Müəlliflik hüququ və insan haqları sahəsində erməni riyakarlığı ifşa olunur

 

AzərTAc xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə aprelin 22-də "Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı" mövzusunda konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan MHA-nın sədri professor Kamran İmanov bildirmişdir ki, 23 aprel YUNESKO tərəfindən elan olunmuş Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür, 26 aprel isə Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (WİPO) tərəfindən qeyd olunan Beynəlxalq Əqli Mülkiyyət Günüdür.

BMT-nin iki mötəbər təşkilatının müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarına həsr olunmuş mərasimlərinin Azərbaycanda qeyd olunması artıq bir ənənəyə çevrilmiş və hər il silsilə tədbirlərlə müşahidə olunur. Bu tədbirlərin məqsədi əqli mülkiyyətin və xüsusilə müəlliflik hüququnun mədəni irsin yaranmasındakı rolunu bir dəfə də açıqlamaq, davamlı iqtisadi inkişafdakı və informasiya cəmiyyətinin formalaşmasında əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyət yaradıcılarına hörmət və ehtiramlarımızı bildirmək, mədəni adət-ənənələrimizin qorunub saxlanmasına və xüsusən erməni mənimsəmələrinə qarşı çıxmağının fəallaşmasını cəmiyyətimizin diqqətində saxlamaqdır.

Bugünkü konfransın mövzusu heç də təsadüfi seçilməmişdir. Bu mövzu ən vacib fəaliyyət istiqamətlərimizdən biridir. Son onillikdə ictimai diqqəti cəlb edən və dəyişmiş iqlimin idarə edilməsini dövlətlərin mərkəzi fokusuna çevirən Əqli Mülkiyyət fenomenidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi və dəstəyi nəticəsində əqli mülkiyyət hüquqları sahəsində yeni çağırışlara aid müvafiq islahatlar davam edir, MDB məkanında lider mövqeyindən çıxış edərək idarəçilik funksiyalarının təkmilləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.

Əqli mülkiyyətin başında duran müəlliflik hüququ bəşəriyyətin böyük dəyərlərindən biridir. Bu hüquq insanların universal, təbii resurslarından irəli gələn yaradıcılıq və yenilikçiliyi dəstəkləyir, əqli fəaliyyətin ən yüksək zirvəsinə zəmin durur.

Müəllif hüquqlarının bir incə məqamı da ondan ibarətdir ki, yaradıcılığa dəstək verərək bu hüquq sərbəstliyin, azadlığın nəticələrini qoruyur. Özü də yaradıcılıq prosesinin muxtariyyətinə müdaxilə etmədən, çünki yaradıcılıq məkanında hüquq sərhəd qoymağa qadir deyil.

Bununla yanaşı, hüququn ümumilik prinsipinə əsaslanaraq müəllif hüquqları cəmiyyətin hər bir üzvünə şamil olunur və bununla hər bir insanın bənzərsizliyini, təkrarsızlığını, unikallığını təsdiqləyir.

Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycanın əqli mülkiyyət sahəsinin zəngin qanunvericilik bazası yaradılmış, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna müasir rəqəmli mühitlə bağlı əlavələr və dəyişikliklər edilmişdir. Yaxın zamanlarda isə "Folklorun hüquqi qorunması haqqında" əlavələr təsdiqlənəcək və yeni "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qüvvəyə minəcəkdir.

Azərbaycan dünyanın ilk dövlətləri sırasında əqli mülkiyyət sahəsində Uzunmüddətli Milli Strategiya əsasında "Müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları (2011-2014-cü illər)" Dövlət Proqramının qəbul edilməsinə hazırlaşır. Hər iki sənəd Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avropa Komissiyasının əqli mülkiyyət üzrə mütəxəssislərinin iştirakı ilə müzakirə edilmiş və bəyənilmişdir.

MHA-nın sədri K.İmanov diqqətə çatdırmışdır ki, bununla yanaşı, agentlik nəzdində MDB məkanında ilk olaraq Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi və "On-line" monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi Xidməti yaradılır. Bunlara aid qurumda biznes-modellər işlənmiş və "Tvininq" layihəsi çərçivəsində bu istiqamətdə Avropanın tanınmış mütəxəssisləri ilə birgə iş aparılır. Agentlikdə ictimai əsaslarla "hüquq məsləhətxanası" və "Qaynar xətt" fəaliyyətdədir. "Müəllif informasiya-axtarış sistemi", "Qeydiyyat" elektron bazası, rəqəmli "Folklor" kitabxanası yaradılmışdır. Milli Antipirat Proqramı yeniləşdirilmiş və müvafiq dövlət orqanları ilə birgə aparılmış işlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsul bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə düşmüşdür.

Bugünkü tədbirimizin əsas mövzusu müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları sahəsində erməni riyakarlığının ifşasıdır. Əqli mülkiyyət bilik sahəsinin, mədəniyyətin inkişafına xidmət edir. Lakin bədnam qonşularımız tərəfindən bu sahəyə ciddi zərbələr vurulur.

Erməni plagiatından, riyakarlığından, absurdlarından danışanda, ilk növbədə, onun köklərinə nəzər salmaq lazımdır. Cənubi Qafqazda gəlmə etnos olan ermənilərin "böyük Ermənistan" mifik xülyası və torpaqların əsl sahibi olan xalqın maddi və qeyri-maddi mədəni irsini mənimsəmək və erməniləşdirmək iddiası açıqlanmalıdır. Bəllidir ki, ermənilər tarixdə olmayan "böyük Ermənistan" və "böyük erməni mədəniyyəti" niyyətlərini reallığa çevirmək üçün bir sıra çirkin üsullara əl atırlar. Ermənilərin intellektual və maddi mədəniyyət oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları onlarda ənənəyə çevrilmişdir.

Ermənilər özlərinə mədəniyyət yaratmaq üçün dastan, bayatı, atalar sözləri, nağıl və lətifələrimizi, aşıq yaradıcılığını, musiqi, mahnı və rəqslərimizi mənimsəyir və özününküləşdirir, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərinə çıxırlar. Daş-at və Daş-balıq abidələrimizin ermənilərə aid olmasını "sübut" etmək üçün "dənizkənarı" ermənilər, "atlı" ermənilər, tarixdə bəlli olmayan erməni çarları sülaləsi və Gəmiqaya barədə uydurmalar, absurd fikirlər irəli sürürlər. Nizaminin Şirininin erməni, Xosrov Pərvizin sarayındakı musiqiçilərin başçısı Sərkeşin "Sarkis" olması, Möminə-Xatun türbəsinin "ermənilər tərəfindən tikilməsi" və Dədə Qorqudun müəyyən fəsillərinin ermənilər tərəfindən yazılması haqqında absurd "elmi-tarixi fikirlər" də ermənilərin "yaradıcılığı"dır. Bu gün, üstəlik, Bakı şəhərinin yaranması və tikilməsini də ermənilər öz adlarına çıxarırlar.

Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq borcumuzdur. Prezident İlham Əliyevin dediyi kimi: "Mən dəfələrlə demişəm və təkrar edirəm ki, biz informasiya hücumuna keçməliyik". Ölkəmizin başçısının bu sözlərinə əməl edərək erməni oğurluqlarına qarşı müdafiə mövqeyindən imtina edib, hücum mövqeyini seçərək ermənilərin əməllərini, oğurluq ənənələri onların öz dili ilə və mənbələri əsasında ifşa edilməlidir.

Agentlikdə hazırlanmış erməni plagiatçılığını ifşa edən "Gəldim, gördümE mənimsədim" kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə ingilis və fransız dillərində yenidən nəşr edilmiş, agentliyin məsləhəti və dəstəyi ilə Azərbaycan, ingilis, rus və türk dillərində "Azərbaycan musiqi alətləri" və "Uydurulmuş tarixdə erməni soyqırımı" kitabları çap edilmişdir. "Armyanskiye inarodnıe skazki" ("Erməni yadelli nağılları") kitabı isə rus və ingilis dillərində yenidən çap edilmiş, Azərbaycan və türk dillərində isə çapa hazırlanmışdır.

Ancaq bu gün bir daha qeyd etməliyik ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və Ermənistan tərəfindən buradakı mədəni irsimizin maddi nümunələri talan edilir, üstəlik, qeyri-maddi mədəni irsimiz, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyildir.

Bildiyiniz kimi, mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı - mənəvi gücü və qüdrəti təbiət və doğma torpaqla bağlıdır, müvafiq coğrafi arealda inkişaf edərək qorunub saxlanılır.

"İnsan - yaşadığı iqlim və məkan", "bədii şüur - doğma torpaq", "yaradıcı təfəkkür - təbiət" kimi etnoloji və etnoqrafik üzvü əlaqələr yaradıcılığı və mədəni ənənəni yaşatdırır.

Bir milyon qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında yaradıcılıq və ənənələrini yaşatmaqdan da məhrum olunmuşdur. Azərbaycanın təkrarolunmaz guşəsində, dünya ictimaiyyəti tərəfindən konservatoriya kimi qəbul edilmiş Qarabağda musiqi mədəni ənənələrimizi yaşatmaq mümkün olmur. Bu isə Azərbaycanın mədəni müxtəlifliyinə vurulan digər zərbədir.

Nəhayət, liberalizmin klassiki Fridrix fon Xayekin dediyi kimi, mədəni ənənələr, instinkt və zəka arasında yerləşərək instinktdən nisbətən cavan, zəkadan isə daha qədimdir. Belə ki, mədəniyyət nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Mədəni ənənələrin daxili qüdrəti ilə yanaşı, böyük iqtisadi gücü də vardır. Bunların təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Bu da bizə işğalçı siyasət nəticəsində vurulan digər zərbədir.

Odur ki, ərazilərimizə göz dikən, "böyük Ermənistan" xülyası ilə yaşayanlara və ərazi iddialarını "əsaslandırmaq" üçün maddi və qeyri-maddi irsimizə təcavüz edənlərə qarşı mübarizə aparılmış və aparılacaqdır. Çünki "mədəniyyətin qəlbi, qəlbin mədəniyyətidir"sə, işğalçı qəlbinə mədəniyyət yaddır.

Odlar yurdu Azərbaycanın odla, alovla bağlı müqəddəs ənənəli torpağında Kitab və Müəlliflik hüququna aid tədbirdə çıxışımı bir kəlamla bitirirəm: "Kitab və müəlliflik ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsus olur".

Sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qurumun baş direktoru İrina Bokovanın Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciətini oxumuşdur.

Ombudsman Elmira Süleymanova çıxışında erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyini bildirmişdir. Mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımızın min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığı, bu mənfur siyasətin məqsədinin azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olduğu diqqətə çatdırılmışdır. Diqqətə çatdırılmışdır ki, qan yaddaşına şovinizm hakim olan ermənilərin xalqımıza olan tarixi münasibəti heç də dəyişməmişdir.

Konfransda həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın "Erməni təcavüzü nəticəsində pozulmuş insan hüquqlarının, o cümlədən mədəni hüquqların müdafiəsində ombudsmanın rolu" məruzəsi və Kamran İmanovun "Müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları müasir mərhələdə" mövzusunda təqdimatı dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

Tədbirdə Milli Məclisin deputatları, hökumət qurumlarının nümayəndələri, ziyalılar və KİV-in əməkdaşları iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 6.