Cakartada "Azərbaycan albomu" adlı kitab nəşr olunmuşdur

 

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə Cakartada "Azərbaycan albomu" adlı kitab nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, ingilis və İndoneziya dillərində nəfis şəkildə tərtib olunmuş kitabın forzasında Azərbaycanın tarixi abidələrinin əks olunduğu xəritəsi verilmişdir.

Kitab Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyevın "Ön söz"ü ilə açılır. Burada qeyd olunur ki, səfirlik indiyədək ölkəmizin tarixi, iqtisadiyyatı və mədəniyyəti, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən altı kitab və broşür nəşr etdirmişdir. Səfir kitabın ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edir, eyni zamanda, Xarici İşlər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın köməyini yüksək qiymətləndirir.

Kitabda Azərbaycanın dövlət himninin mətni, bayraq və gerbinin təsviri əks olunmuş, ölkəmizin coğrafi, siyasi və iqtisadi göstəriciləri haqqında faktlara yer verilmişdir.

Nəşrdə 20 Yanvar faciəsindən bəhs edən geniş yazı, eləcə də qanlı hadisə ilə bağlı fotoşəkillər əksini tapmışdır. Yazıda bildirilir ki, Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya hücum edərək dinc sakinlərə qarşı amansız qırğın törətmişlər. Buna baxmayaraq, Azərbaycan xalqı üzləşdiyi bütün çətinliklərə əzmkarlıqla sinə gərərək azadlıq mübarizəsini sona qədər davam etdirmiş və 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyə qovuşmuşdur.

Kitabda qədim və müasir Bakı haqqında fotoşəkillər və şərhlərə geniş yer verilmişdir. Qeyd edilir ki, Bakı qədim və orta əsr memarlıq abidələri, eləcə də müasir tikililərlə zəngin şəhərdir. Bakıda fərqli mədəniyyətləri, dinləri təmsil edən xalqlar sülh və dostluq şəraitində yaşayırlar.

Yeni nəşrdə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə elm, mədəniyyət, incəsənət, təhsil və səhiyyənin inkişafı istiqamətində görülmüş mühüm işlərlə bağlı geniş məlumat verilir, son vaxtlar Azərbaycan muğamının, xalçalarının beynəlxalq miqyasda təbliği istiqamətində əldə olunmuş nailiyyətlərdən bəhs edilir.

Nəşrdə indoneziyalı oxuculara əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın neft strategiyası, həyata keçirilən qlobal və regional enerji layihələri, eləcə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında da təfərrüatlı məlumatlar yer almışdır.

Azərbaycanın ləziz milli mətbəxi, turizm potensialı ilə bağlı məlumatların da öz əksini tapdığı kitabda qeyd edilir ki, ölkəmiz özünün əlverişli iqlim şəraiti, füsunkar təbiəti, zəngin mədəniyyəti, tarixi memarlıq abidələri, fauna və florası ilə turistlərin diqqətini getdikcə daha çox cəlb edir. Təkcə 2009-cu ildə Azərbaycanı iki milyondan artıq turist ziyarət etmişdir.

Kitabda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən demokratik islahatlar, gənclərə dövlət qayğısı, eləcə də idman, müdafiə sənayesi sahələrində qazanılmış nailiyyətlərdən də geniş bəhs edilir.

Nəşrdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində Azərbaycan rəhbərliyinin göstərdiyi səylər, eləcə də Xocalı faciəsi ilə bağlı həqiqətlər tarixi faktlarla öz əksini tapmışdır. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış "Xocalıya ədalət" Beynəlxalq kampaniyası haqqında geniş məlumat verilir, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilər tərəfindən evlərin və tarixi abidələrin dağıdılması faktları fotoşəkillərin müşayiəti ilə indoneziyalı oxucuların diqqətinə çatdırılır.

 

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 5.