Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.