Amerika tarixçilərinin "Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik" kitabının Azərbaycan dilində nəşrinin təqdimatı

 

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda amerikalı tarixçilər Castin və Karolin Makkartilərin "Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik" kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, ilk dəfə 1987-ci ildə Amerikada ingilis dilində, 1996-cı ildə isə Azərbaycanda rus dilində nəşr edilmiş kitabı dilimizə institutun əməkdaşları Yaşar Əliyev və Aydın Əliyev tərcümə etmişlər. Kitabın elmi redaktoru Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.

Yeni nəşrlə bağlı fikirlərini açıqlayan professor İ.Məmmədzadə qeyd etmişdir ki, kitabın Azərbaycan dilinə tərcüməsinin məqsədi qondarma "erməni soyqırımı" ilə əlaqədar əcnəbi alimlərin tədqiqatlarını ölkə ictimaiyyətinə çatdırmaqdır. İ.Məmmədzadə bildirmişdir ki, həm Amerika, həm Avropa, həm də Rusiyada "erməni məsələsi"ni obyektiv surətdə araşdırmağa çalışan alimlər vardır. Bu nöqteyi-nəzərdən hesab edirik ki, Amerika alimləri bu kitabda adıçəkilən məsələyə obyektiv yanaşmışlar və Azərbaycan ictimaiyyətinin bu əsərlə tanışlığı çox vacibdir.

Alim bu kitabın Azərbaycan dilində 24 aprel - uydurma "erməni soyqırımı" günü ərəfəsində nəşrini qondarma "soyqırımı" iddialarını ortaya atanlara layiqli cavab olduğunu da əlavə etmişdir. Professor İ.Məmmədzadə, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ötən il çapdan çıxmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabında da əcnəbi alimlərin əsərlərinə çoxlu sayda istinadların olduğunu xatırlatmış və bu nəşrin uydurma "erməni məsələsi"nin ifşası üçün dəyərli mənbə olduğunu vurğulamışdır.

Tədbirdə "Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik" kitabının tərcüməçiləri Yaşar Əliyev və Aydın Əliyev çıxış edərək əsərin qiymətli cəhətləri kimi orada "erməni məsələsi"nə elmi yanaşmanın, tədqiqatçıların tarixi faktlara əsaslanmasını qeyd etmişlər. Amerikalı tarixçilər "erməni məsələsi"nin yaranma tarixi, erməni millətçilərinin türklər və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, "erməni soyqırımı" uydurmasının meydana gəlməsinin səbəbləri, böyük dövlətlərin ermənilərdən siyasi proseslərdə istifadə etməsi kimi tarixi hadisələr əks olunmuşdur.

Tədbirdə kitab və ümumən Azərbaycanın Ermənistan ilə informasiya müharibəsində yeni taktikanın işlənib hazırlanması ilə bağlı fikir və təkliflər səslənmişdir.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 5.