Azərbaycan gəncliyi ən böyük sərvətimiz olan müstəqilliyi konkret fəaliyyətlə, quruculuq, abadlıq işləri ilə möhkəmləndirir

 

Bizim taleyimiz öz əlimizdədir. Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir. Biz hər an müstəqilliyimizi bu konkret işlərlə, proqramlarla, quruculuq, abadlıq işləri ilə möhkəmləndirməliyik.

Bu gün Azərbaycan regional amilə çevrilib və artan gücümüz, əlbəttə ki, ölkə vətəndaşlarını, dostlarımızı sevindirir, amma bizə pis münasibət bəsləyən qüvvələri, əlbəttə ki, qıcıqlandırır. Əfsuslar olsun ki, ölkə daxilində hələ də elə qüvvələr vardır. Onlara heç qüvvə də deyə bilmərəm.

Bu gün hər bir yenilik - yolun çəkilişi, məktəbin açılışı, elektrik stansiyasının tikilməsi, ümumiyyətlə, görülən çoxsaylı işlər hər bir vətəndaşı sevindirir, təkcə onlardan başqa. Vəziyyət nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Yəni, onlar bir növ bədbəxt adamlardır, bütün ömrünü Azərbaycanın xoşbəxt gələcəyinə qarşı işə həsr ediblər. Əgər belə demək mümkünsə, öz mübarizə cəhdlərini Azərbaycanın maraqlarına zərbə vurmaq üçün təşkil edirlər. Yəni, bunlar antimilli qüvvələrdir. Bilirsiniz, iqtidar-müxalifət münasibətləri normal müstəvidə öz həllini tapmalıdır. Bu münasibətlər əslində lazımdır. Hər bir inkişaf etmiş ölkədə bu münasibətlər normal qaydada tənzimlənir. Baxmayaraq ki, ölkəmiz 20 ildir müstəqil həyat yaşayır və böyük yol keçibdir, əfsuslar olsun ki, Azərbaycanda bu sahədə vəziyyət normal deyildir. Ancaq yenə də deyirəm, bu işlərə, bu cəhdlərə nə biz, nə də ki, Azərbaycan cəmiyyəti əhəmiyyət vermir. Biz öz yolumuzla gedirik və gedəcəyik. Heç kim bizə mane ola bilməz. Nə ölkə daxilindəki bu qüvvələr, bir qrup adam, nə də ki, ölkənin kənarında olan dairələr. Çünki bizim yolumuz inkişaf və ədalət yoludur.

 

İlham ƏLİYEV

 

Yeni Azərbaycan Partiyasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası bir daha sübut etdi ki,

 

RADİKAL MÜXALİFƏTİN DAĞIDICILIQ NİYYƏTLƏRİNDƏN UZAQ OLAN GƏNCLƏR HEYDƏR ƏLİYEV SİYASİ KURSUNA - QURUCULUQ VƏ İNKİŞAF XƏTTİNƏ SADİQDİRLƏR

 

Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ölkədə yaşıllaşdırma işlərinin yeni bir mərhələsinin başlanması ilə nəticələndi. Təqdirəlayiq haldır ki, "Ekologiya ili" sona çatsa da, ölkə üzrə yaşıllaşdırma işləri, ağacəkmə kampaniyası davam edir və bu, getdikcə daha geniş vüsət almaqdadır. Xüsusən də Bakıda bu istiqamətdə həyata keçirilən tədbirlər paytaxtın günü-gündən müasirləşən simasına yeni bir gözəllik gətirir, görülən abadlıq, quruculuq işlərini tamamlayaraq şəhərin ekoloji durumunu daha da yaxşılaşdırır.

 

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin quruculuq fəaliyyətini örnək götürür

 

 Yeni Azərbaycan Partiyasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən növbəti ağacəkmə kampaniyası da bu məqsədə xidmət edir. Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində, 1969-cu məhəllədə baş tutan kampaniya artıq sözügedən ərazini geniş yaşıllıqlar məkanına çevirib. Aprelin 16-da ağacəkmə kampaniyasında əsas iştirakçılar gənclər idi. Qeyd edək ki, Nərimanov rayonunda bu qəbildən olan kampaniyalar mütəmadi qaydada keçirilir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Abdin Fərzəliyev ərazidə artıq geniş yaşıllıq zolaqlarının salındığını bildirdi: "Ötən il möhtərəm Prezident İlham Əliyev tərəfindən "Ekologiya ili" elan olunduqdan sonra respublikanın bütün ərazilərində olduğu kimi, Nərimanov rayonunda da bu istiqamətdə geniş vüsətli işlər başlanıb. Özü də təkcə bu ərazidə yox, rayonun digər hissələrində də yaşıllaşdırma, yenidənqurma işləri həyata keçirilir. İl ərzində 20 min ağacın əkilməsini planlaşdırmışıq. Daha 8 hektar ərazidə böyük meşə zolağının salınması üçün müvafiq işlər görülür, şumlanma aparılır. Ötən il isə rayon üzrə 16500 ağac əkmişik".

Rayon icra hakimiyyətinin başçısı gənclərin aksiyada fəal iştirak etməsinə xüsusi toxundu. Qeyd etdi ki, mütəmadi şəkildə keçirilən belə yaşıllaşdırma aksiyalarında rayon gəncləri böyük fəallıq göstərirlər: "YAP-ın üzvləri olan bu gənclər ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı cənab İlham Əliyev kimi qurucudurlar. Daha radikal müxalifətin aldadıb öz tərəfinə çəkdiyi 10-15 gənc kimi dağıdıcı deyillər. Bu gənclər quruculuq amalı ilə yaşadıqlarını konkret əməllərində göstərirlər. Gənclər radikal müxalifətin dağıdıcılıq niyyətlərindən uzaq olaraq, Heydər Əliyev siyasi kursuna - quruculuq və inkişaf xəttinə sadiqdirlər. Möhtərəm Prezident İlham Əliyev ötən günlərdə Cənub bölgəsinə etdiyi səfərində də müdrikcəsinə bildirdi ki, ən böyük sərvətimiz olan müstəqilliyi konkret işlərlə, proqramlarla, quruculuq, abadlıq işləri ilə möhkəmləndirməliyik. Burada iştirak edənlər və ümumiyyətlə, Azərbaycan gəncliyi məhz bu amal uğrunda çalışır, mübarizə aparır".

Aksiyanın fəal iştirakçılarından olan Azərbaycan Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi Rüstəm Əşrəfov isə ürək sözlərini belə ifadə etdi: "Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu iməcilikdə gənclər fəal iştirak edirlər. İstəyirik ki, ölkəmizin yaşıllaşdırılmasında bizim də payımız olsun. İndi həyata keçirilən yaşıllaşdırma prosesinin davamlı olmasını istəyirik. Təbii ki, bu həm də gənclərin vaxtını daha səmərəli işlərə sərf etməsinin bir təzahürü sayıla bilər. Digər tərəfdən, belə xeyirxah iş görmək insana yüksək mənəvi zövq verir".

Rüstəm Əşrəfov ölkənin gələcəyi olan gəncliyi yanlış istiqamətə yönləndirməyə çalışan radikal müxalifət və bu düşərgədə olan partiya rəhbərlərinin müxtəlif yalançı vədlərlə aldatdığı gənclər barədə də danışdı. Qeyd etdi ki, Azərbaycan cəmiyyəti radikal müxalifəti dağıdıcı əməllərinə görə özündən təcrid edib: "Sosial bazası olmayan radikal müxalifət Azərbaycan gəncliyini düz yolundan yayındırmağa, onları öz aksiyalarına cəlb etməyə çalışır. Ölkədə xaosun yaradılmasına xidmət edən belə aksiyalarda iştirakdansa, bu cür nəcib kampaniyalarda iştirak etmək daha yaxşıdır. Mən indi radikal müxalifətin yanında olan gənclərə üzümü tutub deyirəm ki, antimilli fəaliyyət göstərən bu insanlardan uzaq olsunlar".

Kampaniyanın fəal iştirakçılarından olan tələbə Kamran Abdinbəyli vurğuladı ki, gördükləri iş paytaxtın yaşıllığa bürünmüş ərazilərinin həcminin daha da genişlənməsinə xidmət edir: "Yaşıllıqlar nə qədər çox olarsa, ölkəmiz də bir o qədər gözəlləşər. Biz keçirdiyimiz bu kampaniya ilə ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə çalışırıq. Ona görə də mən belə kampaniyanı təşkil edənlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Arzu edərdim ki, bu kampaniya davamlı xarakter daşısın. Mən və digər gənclər hər zaman belə nəcib işlərdə böyük məmnunluqla iştirak etməyə hazırıq". Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən ötən il "Ekologiya ili" elan edildikdən sonra Azərbaycanda ağacəkmə kampaniyası daha geniş vüsət alıb: "Sevindirici haldır ki, həmin kampaniya hələ də davam etməkdə, öz miqyasını genişləndirməkdədir. Gənclərin bu kampaniyanın aktiv iştirakçıları olması isə onları ölkə və cəmiyyət üçün faydalı olan işlərə indidən cəlb etmək baxımından təqdirəlayiq haldır".

Kamran Abdinbəyli gəncləri aldadıb düz yoldan çəkindirməyə çalışan radikal müxalifət rəhbərlərinin bununla əslində, Azərbaycanın gələcəyinə böyük zərbə vurmağa çalışdıqlarını da qeyd etdi: "Bu gün radikal müxalifətin özü kimi, onların yanında olan gənclərimiz sonu uçurum olan bir yoldadırlar. Yaxşı olardı ki, gənclər mümkün qədər tez bu səhv yoldan geri dönsünlər. Gələcəklərini yalnız yalançı vədlər verib öz maddi maraqlarını təmin etməyə çalışan bir qrup insanın əlində vasitəyə çevrilməklə korlamasınlar. Azərbaycan cəmiyyəti radikal müxalifətin kimliyindən yaxşı xəbərdardır. Ona görə də onların üzərindən birdəfəlik xətt çəkib. Mənim üçün maraqlıdır ki, görəsən, dağıdıcılıqla məşğul olan radikal müxalifət təmsilçiləri bir dəfə olsun belə bizim kimi heç əllərinə bel götürüb ağac əkiblərmi? Onlar quruculuq, abadlıq, inkişaf istəmədiklərindən yalnız və yalnız dağıdıcılıqla məşğul olurlar".

 

Müxalifətçi gənclər dağıdıcılıq və zorakılıq törətməkdənsə, heç olmasa bir ağac əksinlər

 

Gənc fəal Elşən Bahəddinli bildirir ki, hər zaman belə ağacəkmə və digər yaşıllaşdırma kampaniyalarında yaxından iştirak edir: "Mən bütün gəncləri belə aksiyalarda fəal iştiraka dəvət edirəm. Çünki belə kampaniyalar gələcəkdə bizim özümüzün ekoloji cəhətdən daha təmiz, eyni zamanda, gözəl təbii görünüşə malik bir məkanda yaşamağımız deməkdir. Bu mənada, gənclər hər zaman belə aksiyalarda digərləri ilə müqayisədə daha fəal olmalıdırlar. Necə ki, bu gün fəallıq göstərirlər".

Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyalarında gəncliyin bütün nümayəndələri iştirak etməlidirlər: "Ancaq təəssüf ki, bu gün sayları az olan bəzi gənclərimiz radikal müxalifət adlanan kiçik bir siyasi qrupun yanında yer alırlar. Həmin siyasi qrup isə gənclərə quruculuq əvəzinə, daha çox aqressivlik, dağıdıcılıq təlqin edir. Bu da radikal müxalifət tərəfindən həmin gənclərin gələcəyinin zəhərlənməsindən başqa bir şey deyil. Gənclər yaxşı olardı ki, güclərini ictimai baxımdan daha faydalı və səmərəli işlərə yönəltsinlər. Məsələn, elə bizim gördüyümüz bugünkü iş kimi".

Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edən Elşən Bahəddinli bundan sonra da gənclərin mövqeyində daha qətiyyətli olacağını, ölkəmizin inkişafını istəməyən qüvvələrə qarşı çıxacaqlarını vurğuladı.

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Tural Ağaməmmədov isə bildirdi ki, həyata keçirilən bu kampaniya ölkənin ekoloji inkişafına verilən növbəti töhfədir. Onun sözlərinə görə, gənclərin belə işlərə cəlb edilməsi həm vaxtlarını daha səmərəli keçirmələrinə, həm də ictimai əhəmiyyətli bir işlə məşğul olmalarına səbəb olur. Tural Ağaməmmədov radikal müxalifət tərəfdarlarını da məhz ictimai baxımdan səmərəli olan, ölkənin inkişafına xidmət edən işlərlə məşğul olmağa dəvət edir: "Təəssüf ki, radikal müxalifət və onların sırasında olan gənclər tamam əks fəaliyyətlə, dağıdıcılıqla məşğuldurlar. Haradasa gedib mağaza şüşəsi sındırmaqdansa, insanların əmlakını dağıtmaqdansa, gəlib heç olmasa bir ağac əksinlər".

Kampaniyada yaxından iştirak edən Bakı İdarəetmə və Texnologiya Kollecinin şöbə müdiri Yaqut Səfərova qeyd etdi ki, həyata keçirilən bu kampaniya çox gözəl təşəbbüsdür: "Belə təşəbbüsə qoşulmaq bizim üçün fəxrdir. Bu, həm insanların daha sağlam mühitdə yaşamasına xidmət edir, həm də tələbələrimizin ictimai işlərdə iştirakını təmin edir. İstərdim ki, belə tədbirlər tez-tez olsun. Özüm həmişə ictimai işləri xoşlayan olmuşam. Gənclərin belə işlərə cəlb edilməsi onların həyata bağlılığını daha da artırmağa xidmət edir".

Onun sözlərinə görə, belə təşəbbüslər fonunda radikal müxalifətin gəncləri öz çirkin məqsədləri üçün yanlış yola yönəltmək cəhdləri olduqca narahatedicidir: "Ümummilli lider Heydər Əliyev Azərbaycanda böyük quruculuq prosesinin əsasını qoyub. Bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ona görə də xalq, onun gənclərdən ibarət hissəsi Prezident İlham Əliyevi dəstəkləyir. Çünki ölkəmiz sürətlə inkişaf edir, insanların yaşayış durumu yaxşılaşır. Lakin bu inkişafı istəməyən radikal müxalifət qüvvələri yenə destruktiv fəaliyyətlərindən əl çəkmirlər. Belə qüvvələrə cəmiyyət yox deyir. Elə bunun nəticəsidir ki, radikal müxalifətin keçirdiyi aksiyalara çox az sayda insan toplaşır. Mən millətimin nümayəndəsi olan həmin insanların əməllərindən xəcalət duyuram. Çünki bu, açıq şəkildə düşmənçilik hərəkətləridir. Cəmiyyət inkişafı dəstəkləyir. Bu gün inkişafın alternativsiz təminatçısı cənab İlham Əliyevdir. Bu səbəbdən xalq birmənalı şəkildə onu dəstəkləyir və ətrafında getdikcə daha sıx səfərbər olur".

 

Yaşıllaşdırma aksiyalarını Nərimanov sakinləri məmnunluqla qarşılayırlar

 

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbə gənclər təşkilatının sədri Zeybə Cəfərli də ağacəkmə kampaniyasını dəstəkləyənlər və bu işdə fəal olanlardan biridir: "Bu kimi kampaniyaların daha tez-tez olmasını istərdim. Gənclər burada iştirak etməklə asudə vaxtlarını səmərəli keçirirlər. Biz radikal müxalifətin sıralarında olan gəncləri də dağıdıcı fəaliyyətlə məşğul olmaqdansa, belə nəcib işlərə qoşulmağa dəvət edirik".

Azərbaycan Kooperasiya Universitetinin müəllimi, professor Vilayət Əliyev qeyd edir ki, belə kampaniyalar insanın doğurdan da ürəyini açır: "Çünki doğma Bakı şəhəri daha da yaşıllaşır. Əkilən hər ağac ölkənin təbiətini, ekoloji vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən, qürur hissi keçirirəm ki, respublikanın belə sürətli inkişaf və çiçəklənmə dövründə onun yaşıllaşdırılmasında biz də iştirak edirik. Ancaq təəssüflə onu da deməliyəm ki, radikal müxalifət liderləri insanların belə gözəl təşəbbüslərinə qoşulmaq əvəzinə, onları dağıdıcı fəaliyyətə, qanunsuz aksiyalarda iştiraka çağırırlar. Belə mitinqlərdə, aksiyalarda radikal rəhbərlər gəncləri yoldan çıxarıb onları pozucu əməllərə, sosial obyektləri dağıtmağa, şüşələri sındırmağa təhrik edirlər. Bu kimi əməllərlə məşğul olanlar nəinki Bakıda, heç Azərbaycanda yaşamağa layiq deyillər. Onların yeri yalnız xaricdəki ağalarının yanında nökərçilik etməkdir. Qoy gedib nökərçiliklərini etsinlər".

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının gənclər birliyinin sədri Yusif Babanlı belə bir aksiyanın təşkilindən böyük məmnunluq duyduğunu vurğuladı: "Bu gün Azərbaycanın əksər rayonlarında analoji aksiyalar keçirilir. Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının gənclər birliyi olaraq icra hakimiyyəti ilə birgə belə aksiyanın keçirilməsi və orada iştirakı özümüzə borc bilirik. Təkcə belə aksiyalarda yox, bütün sahələrdə gənclər cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ona dəstək olacaqlar".

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə bildirdi ki, keçirilən iməcilikdə əkilən ağaclara aqrotexniki qulluq etmək də xüsusi diqqət mərkəzindədir: "Gələcəkdə ağaclara aqrotexniki qulluq etmək üçün tərəfimizdən briqadalar formalaşdırılıb. Həmin briqadalar mütəmadi olaraq bu ağaclara qulluq edəcək. Hazırda yaşıllaşdırma işlərinin getdiyi ərazidə böyük bir meşə zolağı salınması planlaşdırılıb. Ağacların əkildiyi ərazi damcılı yolla suvarma sistemi ilə təmin olunub. Suvarma sisteminin daha yaxşı təşkili üçün artezian quyusu qazılıb və su anbarı tikilib. Bununla da şəhər su sisteminə qoşulmadan ağacların suvarılması həyata keçirilir. Eyni zamanda, aqrotexniki qaydaların gözlənilməsinə də xüsusi diqqət yetirilir. Vaxtlı-vaxtında ağaclara peyin və gübrə verilir. Bu ərazinin sentyabr ayına qədər tamamilə yaşıllaşdırılmasını nəzərdə tutmuşuq. Ərazinin mühafizəsinin təmin olunması üçün bura ümumi estetik görünüşə heç bir xələl gətirməyən dəmirlərlə hasara alınıb. Əsas məqsəd ağaclara kənardan ola biləcək hər hansı müdaxilənin qarşısını almaqdır. Əkilən ağaclar özünü tam tutduqdan sonra həmin hasarlar götürüləcək. Əsas məqsəd odur ki, insanlar istədikləri vaxt burada rahat şəkildə istirahət edə bilsinlər. Digər tərəfdən, həyata keçirilən yaşıllaşdırma işləri rayonumuzun simasını daha da gözəlləşdirir və ekoloji vəziyyəti yaxşılaşdırır. Əkilən ağaclar yerli mühitə uyğundur. Bu gün İtaliyadan gətirilən və hər birinin hündürlüyü 3,5-4 metr olan 150 ağac əkilməsi nəzərdə tutulub. Qeyd edim ki, indiyədək ərazidə 2400 belə ağac əkilib".

Şahmar İbadovun sözlərinə görə, ərazidə İtaliyadan gətirilən ağaclarla yanaşı, yerli Gəncə çinarı da əkilib: "Cələcəkdə bura meşə massivi olacağından piyadalar üçün yollar da salınacaq ki, əhali rahat gəzə bilsin. Həmçinin əraziyə ot örtüyü döşənəcək və işıqlandırma sistemləri qurulacaq".

Yeni Azərbaycan Partiyasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası bir daha sübut etdi ki, gənclər radikal müxalifətin dağıdıcılıq niyyətlərindən tamamilə uzaqdırlar. Onların birmənalı seçimi Heydər Əliyev siyasi kursu - quruculuq və inkişaf xəttidir!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-17 aprel.- S. 3.