Rumıniya Prezidenti Trayan Beseskunun bəyanatı

 

- Mən də öz növbəmdə, cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Hər vaxt görüşlərimiz zamanı biz böyük tərəqqiyə nail oluruq. Bu gün də istisna olmamışdır. Bu gün hökumətlər səviyyəsində bir sıra sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində imzalanmış sənəd əlaqələrimizdə böyük bir sıçrayış deməkdir.

Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolunu oynayır. Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır. Zənnimcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bugünə qədər bütün təşəbbüslərimiz reallığa çevrilmişdir. Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir. Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir. Çox sevindiricidir ki, biz bu gün AGRİ layihəsində də böyük uğura nail olmuşuq. Artıq müvafiq şirkət seçilib və dəyərləndirmə işləri həyata keçirilir. Bu onu göstərir ki, sentyabrdakı zirvə görüşündən sonra biz vaxtımızı boşa xərcləməmişik. AGRİ təşəbbüsünü dəstəklədiyinizə, eyni zamanda, Nabukkoya dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, Rumıniya da bu layihəni var gücü ilə dəstəkləməkdədir.

Biz çox şadıq ki, əməkdaşlığımızı digər sahələrə də şamil edə bilmişik. Xüsusilə də informasiya texnologiyaları sahəsində. Artıq Rumıniya şirkəti bu sahədə fəaliyyət göstərir. Əminəm ki, biz bu sahədəki əməkdaşlığımızı gələcəkdə də genişləndirəcəyik.

Bu gün biz Sizinlə digər imkanları da müzakirə etdik. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyanın iqtisadi inkişafında yaxından iştirak edir. Rumıniyada həyata keçirilən özəlləşdirilmə prosesində ARDNŞ-in yaxından iştirakı da bizim üçün çox istənilən və arzuedilən olardı. Zənnimcə, ARDNŞ kimi mühüm bir şirkət Rumıniya bazarında artıq yanacağın paylanması şəbəkəsi yaratmaq imkanına malik olmuşdur. Hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Bu, öz növbəsində Rumıniyada rəqabətin yaranmasına xidmət edir və yanacağın qiymətinin aşağı düşməsinə səbəb olmuşdur.

Onu da qeyd etmək istərdim ki, imzalanmış sənədlərdən başqa, biz müdafiə və hərbi sənaye sahələrində də əməkdaşlığımızı artırmalıyıq. Zənnimcə, bu ilin ikinci yarısında biz Rumıniya ilə Azərbaycan arasında müvafiq sahədə sazişin müzakirəsini yekunlaşdıracağıq.

Son olaraq xahiş edirəm ki, bir neçə kəlməni də söyləməyimə icazə verəsiniz. Qeyd etmək istərdim ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın böyük səbir və danışıqlarda səmimilik nümayiş etdirməsini çox yüksək qiymətləndiririk. Çünki Rumıniya dondurulmuş bu münaqişənin həllinin uzanmasından çox böyük narahatlıq hissi keçirir. Bu münaqişə Qara dəniz hövzəsinə yaxın bir regionda yerləşir. Zənnimcə, bu region NATO, Avropa İttifaqı və Rumıniya üçün də çox əhəmiyyətli regiondadır. Əminəm ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət başlıca prinsip olmalıdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi məhz bu prinsiplər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı və beynəlxalq hüququn hörməti çərçivəsində öz həllini tapacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 2.