Ali ordenlərlə təltif olunma mərasimi

 

Aprelin 18-də Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli dostlar!

Cənab Prezident, Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz.

Rumıniya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır bu gün imzalanmış sənəd bunu bir daha təsdiq edir. Siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır. Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq.

İki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyiniz böyük xidmətlərə görə bu yüksək mükafatı mən bu gün Sizə təqdim edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim etdi.

Prezident Trayan Besesku dövlətimizin başçısının Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirdi. O qeyd etdi ki, bu, dövlət başçılarına verilən ali mükafatdır. Trayan Besesku xüsusi vurğuladı ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.

Qeyd edək ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı "Rumıniya Ulduzu" ordeni ilə təltif olunmuşdur. Rumıniya qanunvericiliyinə görə, "Sadiq Xidmət" milli ordeni bundan əvvəl "Rumıniya Ulduzu" ordeni ilə təltif edilən şəxslərə təqdim olunur.

Prezident Trayan Besesku "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqını dövlətimizin başçısına təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S.2.