Tarixi saxtakarlıq

 

Ermənilər bu yolla vandal hərəkətlərini pərdələməyə çalışırlar

 

İki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə yönəlmiş soyqırımı, terrorçuluq kimi cinayətlərə dəstək verən, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları böyük tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək əsassız fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. Bir qayda olaraq hər ilin aprel ayında qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələmək istəyir, özləri haqqında "məzlum və əzilən millət" imici yaratmağa davamlı səylər göstərirlər.

Müsəlmanlara, əsasən də türklərə qarşı hər zaman düşmən mövqeyindən yanaşan ermənilər hər il qondarma "soyqırımı" iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına yönəlmiş genişmiqyaslı kampaniya aparırlar. 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya "1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi" kimi iftira xarakterli kampaniya da erməni mifomaniyasının təhlükəlilik dərəcəsini aşkar nümayiş etdirir. Təəssüflə vurğulamaq lazımdır ki, Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq ikili standartlara yol verən bəzi dövlətlər və təşkilatlar bu məsələdə erməniləri şirnikləndirmək yolu tutublar. Son illərdə qondarma "erməni soyqırımı" məsələsinin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması da həmin ədalətsiz və qərəzli münasibətin əyani təzahürü kimi diqqəti çəkir. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ermənilərin qondarma iddialarını dəstəkləyən həmin dövlətlər və təşkilatlar əslində tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən erməni məsələsindən Türkiyəyə qarşı "təzyiq vasitəsi" kimi yararlanmış həmin qüvvələr bu gün də rəsmi Ankaraya təsir göstərmək üçün qondarma "erməni soyqırımı" iddialarından bəhrələnirlər. Açıq demək lazımdır ki, məsələnin mahiyyətində bəzi dövlətlərin ermənilərə rəğbəti deyil, daha çox türk və islam dünyasına olan kin-küdurəti, aşkar qərəzi dayanır.

Məkrli xislətləri ilə yalan və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin dünyanı qondarma "soyqırımı" kampaniyası ilə çaşdırmaq cəhdləri onların mifomaniya ovqatında olduqlarını göstərir. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırıma məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarını zehinlərə yeritmək üçün dəridən-qabıqdan çıxırlar.

Tarixi həqiqətlər isə göstərir ki, ötən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan bu mənfur millət qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törətmişlər. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən "qətlə yetirilməsi" barədə yayılan informasiyaların da cəfəngiyyat olduğunu təsdiqləyir. O dövrün hadisələri ilə bağlı sənədlərlə ümumi tanışlıq deməyə əsas verir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, mərkli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun Şərqində sıx şəkildə yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə baş vermiş, Van, Sason, Adana ərazilərini əhatə etmişdir. 1905-ci ildə hətta türk sultanına qarşı sui-qəsd planlaşdıran ermənilər çirkin niyyətlərini həyata keçirməyə müvəffəq olmamışlar. Həmin vaxt bölgədə fəallaşan və təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı xüsusi zorakılıq və amansızlıq nümayiş etdirmişlər.

1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş və fəal iş aparmasına əlverişli şərait yaranmışdır. 1915-ci ilin əvvəllərində çar Rusiyası Türkiyəyə müharibə elan edərkən məhz ermənilərdən vasitə kimi yararlanmış, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalisini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə nail olmuşdur. Çar II Nikolay türklərə qarşı vuruşmaq istəyən erməni əsgərlərinin digər cəbhələrdən ayrılıb Qafqaz cəbhəsinə gəlmələri üçün xüsusi dekret də imzalamışdır. Türkiyədə yaşayan erməniləri silahlandırıb müharibəyə hazırlamaq, bu ölkənin daxilində üsyanlar təşkil etmək, türk ordusunun arxa cəbhə ilə əlaqəsini kəsmək, rus ordusunun geriyə hərəkətini asanlaşdırmaq üçün daşnak ideoloqlarına külli miqdarda maliyyə vəsaiti ayrılmışdır. Çar Rusiyası Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alacağı təqdirdə, erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara azadlıq və geniş səlahiyyətlər verəcəyi, habelə regionda müstəqil erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı üzərinə müəyyən öhdəliklər də götürmüşdür. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışmışlar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış silahlı ermənilər həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də qətlə yetirmiş, dinc insanlara divan tutmuşlar.

Anadoludan və Qafqazın bəzi vilayətlərindən gətirilmiş 5 diviziyalıq könüllülər dəstəsi Andronikin rəhbərliyi altında yüz min nəfərdən çox günahsız türkü öz doğma ata-baba torpaqlarında ağır işgəncələrlə qətlə yetirmişdir. Türkiyədə fəaliyyət göstərən müxtəlif erməni partiyalarının liderləri, çoxsaylı özək rəhbərləri, həmçinin Eçmiədzin kilsəsinin din xadimləri bu qətliamlar zamanı soydaşları olan daşnaklara hər cür kömək göstərmişlər.

Yaranmış ağır vəziyyətdə Türkiyə hökuməti ölkədə azğınlıq edən erməni dəstələrinin Rusiya ilə işbirliyinin qarşısını almaq və tərksilah etmək, habelə dinc əhalinin təhlükəsizliyini qorumaq üçün onları müharibə zonalarından uzaqlaşdırmaq qərarına gəlmişdir. Osmanlı dövlətinin 1915-ci il 27 may tarixli "Köç" qərarı da ermənilərin müharibə olan bölgələrdən sabit regionlara köçürülməsinin şərtlərini, qaydalarını, mal-mülklərinin haqlarının ödənilməsini, köçürülmə karvanlarının hərəkət istiqamətlərini, onların yollarda qorunmasını, dayanma məntəqələrini, hərəkət xəttini və digər məsələləri özündə əks etdirmişdir.

Həmin dövrdə Türkiyədə ermənilərlə müsəlmanlar arasında müəyyən toqquşmaların qarşısını almaq üçün müvafiq tədbirlər də görülmüşdür. Ermənilərin ağlasığmaz vəhşiliyindən dəhşətə gəlmiş Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa dövlətçilik əleyhinə təxribatla məşğul olan 2345 nəfər cinayətkar erməninin həbsi barədə sərəncam vermişdir. Bundan sonra türk təhlükəsizlik qüvvələri ermənilərin ruslarla işbirliyinə son qoymaq məqsədilə 1915-ci il aprelin 24-də 2345 nəfər erməni təxribatçısını - "Qnçaq", "Daşnaksütyun", "Ramqavar" kimi terrorçu təşkilatlarının fəallarını həbs etmişdir. Həmin şəxslərə qarşı milli-etnik zəmində hər hansı soyqırımı aktı həyata keçirilməmiş, onlar, sadəcə, xəyanətlərinə və dinc əhaliyə divan tutduqlarına görə qanun qarşısında cavab vermişlər. Ermənilərin dünyaya car çəkərək "soyqırımı" adlandırdıqları bu hadisə, əslində, Osmanlı dövlətinin fərmanı əsasında ruslarla işbirliyinə gedən erməni terrorçularının tutulub saxlanmasıdır.

Bu hadisədən dərhal sonra Eçmiədzin katalikosu Gevorq Türkiyədə ermənilərə qarşı guya kütləvi qırğınlar törədildiyi barədə ABŞ prezidentinə teleqram göndərmiş, erməni terrorçularının cəzalandırılmasını "soyqırımı aktı" kimi qələmə vermişdir. O, təcili surətdə "günahsız və əzabkeş" erməni xalqına kömək əlinin uzadılmasını xahiş etmişdir. Çar Rusiyasının ABŞ-dakı səfiri isə Amerika hökumətini bu qondarma "soyqırımı" barədə məlumatlandırmışdı. Həmin mərhələdən etibarən "Daşnaksütyun" və digər erməni terror təşkilatları, Eçmiədzin kilsəsi, bütövlükdə erməni ictimaiyyəti "dənizdən-dənizə böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün qondarma "erməni soyqırımı" iddialarını dünya xalqlarının beyninə yeritmək istiqamətində geniş təbliğat kampaniyasına start vermişlər. O vaxtdan bəri 24 aprel tarixinin Ermənistanda qondarma "soyqırımı qurbanlarının anma günü" kimi qeyd olunmasına başlanılmışdır.

Professor Anar İsgəndərov özünün "Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı" adlı silsilə məqalələrində bu məsələyə toxunaraq yazır: "Erməni ideoloqları dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt Paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdi. Bugünə qədər erməni millətçiləri həmin sənədin əslini fakt kimi heç kəsə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur... Hətta 1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi barədə heç bir sənəd və əmr tapılmayıb. Əksinə, Avropadan gələn məmurlar belə bir faktla rastlaşıblar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarca əmr və göstəriş verilmişdir".

Lakin bütün bunlara baxmayaraq, erməni kilsəsinin bilərəkdən irəli sürdüyü cəfəng fikirlər sonradan Amerika və Avropada erməni lobbisinin fəal iştirakı ilə məkrli bir kampaniyaya çevrilmişdir. Bədnam qonşularımız özlərinin qondarma "soyqırımı iddialarını" ilk dəfə 1965-ci il aprelin 20-də Uruqvayda tanıdılmasına nail olmuşlar. 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərəzli qərara imza atmışdır. Daha sonra bir sıra dövlətlər, o cümlədən Avropa Parlamenti qondarma "erməni soyqırımı"nı tanımaq barədə qətnamə və bəyanat qəbul etmişdir. Təkcə 2010-cu ildə ABŞ və İsveçin qanunverici orqanları müvafiq qətnamə layihəsini təsdiqləmiş, Böyük Britaniya və İspaniya isə erməniləri məyus etmişdir. Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası isə Azərbaycan diasporunun fəal iş aparması nəticəsində "erməni soyqırımı"nın tanınması haqqında ədalətsiz qərarını ləğv etmişdir.

Qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdirmişlər. Belə qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini "xristian klubu" kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma "erməni soyqırımı"nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik, Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdür.

Ermənistanın Türkiyəyə qarşı qondarma "soyqırımı" iddialarının son illər genişlənməsi həm də Dağlıq Qarabağ ətrafındakı proseslərlə bilavasitə bağlıdır. Rəsmi Ankaranın Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi "soyqırımı" iddialarını genişləndirməklə Türkiyəyə təsir göstərməyə çalışır. Bu həqiqəti zaman keçdikcə, ayrı-ayrı dünya dövlətləri də yaxşı başa düşür, erməni məkrinə inanmırlar. Sadəcə, Türkiyənin regionda artan nüfuzu və rolu ilə barışa bilməyən bəzi dövlətlər "erməni soyqırımı" məsələsindən siyasi alət kimi istifadə edərək Ankaraya təzyiq göstərməyə çalışırlar.

Ümumiyyətlə, səbəbindən asılı olmayaraq, "erməni soyqırımı" ilə bağlı belə cəfəng iddialar həm də Türkiyəni Ermənistana münasibətdə yumşalmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq məqsədi güdür. Müşahidəçilərin fikrincə, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində sadalanan amillər mühüm rol oynayır: həmin ölkələrdəki erməni azlığının təsiri; Türkiyəyə qərəzli münasibət; Türkiyəni Avropa Birliyində görməmək istəyi; özünün törətdiyi soyqırıma ortaq axtarmaq cəhdi; din amili; Türkiyəni Dağlıq Qarabağ məsələsində Azərbaycana fəal dəstək verməkdən çəkindirmək cəhdi.

Bütün bunlar göstərir ki, ABŞ-da qondarma "erməni soyqırımı" ilə bağlı son illər daha da genişlənən kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin iflasa uğradığına heç bir şübhə yoxdur. Zaman keçdikcə, bədnam qonşularımızın "soyqırımı" iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür, ermənilərin yalançı göz yaşlarına inanmırlar.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 5.