Son bir neçə ildə Azərbaycan çox sürətli inkişaf yolu keçmiş, bir sıra mühüm uğurlara imza atmışdır

 

Son bir neçə ildə Azərbaycan çox sürətli inkişaf yolu keçmiş, bir sıra mühüm uğurlara imza atmışdır. Bu, Azərbaycanın iqtisadi qüdrətinin, eləcə də regiondakı yüksək nüfuzunun göstəricisidir.

AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon aprelin 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdə demişdir.

Komitənin sədri Səməd Seyidov bildirmişdir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində Fransa ilə əməkdaşlığa xüsusi önəm verir. Hər iki ölkənin parlamentləri əməkdaşlığın genişləndirilməsinə yaxşı töhfə verir.

Ambruaz Düpon ölkəmizdə olduğu beş gün müddətində təkcə paytaxtın mərkəzini deyil, Bakıətrafı qəsəbələri də gəzdiyini vurğulamış, Azərbaycanın əldə etdiyi uğurlarla yaxından tanış olduğunu bildirmişdir. Senator gördüyü dəyişiklikləri, Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.- 2011.- 19 aprel.- S. 4.