Azərbaycanın ailə modeli milli mənəvi dəyərlər sistemində formalaşmışdır

 

Aprelin 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva "Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu" mövzusunda mətbuat konfransı keçirmişlər. Tədbirdə çıxış edən Sona Vəliyeva bildirmişdir ki, bu il "Kaspi" qəzetinin nəşrə başlamasının 130 illiyi və Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir. AQUPDK ilə birgə təşkil edilmiş mətbuat konfransı da bu silsilə tədbirlərdən biridir.

Sona Vəliyeva demişdir ki, Azərbaycanın ailə modeli milli mənəvi dəyərlər sistemində formalaşmışdır. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə, insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır, milli mənəvi dəyərlərimizin əsasında qurulur.

Təsadüfi deyildir ki, biz ailəni milli-mənəvi dəyərlər sisteminə aid edirik. Tarixən ailə dəyərləri bu istiqamətdə inkişaf etmişdir. Mənəvi dəyərlərdən danışarkən, ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: "Milli mənəvi dəyərlər qorunmalıdır, milli mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Milli mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi məhz ailədən başlayır". Bu, doğrudan da belədir. Mən hamımız üçün örnək olacaq bu misalı ona görə gətirdim ki, həmin əxlaqi dəyər ədəbiyyatımızda, filmlərimizdə, rəssamlığımızda, xüsusilə folklorumuzda özünə yer alaraq insanların bu gün də inkişaf etməsinə, formalaşmasına, müstəqil Azərbaycan dövlətinə xidmət edən şəxsiyyət kimi formalaşmasına kömək etmişdir.

Hicran Hüseynova komitə tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə sahələrində üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə proseslərində iştirakı nəzərəçarpacaq dərəcədə artmışdır.

Gender siyasətindən danışan komitə sədri qeyd etmişdir ki, dövlət orqanlarının daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də qızların ibtidai və orta təhsil almalarıdır. 2009-cu illə müqayisə etsək, ötən il ümumtəhsil məktəblərində təhsil alan qızların sayı 602 min 532 nəfərdən 613 min 516 nəfərə çatmışdır. Son illər ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sırasında da qızların sayı getdikcə artır. 2010-cu ildə abituriyentlərin 50,09 faizi qızlardan ibarət idi.

Erkən nikah hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlər barədə danışan H.Hüseynova bildirmişdir ki, hazırda YUNİSEF-lə birgə "Erkən nikah-sosial münasibətlər və ünsiyyət" layihəsi həyata keçirilir. Layihənin birinci mərhələsində cəmiyyətin bu məsələyə münasibəti və davranışı öyrəniləcək, təhlillər aparılacaq, ikinci mərhələdə isə ictimaiyyətin problemlə bağlı fikrini dəyişdirmək istiqamətində strategiya hazırlanıb həyata keçiriləcəkdir. Artıq ötən il birinci mərhələ həyata keçirilmiş, bir neçə rayonda müzakirələr aparılmış, strateji istiqamətlər müəyyənləşdirilmişdir. Bu il isə problemin aradan qaldırılması istiqamətində strategiyanın həyata keçirilməsi üçün tədbirlərə başlanması nəzərdə tutulmuşdur. Sonda suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 6.