"Erməni soyqırımı" uydurması: faktlar və həqiqətlər" mövzusunda "dəyirmi masa" təşkil edilmişdir

 

AzərTAc xəbər verir ki, aprelin 22-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Erməni soyqırımı" uydurması: faktlar və həqiqətlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, qondarma "erməni soyqırımı"ndan uzun müddət keçməsinə baxmayaraq, hələ də bu saxtakarlığa havadarlıq edənlər mövcuddur. Bəzi dövlətlər bu "soyqırımı"ndan birmənalı olaraq siyasi məqsədlər üçün istifadə edirlər.

Ə.Əhmədov vurğulamışdır ki, dünyada erməni yalanlarına inananlar vardır. Bəzi dövlətlər tərəfindən tarixdə həqiqi izləri olmayan məsələyə - uydurma "erməni soyqırımı"na bu qədər önəm verilməsi təəssüf doğuran haldır. Əslində bu fakt tarixin saxtalaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir. Artıq bu saxtakarlığın ifşa edilməsinin vaxtı çatmışdır. Bunun üçün həm Azərbaycan, həm Türkiyə bu sahədə səy və qüvvələrini birləşdirməlidir. İcra katibi qeyd etmişdir ki, qondarma "erməni soyqırımı"nı etiraf edənlər artıq bunun yalan olduğu qənaətinə gəlmişlər. Fransanın Konstitusiya Məhkəməsi də bu barədə qərar qəbul etmişdir.

Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, deputatlar Rəbiyyət Aslanova, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, Fəttah Heydərov, Asəf Hacıyev bildirmişlər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin qondarma "soyqırımı" iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır. Vurğulanmışdır ki, saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. Tarixin saxtalaşdırılmasına bəzi dövlətlərin dəstək verməsi əslində, bundan sonra da bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını daşıyır. Uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmişdirsə, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı yönəlmişdir. Məhz buna görə də saxtakarlara və onların havadarlarına qarşı mübarizə hər iki qardaş xalqın qüvvələrini birləşdirməklə aparılmalıdır.

Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç isə qondarma "erməni soyqırımı" ilə bağlı məsələyə Azərbaycanın belə həssas yanaşmasından məmnunluğunu ifadə etmiş və minnətdarlığını bildirmişdir. Diplomat demişdir ki, Azərbaycanın bu işdə həmrəylik nümayiş etdirməsi Türkiyəni məsələnin ədalətli həllinə daha da ruhlandırır. Səfir əsl həqiqətlərin təbliğ olunmasında Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin vacibliyini vurğulamışdır. Tədbirdə səslənmiş təklifləri yüksək qiymətləndirən diplomat bu görüşün dünyaya bir mesaj olduğunu qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 6.