Azərbaycan ilə İtaliya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

 

İtaliyanın Azərbaycandakı səfiri Mario Corco Stefano Baldi aprelin 18-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Məmmədov Azərbaycanın İtaliya ilə hərtərəfli səmərəli əməkdaşlıq etdiyini bildirmiş, hər iki ölkənin ədliyyə nazirlikləri arasında 2005-ci ildə imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışmış, ədliyyə və məhkəmə sisteminin müasirləşdirildiyini, o cümlədən yeni məhkəmə və penitensiar infrastrukturun yaradıldığını, bu islahatlarda həm də italiyalı mütəxəssislərin iştirakını qeyd etmişdir.

Azərbaycanın İtaliya üçün vacib tərəfdaş ölkə olduğunu vurğulayan səfir bir çox oxşar xüsusiyyətlərə malik xalqlarımız arasında dostluq münasibətlərinin inkişafını, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığın böyük perspektivlərinin olduğunu qeyd etmiş, ədliyyə nazirlikləri arasında əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə həmçinin əməkdaşlığın istiqamətləri müzakirə olunmuş, qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürülmüşdür.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 5.