Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Fövqəladə Hallar Nazirliyində olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.

FHN-dən AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov son illərdə Azərbaycanın sosial-iqtisadi həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlərdən danışmış, nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Xanım L.Murniese öz növbəsində, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulamış, fövqəladə halların idarə olunması sahəsində hər iki ölkənin müvafiq qurumları arasındakı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir.

Görüşdə, həmçinin 2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Səfər proqramına uyğun olaraq, qonaqların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.