zamanı azərbaycanlı deputat Aydın Abbasovun çıxışı maraqla qarşılanmışdır.

Azərbaycanlı deputat bildirmişdir ki, işgəncələrin qadağan edilməsi insan hüquqlarının qorunmasının qarantı olmaqla yanaşı, hər hansı bir vəziyyətdə onun toxunulmazlığını təmin etməlidir. Bu, insan hüquqlarına dair Avropa Konvensiyasının 3-cü və 15-ci müddəaları ilə müəyyən olunmuşdur. Şübhəsiz, işgəncələr və insan ləyaqətinin alçaldılması kateqoriyaları arasında sərhədi müəyyənləşdirmək çox çətindir. Bunların özləri ayrılıqda çoxlu amillərdən asılıdır. Digər tərəfdən isə fiziki qüvvənin tətbiqi özlüyündə işgəncə verilməsi kimi başa düşülür.

Avropa Məhkəməsi insanın alçaldılması və işgəncələrə məruz qalmasını diskriminasiya kimi dəyərləndirir və buna qarşı ciddi mübarizə aparılmasını tələb edir. Azərbaycanın Cinayət Məcəlləsində "işgəncəyə" görə ciddi məsuliyyət nəzərdə tutulmuşdur. Xidməti vəzifəsindən sui-istifadə etməklə insanlara qarşı zor tətbiq edilməsinə görə Cinayət Məcəlləsində 5 ildən 10 ilə kimi azadlıqdan məhrumedilmə nəzərdə tutulmuşdur.

A.Abbasov demişdir ki, insanların yaşamaq hüququ beynəlxalq məhkəmə qərarları ilə bütün dünya ölkələrinin konstitusiyalarında insanın əsas hüququ hesab edilir. Heç kim qanunsuz yerə yaşamaq hüququndan məhrum edilə bilməz. Bununla belə, ölüm hökmü kimi yaşamaq hüququnu məhdudlaşdıran və onu qadağan edən hallar qanunvericilikdə açıq şəkildə öz əksini tapmalıdır. Yaşamaq hüququ bizim ölkələrin sosial və şəxsi dəyərlərində önəmlidir. O, humanizmin əsasını təşkil edir və qanunla təsbit olunur. Yaşamaq hüququ, həmçinin dövlətlərin müharibə və münaqişələri istisna edən sülhpərvər xarici siyasətlərinin hissəsi olmalıdır. Şübhə yoxdur ki, dövlətlər xarici təcavüzə məruz qalarlarsa, özlərini müdafiə etmə qabiliyyətinə malik olmalıdırlar.

Azərbaycanlı deputat xüsusi vurğulamışdır ki, lakin o, bunu öz ərazisində və öz sərhədlərindən kənarda, nizami ordudan istifadə hallarını tənzimləyən konkret çərçivə daxilində etməlidir. Əks halda, bu, mülki şəxslərin və hərbçilərin ölümünə gətirib çıxaracaqdır. Məsələn, Azərbaycan Konstitusiyasında yaşamaq hüququnu məhdudlaşdıran yeganə hal düşmən ölkənin əsgərlərinin ölkəmizə hərbi təcavüz etdiyi təqdirdə nəzərdə tutulur. Düşünürəm ki, AŞ-yə üzv bütün ölkələr yaşamaq hüququnun bu fəlsəfəsinə şərik olurlar.

Azərbaycanda ölüm hökmü hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ləğv olunmuşdur. Azərbaycan keçmiş sovet məkanındakı respublikalar arasında ölüm hökmünü ləğv edən ilk ölkə olmuşdur. Ölkəmiz "Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın fakültatif Protokolu"na qoşulmuşdur. Həmin vaxt Azərbaycan AŞ üzvü deyildi. İnsanı yaşamaq hüququndan məhrum etmək heç də məqbul cinayət cəzası hesab oluna bilməz. Düşünürəm ki, yalnız humanizm yolu ilə şəxsiyyətə və cəmiyyətə hörməti inkişaf etdirə və gücləndirə bilərik. Beləliklə, insanı yaşamaq hüququndan mərhumetmə insanların inkişaf etməsi üçün yeganə yol olan humanizmlə bir araya gəlmir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 7.